Ana Sayfa > Karusel / Region > “Zəngəzur dəhlizi”: Bakı-Tbilisi-Qars yoluna alternativ, yoxsa rəqib?

“Zəngəzur dəhlizi”: Bakı-Tbilisi-Qars yoluna alternativ, yoxsa rəqib?


24-11-2021, 09:10. Yazar: Admin
“Zəngəzur dəhlizi”: Bakı-Tbilisi-Qars yoluna alternativ, yoxsa rəqib?

Rəsmi Bakı Yerevandan 10 noyabr atəşkəs razılaşmasına əməl edib, Naxçıvana dəhliz verməsini tələb edir. Hələlik, Naxçıvana dəhlizin açılması ilə bağlı yekdil qərar yoxdur.

Avtomobil və dəmir yolu ilə əlaqə nəzərdə tutulan bu dəhliz açılsa, Azərbaycan hazırda eksklavda olan Naxçıvanla quru yolla birləşəcək. Naxçıvanın Türkiyə ilə birbaşa quru əlaqəsi olduğundan, Azərbaycanın əsas ərazisindən Naxçıvana quru əlaqə həm də Azərbaycanın Türkiyə ilə birbaşa quru əlaqəsini təmin edə bilər.

Bir neçə ilə əvvəl Azərbaycan Türkiyə ilə dəmir yolu əlaqəsi üçün başqa biri iri layihəni - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçirib. O zaman Naxçıvana Ermənistan ərazisindən dəmir yolu işə düşərsə, Azərbaycana 746 milyon dollara başa gələn Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmi azalmayacaq ki?

Gürcüstanın Rondeli Fondunun araşdırmaçısı Zurab Batiaşvili düşünür ki, Naxçıvana dəhliz veriləndən sonra Azərbaycanın Türkiyə ilə əlaqə üçün iki alternativi olacaq. Bu da rəqabət yaradacaq. Məsələn, Gürcüstan çalışacaq ki, daha yaxşı şərtlər irəli sürsün. Amma Zurab Batiaşvilinin fikrincə, burada önəmli bir məqam var. Yeni dəhlizə kim nəzarət edəcək?

“Ola bilər ki, bəzi məhsullar Naxçıvana yeni yolla daşınsın. Amma silah və digər daşımalar Gürcüstan üzərindən Türkiyə vasitəsilə daşımaq məqsədə uyğun olacaq”.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Mərkəzi Asiya və Çini Avropa ilə birləşdirməyi nəzərdə tutur. Bu layihəni reallaşdırması üçün Azərbaycan öz xərclərindən savayı, Gürcüstana da illik 1 faizlə 25 illik 775 milyon dollar kredit ayırmağı nəzərdə tutub, amma bu vəsaitin hamısının Tbilisiyə verilib-verilmədiyi haqda dəqiq məlumat yoxdur.

Türkiyə parlamentinin keçmiş millət vəkili, Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan da düşünür ki, yeni yolun açılması ilə Azərbaycanla Türkiyə arasında daşımaların müəyyən bir hissəsi yeni dəhlizin payına düşəcək:

“Özəlliklə də Çindən gələcək “İpək Yolu”nun davamı kimi bu yolda sıxlıq yaranacaq. Bu halda həm bu yoldan, həm də Bakı-Tbilisi-Qars yolundan istifadə olunacaq. Mən bu yol açıldığı yalda, digərinin önəminin azalacağını düşünmürəm. Ola bilər ki, bir müddət yük və sərnişin daşımalarının bir hissəsi yeni yolun üzərinə keçsin. Amma mən hesab edirəm ki, bölgədə sülh olandan sonra hər iki yol əsas kommunikasiya imkanı verəcək”.

İqtisadçı alim Qubad İbadoğlu isə hesab edir ki, Naxçıvan dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə rəqabətə girə bilməsi üçün böyük vəsait tələb olunur. Çünki Bakı-Tbilisi-Qars-layihəsinin məqsədi malların Bakının Ələt limanı vasitəsilə Mərkəzi Asiyaya və ordan da geri, Avropaya daşınmasıdır. Naxçıvan dəhlizinin buna alternativ olması isə indilik real görünmür:

“Məsələn, Bakıdan Horadizə gedən yolun yenidən qurulması yüz milyonlara dollar vəsait tələb edəcək. Naxçıvandan Horadizə gedəcək yeni yolun sürətli etmək imkanı var, amma Naxçıvan daxilində sürətli yol imkanı azdır. Bakı-Horadiz yolun infrastrukturu da sürətli daşımalara imkan vermir. Mən hesab edirəm ki, Bakı-Tbilisi-Qars yolu rəqabətdə önə çıxacaq”.

Ümumilikdə, Bakı-Tbilisi-Qars dəmir yolunun elan olunan əsas məqsədi əsasən Azərbaycana İpək yolu vasitəsilə gəlmiş yüklərin Türkiyəyə və ya əksinə, Türkiyədən gələn malların Orta Asiyaya çatdırılmasıdır. Amma Naxçıvana quru yolunun açılmasından əsas məqsəd Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsinin qurulmasıdır.

Lakin bu əlaqə sonradan həm Türkiyənin bu yolla yükələri Orta Asiyaya, ya da əksinə, Mərkəzi Asiyadan yüklərin Türkiyəyə ötürülməsi üçün də istifadə edilə bilər. Digər yandan da, Rusiya rəsmiləri də bir neçə dəfə bəyan ediblər ki, Naxçıvana dəhlizin açılması Rusiyaya da ağır yükləri dəmir yolu ilə Bakıya, ordan da Horadizə və daha sonra Ermənistana çatdırmağa imkan verərdi.

Amma hələlik Naxçıvana yeni yolun açılıb-açılmayacağı, Sovet hakimiyyəti illərində mövcud olan bu yolun bərpa edilərsə, hansı şərtlərlə işləyəcəyi tam aydın deyil.

2020-ci ildə, Azərbaycan 44 günlük müharibədə Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayonu erməni qüvvələrinin işğalından azad edib.

Həmin ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan atəşkəs razılaşmasına əsasən, Laçından Qarabağdakı erməni yaşayış məskənlərinə yol, Ermənistan ərazisindən isə Azərbaycanın Naxşıvan ərazisinə maneəsiz əlaqəsinin təmin olunması nəzərdə tutulur. Hər iki yola da Rusiya qüvvələrinin nəzarət etməsi nəzərdə tutulur.

Hazırda Qarabağdakı erməni icmaları üçün Laçından dəhliz fəaliyyət göstərsə də, hələlik Zəngəzur istiqamətində Naxçıvana dəhliz açılmayıb. (Azadliq.org)


Geri dön