Ana Sayfa > Karusel / Siyasət > Türkiyəli ekspert: “ABŞ-ın özünün demokratik təkmilləşməyə ehtiyacı var”

Türkiyəli ekspert: “ABŞ-ın özünün demokratik təkmilləşməyə ehtiyacı var”


23-11-2021, 14:22. Yazar: Admin

Türkiyəli ekspert: “ABŞ-ın özünün demokratik təkmilləşməyə ehtiyacı var”

“ABŞ prezidenti Co Baydenin dəvətilə keçiriləcək “Demokratiya sammiti” bir çox cəhətdən tənqidəlayiqdir”.

Qarabaginfo.az xəbər verir ki, Apa-ya bu fikirləri Yıldız Texniki Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Mehmet Akif Okur bildirib.

Amerikaşünas ekspertin fikrincə, ABŞ Prezidenti Co Bayden dekabrın ilk ongünlüyündə keçirməyi planlaşdırdığı virtual “Demokratiya sammiti”ndə iştirak edəcək ölkələrin siyahısına nəzər yetirdikdə, öncə ABŞ-ın özünün demokratik təkmilləşməyə ehtiyacı olduğu görünür.

“ABŞ hazırda elə bir ölkədir ki, vətəndaşlarının əhəmiyyətli bir hissəsi son prezident seçkilərinin ədalətli keçmədiyinə inanır. Bu seçkilərdə ən önəmli gündəm mövzusu struktur xarakteri ilə seçilən irqçilik idi. Buna görə də digər ölkələr kimi, ABŞ da ideal demokratiya üçün uzun bir yol getməlidir”, - deyə ekspert qeyd edib.

Siyahıdakı ölkələrlə dəvətdən kənar tutulanları müqayisə edən ekspert bildirib ki, siyahıdakı bəzi ölkələr əsas demokratik standartlara cavab vermir: “Filippin Prezidenti Rodriqo Duterte insan haqlarını heç sayır, amma Filippin siyahıdadır. Demokratik sistemə olan inamın durmadan zəiflədiyi İraq siyahıdadır. Yenə də avtoritarizmdə günahlandırılan Modinin rəhbərlik etdiyi Hindistan dəvət olunanlar arasındadır. Siyahıda Ermənistan da var. Azərbaycan və Türkiyənin adı isə yoxdur. Ona görə ki, bu siyahı tərtib edilərkən demokratiyadan başqa kriteriyaların da nəzərə alındığı açıq-aşkar şəkildə görünür”.

Strateji Düşüncə İnstitutunun direktoru, istefada olan general-mayor Güray Alper də APA-nın yerli bürosuna açıqlamasında amerikalıların təxminən yarısının hökumətin ümumxalq səsverməsi ilə seçildiyinə inanmadığını vurğulayaraq bildirib ki, ABŞ Administrasiyasının özü artıq demokratik baxımdan mübahisəli hesab edilir: “ABŞ-da iğtişaş törədib Senata hücum etmək səhnəsindən hələ bir il belə keçməyib. Üstəlik, iştirak edəcək ölkələr də mübahisəlidir və seçilmiş ölkələr ABŞ tərəfdarı təəssüratı yaradır”.

G.Alper deyib ki, ABŞ getdikcə demokratiyanı təmsil edən ölkə mövqeyindən uzaqlaşır və bu, artıq bəzi seqmentlər istisna olmaqla, dünyanın əksər hissəsi tərəfindən ciddi qəbul edilmir.

“ABŞ Administrasiyası bu cür səhvlərdən tez bir zamanda dönməli və sülhə xidmət edəcək real təşəbbüslərə üz tutmalıdır”, - deyə istefada olan general vurğulayıb.

Türkiyənin İstanbul Altınbaş Universitetinin dosenti, qrafologiya üzrə ekspert Eray Güçlerın də fikrincə, “Demokratiya toplantısı” adı altında əslində ABŞ-ın məqsədi dünyaya demokratiyanı gətirmək deyil, öz mənfəətlərinə uyğun beynəlxalq baza yaratmaqdır: “Bunun üçün də demokratiya ilə idarə olunan ölkələri bu konfransa dəvət etmək əvəzinə, öz mənafeyinə uyğun olacağını düşündüyü ölkələri dəvət edir. Türkiyə, Azərbaycan, Rusiya, Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələri kənarlaşdırmaqla bu ölkələrə təzyiq göstərmək siyasəti yürüdür”.

E. Güçlüer onu da deyib ki, ABŞ-ın bütün dünyadakı fəaliyyətlərinə nəzər yetirildikdə demokratiya uğrunda mübarizə apardığı görünmür: “Bu gün demokratiyanı bərqərar etmək bəhanəsi ilə, “Ərəb baharı” adı ilə “ərəb yanğını” başlatdı. Ərəb ölkələrində olduğu kimi, Afrika ölkələrində də eyni mənzərəni görürük. Odur ki, getdiyi ölkələrə qan və göz yaşları aparan ABŞ-ın “Demokratiya sammiti” saxtadır”.


Geri dön