Ana Sayfa > Karusel / Cəmiyyət > Şuşada ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb

Şuşada ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb


22-11-2021, 09:02. Yazar: Admin

Şuşada ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb

 


Bu gündən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi” (MESD) proqramının tətbiqinə başlayıb.

Şuşa Qoruq İdarəsindən Qarabaginfo.az-a verilən məlumata görə, proqram sənədlərin icrasında operativliyin və effektivliyin artması, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcəkdir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib ki, Şuşa özünün intibah dövrünü yaşayır, şəhərdə irihəcmli infrastruktur layihələri həyata keçirilir, erməni işğalı zamanı dağıdılmış tarixi abidələr bərpa olunur: “Bir çox yerli və xarici şirkətlər Şuşanın bərpasında iştirakdan qürur duyur, amma bu işlərin operativ təşkili, həm dövlət, həm də özəl şirkətlərlə sənəd dövriyyəsinin müasir formada təmin olunması vacib prioritetlərdən birinə çevrilib. Müasir tələblərə cavab verən hər bir təşkilatda sənəd dövriyyəsinin elektronlaşdırılması tapşırıqların icrasının effektivliyini, əməkdaşın iş qabiliyyətini və bacarıqlarını müəyyən edən əsas amillərdən biridir. Bu baxımdan qeyd olunan sahədə böyük təcrübə qazanmış “ASAN xidmət”lə əməkdaşlığa başlamağımızı vacib mərhələ kimi qiymətləndiririk.”

Noyabr ayının 17-də “Elektron Hökümətin İnkişafı Mərkəzi”nin (EHİM) direktoru Fariz Cəfərov Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi və əməkdaşları üçün MESD, “ASAN Login”, “myGov”, İnsan resurslarının idarə olunması sistemi və digər uğurlu layihələr haqqında ətraflı məlumat verib. Təqdimat zamanı Fariz Cəfərov dövlət qurumları tərəfindən göstərilən xidmətlərin “ASAN xidmət index”i vasitəsilə qiymətləndirildiyini bildirib.

Treninqin sonunda süni intellekt, “Big Data” texnologiyasına artan tələbat və 4-cü sənaye inqilabı dövründə Azərbaycanın çağırışları mövzusunda da fikir mübadiləsi aparılıb.


Geri dön