Ana Sayfa > Karusel / Multimedia > Oğlunu tutdurdu, atasına “səni də içəri basarıq” dedi və 360 min dollara “işi həll etdi”

Oğlunu tutdurdu, atasına “səni də içəri basarıq” dedi və 360 min dollara “işi həll etdi”


21-11-2021, 22:17. Yazar: Admin

Bir aydan artıqdır ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin İstintaq İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və onunla birgə mühakimə olunan üç MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hakim önünə general-mayorla yanaşı MTN-in İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov və şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov çıxarılıblar. Məhkəmə prosesinə jurnalistlər buraxılmır, mətbuat nümayəndələrinin iştirakına icazə verilmir.

virtualaz.org -un xəbərinə görə, Şıxəliyev və digərləri mütəşəkkil dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə ələ keçiriblər. “MTN işi” üzrə zərərçəkənlərdən biri də iş adamı Bahəddin Sultanovdur.

 

Əvvəllər “JEK” rəisi və Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi işləmiş B.Sultanov sonradan bizneslə məşğul olub. Bakı-Sumqayıt yolunun “VAZ-ın kruqu” deyilən hissəsində 4 hektar torpaq sahəsi alaraq orada mal-qara saxlamaq üçün fermalar, inzibati binalar tikdirərək bütün bunları oğlu İntiqam Sultanovun adına sənədləşdirib.

Banka girov qoyulan torpaq sahəsi və fermalar

İstintaqa verdiyi ifadəsində B.Sultanov göstərib ki, 2007-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirirdi. Amma tikinti işlərini tamamlamaq üçün vəsaiti çatmadığından kredit götürmək üçün Bakıya gəlib. O, ailəvi dostluq münasibətində olduğu “Texnikabank” ASC-nin Bakı filialının müdiri Zal Yusifovun (dələduzluqda və mənimsəmədə təqsirləndirilərək həbs edilib-red.) yanına yollanıb, ondan 1 milyon dollar kredit istəyib.

Z.Yusifov da razılaşıb. Ona oğlunun adına olan fermanı və torpaq sahəsini  banka girov qoymaqla kredit götürə biləcəyini deyib. İş adamı oğluna fermanın və torpağın sənədlərini götürüb Z.Yusifovun yanına getməyi, kredit müqaviləsi bağlamağı tapşırıb.

 “İntiqamla Zal Yusifov arasında 1 milyon dollar kredit verilməsinə dair müqavilə imzalandı. Müqavilə Xırdalan şəhərində 1 saylı notariat kontorunda tərtib edildi”,-zərərçəkmiş ifadəsində deyir.

Adı olub, özü olmayan 1 milyonluq kredit

 İş adamı deyir ki, 1 milyonluq kredit müqaviləsi imzalanmasına baxmayaraq “Texnikabank”ın filial rəhbərindən pulu ala bilməyiblər. Z.Yusifov İ.Sultanova guya pulu alması barədə sənədlərə qol çəkdirib. Pulun ayrıldığını, sadəcə bankda nağd pul olmadığından işin gecikdiyini deyib və kredit verməkdən yayınıb. İş adamı filial müdirindən ya pulu verməyi, ya da kredit müqaviləsinə xitam verib torpağın və fermanın sənədlərini geri qaytarmasını tələb edib. Z.Yusifov isə ona kreditin guya ödənildiyi, banka borcu olmadığı haqda arayış verib, torpağın sənədlərini qaytarıb. Bir müddət sonra B.Soltanov həmin fermanı və torpağı 810 min manata sataraq pulun bir hissəsini Alma-Atadakı tikintiyə yönəldib, qalanını isə evdə saxlayıb.

 

Masisli qəssab Əlinin nəvəsi deyir: “Zal Yusifovla birlikdə dövlətin pulunu yeyəndə bilmirdiniz axırı belə olacaq?”

B.Sultanovun ifadəsinə görə, 2009-cu ilin əvvəlində oğlu İ.Sultanov MTN-nin müstəntiqi Vüsal Ələkbərov tərəfindən nazirliyə çağırılıb.

B.Sultanov bildirir: “Oğlumla birlikdə mən də getdim. Müstəntiq Masis rayonundan olduğumu biləndə anasının da həmin rayonun Mehmandar kəndindən qəssab Əlinin qızı olduğunu dedi. Atam Abdullanın qəssab Əliylə dost olduqlarını, onu yaxşı tanıdığımı dedim. Müstəntiq bizə “Zal Yusifovla birlikdə dövlətin pulunu yeyəndə bilmirdiniz axırı belə olacaq?”deyə bildirdi. Müstəntiqə belə halın baş vermədiyini, kreditin faktiki olaraq götürülmədiyini, bu barədə notariusda sənəd olduğunu desəm də, xeyri olmadı. Müstəntiq bankdan əslində götürmədiyim 1 milyon dolları ödəməyi tələb etdi”.

General Rasim Musayev dostuna görə Mövlam Şıxəliyevə zəng vurub

Bu minvalla iş adamı ilə oğlu dəfələrlə MTN-ə çağırılaraq sorğu-sual ediliblər. B.Sultanov torpağın girovluqdan azad edilməsi haqda notariusun məktubunu təqdim etdikdə, müstəntiq məktubun boş sənəd olduğunu deyir və krediti ödəməyi tələb edir. Əli hər yerdən üzülən iş adamı başına gələnləri vaxtilə Binəqədi rayon Polis İdarəsinin rəis müavini işləyən dostu Rasim Musayevə (general Rasim Musayev vəfat edib-red.) danışıb: “Rasim Musayev MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub, məni incitməməyi, nə söhbət varsa danışaraq həll etməyi tapşırıb. Bundan sonra müstəntiq məni yenidən nazirliyə çağırdı”.  

“Yuxarı”nın göstərişi belədir: “500 min dollar gətirməlisən”

Bu dəfə müstəntiq V.Əkbərov iş adamını yenidən MTN-ə çağırıb deyir ki, R.Musayevin zəngindən sonra  general Mövlam Şıxəliyev məsələni “yuxarıya” (Eldar Mahmudovu nəzərdə tutub-red.) məruzə edib. “Yuxarı”dan isə deyiblər ki, bu işin həlli üçün 500 min dollar lazımdır. Pul veriləcəyi təqdirdə oğlu İ.Soltanovun adının kredit götürüb qaytarmayanların siyahısından çıxarılacağı bildirilib.

 

“Müstəntiqə dedim ki, hörmət əlaməti olaraq yalnız dörd-beş min manat verə bilərəm. Mənə dedi ki, onda bizdən küsmə, nəticə yaxşı olmayacaq. 2009-cu ilin iyununda iki dəfə öz otağına çağırıb tezliklə krediti qaytarmağımı tələb etdi. Oğluma və mənə heç kimin kömək edə bilməyəcəyini, rəhbərliyin tapşırığı olduğunu dedi. Hətta həmin ərəfədə Mövlam Şıxəliyev də müstəntiqin otağına gələrək məni təhqir edərək krediti ödəməyimi tələb etdi”, - B.Sultanov bildirir.

“Mövlam Şıxəliyev deyir ki, səni də tutub içəri salaq”

Nəhayət, iyun ayının 15-də iş adamının oğlu MTN əməkdaşları tərəfindən həbs olunur. Oğlu həbs olunsa da B.Sultanovdan yenə də əl çəkmirlər. Müstəntiq iş adamını yenə də yanına çağırır, ona “rəhbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni də tutub içəri salaq” deyir: “Qorxub Vüsaldan kömək istədim. O da dedi ki, Mövlam Şıxəliyevə məruzə edim, görüm nə deyir. On dəqiqədən sonra geri qayıdıb Mövlam Şıxəliyevin 360 min dollar tələb etdiyini, əks halda həbs olunmağımı göstəriş verdiyini dedi. Pulu həm məni tutmamaq, həm də oğlumu həbsdən azad etmək üçün istəyirdi. Məcbur olub razılaşdım”.

“Pulu verdik, bir daş altda, bir daş üstə”

Müstəntiq iş adamından özü üçün də əlavə olaraq 10 min manat istəyib. Hətta övladının canına and içərək 360 min dollardan ona heç nə çatmadığını deyib. Həmin gün qardaşı Mirzə Paşayevlə telefon əlaqəsi saxlayan iş adamı evdən 250 min dolları götürməyi, yerdə qalanını da dost-tanışdan borc yığıb düzəltməyi və MTN-ə gətirməyi xahiş edib.

 

Zərərçəkənin ifadəsindən:  “Müstəntiq dedi ki, pul gəlsin, səni buraxaq, sonra da oğlun İntiqamı buraxarıq. Etiraz etmədim, gecəni müstəntiqin otağında gözlədim. Ertəsi gün müstəntiqin otağına  Mövlam Şıxəliyev daxil oldu,  məni nalayiq şəkildə təhqir edərək müstəntiqdən niyə  içəri hələiçəri  salınmadığımı soruşdu. Müstıntiq ona “rəis, indi gəlirlər, çatırlar” dedi. Günorta saatlarında qardaşım kirvəmizlə birgə müstəntiqin otağının qarşısına gəldi. İçəri girmədən mənimlə uzaqdan salamlaşdı. Müstəntiq qardaşım və kirvəmlə birgə Mövlam Şıxəliyevin otağına getdi. Geri qayıdıb mənimlə bir az söhbət elədi, dedi ki, pulu verdik, bir daş altda, bir daş üstə. Səni tutmayacayıq, oğlunu da buraxacayıq, puldan mənə bir qəpik çatmır, mənim də şirinliyimi gətir”.

 

MTN-nin hasarının tinində müstəntiqə verilən şirinlik

Həmin gün günorta saatlarında MTN-dən buraxılan iş adamı axşamtərəfi müstəntiqin “şirinliyi”ni vermək üçün yenidən nazirliyin binasının yaxınlığına gəlib: “Evdən on min dollar götürüb yenidən MTN-ə qayıtdım. Parlament prospekti ilə hərəkət edərək deyilən vaxtda MTN-in hasarının tinində, ara yolda maşında gözlədim. Bir avtomobil gəldi, Vüsal əli ilə işarə etdi, arxasınca gəlməyimi bildirdi. Maşını onun arxasınca sürdüm.  Bir az irəlidə dayandıq. Öz maşınımdan düşüb Vüsalın maşınının arxa oturacağında əyləşdim. Qabaq oturacaqda bir nəfər oturmuşdu, üzünü tam görmədim. On min dolları aldı, dedi, kağız verərəm, oğlunu da götürüb gedərsən”.

İki gündən sonra müstəntiq V.Əliyev B.Sultanova zəng vurub nazirliyə çağırtdırıb. Nazirliyin giriş qapısında oğlunun həbsdən azad edilməsi ilə bağlı qərarı ona verib.

 “Mən də həmin qərarı Bakı İstintaq Təcridxanasına təqdim etdim. İntiqamı həbsdən azad etdilər. İntiqamın işi Zal Yusifovgilin işi ilə birgə məhkəmə göndərildi. Məhkəmədə oğluma 2 il şərti cəza təyin olundu”, - o bildirir.

Qeyd edək ki, general M.Şıxəliyev ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, zərərçəkənləri tanımadığını, onlardan pul almadığını iddia edib, ittiham aktını isə “fərziyyələrlə tərtib olunmuş bədii əsər” adlandırıb...

Virtualaz.org


Geri dön