“Bu ilin 10 ayında dərman alan vətandaş rüsum-vergilərə görə əlavə 200 milyon manata yaxın vəsait ödəyib”.
Yenicag.az xəbər verir ki, bunu Gömrük Komitəsinin siyasətinin arzuolunan səviyyədə olmamasının vətəndaşlar üçün yaratdığı çətinliyi təhlil edən iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Azərbaycan hökumətinin gömrük siyasəti illərdir tənqid edilsə də, nəticəsiz olaraq qalır:
“Gömrüyün əsas vəzifəsi və fəlsəfəsi daxili istehsalçıları qorumaq, daxili istehsalı stimullaşdırmaqdır. Yerdə qalanlar isə bu vəzifəni yerinə yetirmək üçün atılan yan addımlardır. Ölkədə yerli istehsalı olmayan və ya çox cüzi olan mal və məhsullara 15% gömrük rüsumu və 18% ƏDV tətbiqi məntiqsiz olmaqla yanaşı, ölkədəki qiymət artımının əsas səbəblərindən biridir.
Dərman pereparatları sosial məsələdir, insanların sağlamlığına, həyat keyfiyyətinə təsir göstərir. Ölkədə dərman istehsalı yox dərəcəsindədir, amma xaricdən gətirilən dərmanlara rüsum və vergi tətbiq olunur ki, bu da qiymətləri artıran əsas amillərdən biridir.
Rəsmi məlumata görə, ölkədə əzcaçılıq məhsulları istehsalı bu ilin yanvar-oktyabr aylarında kəskin artıb, keçən ilin eyni dövrünə görə artım 90,2% təşkil edir. Bu ilin ilk 10 ayında ölkədə cəmi 8,6 milyon manatlıq əzcaçılıq məhsulları istehsal edilib. Tərkibi isə tibbi maska və dezinfeksiya üçün tibbi spirtdən ibarətdir. Bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə əzcaçılıq məhsullarının satışı 36,3% artaraq 758.6 milyon manat olub. Təsəvvür edin ki, ölkədə 10 ayda 758 milyon manatlıq əzcaçılıq məhsulları satılıb. Bunun cəmi 8 milyon manatını özümüz istehsal etmişik, 750 milyon manatı isə xaricdən alınıb və əzcaçılıq məhsullarının qiymətində azı 35% rüsum-vergi var. Yəni bu gün 10 manata aldığımız dərmanı doğru gömrük-vergi siyasəti aparsaydıq, 6 manat 50 qəpiyə almalı idik”.
Vətəndaşın xaricdən gətirilən dərmanı baha alması ilə yanaşı, 35% rüsum-vergi ödəməsinin qeyri-şəffaf idarəetmədən irəli gəldiyini bildirən Natiq Cəfərli qeyd edib ki, səhiyyə xərcləri azaldılmalı və vətəndaşın cibinə birbaşa təsir edən rüsum-vergiləri aşağı salınmalıdır:
“Məsələn, bu ilin 10 ayında rüsum-vergilərə görə dərman alan vətandaş əlavə 200 milyon manata yaxın vəsait ödəyib. Onsuz da vətəndaşdan toplanan verginin hesabatı verilərək xərclənmir. Ən azından, vətəndaşın cibinə dəyməyin, imkan verin dolansın. Əvəzində neftdən gələn gəlirləri büdcəyə transfer edib xərcləyin, dövlətin ehtiyaclarını oradan qarşılayın”.