Ana Sayfa > Karusel / Sosial > Binalarda istilik yox, otaqlar bumbuz, sakinlərsə dua edir: Bəs Azəristiliktəchizat nə işlə məşğuldur?

Binalarda istilik yox, otaqlar bumbuz, sakinlərsə dua edir: Bəs Azəristiliktəchizat nə işlə məşğuldur?


19-11-2021, 07:37. Yazar: Admin
Binalarda istilik yox, otaqlar bumbuz, sakinlərsə dua edir: Bəs Azəristiliktəchizat nə işlə məşğuldur?sharethis sharing button

Dövlət tərəfindən ayrılan vəsaitlər hesabına çoxlu sayda yeni qazanxanalar  inşa edilib, müasir istilik sistemləri quraşdırılıb. Ancaq buna baxmayaraq Sumqayıt şəhərinin məhəllə və mikrarayonlarında hələ  mənzillər istiliklə təchiz edilməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə konkret.az-ın redaksiyasına müraciət edən 18-ci mikrarayon, 20, 21 və 22 nömrəli binanın sakinləri, həmçinin 17-ci mikrarayonun yaşayışçıları mənzillərinə hələ də istiliyin verilməməsindən şikayət ediblər.

Sakinlər bildiriblər ki, artıq havaların soyuması səbəbindən vəziyyət çətinləşib. Buna görə də, evlərini qızdırmaq üçün qazdan və elektriklə işləyən qızdırıcı vasitələrdən istifadə etməyə məcbur qalıblar. Bu da, kommunal ödənişlərin artması fonunda insanların büdcəsinə ciddi təsir göstərir. Eyni zamanda hamı mənzilini qızdırmaq üçün qazdan istifadə edir və nəticədə mavi yanacağız təzyiqi aşağı düşür. Elektrik enerjisi isə həddindən artıq yükləndiyindən xətlərdə problemlər yaranır və işıqlar sönür.

Sakinlərin sözlərinə görə, havaların soyuması ilə əlaqədar noyabr ayının 15-dən istilik təchizatı həyata keçirilməli olsa da, Sumqayıt şəhərinin 17-ci və 18-ci mikrorayonlarında  yaşayan yüzlərlə sakin hələ də soyuq mənzildə yaşamaq məcburiyyətindədir. “Azəristiliktəchizat” ASC-nin “Sumqayıtistiliktəchizat” İdarəsi problemin həll edildiyini bildirsə də, sakinlər faktiki olaraq binalara istilik verilmədiyini deyirlər.

“Sumqayıtistiliktəchizat” İdarəsinin rəisi Aftandil Nuriyev həmişəki kimi problemi  ört-basdır etməyə çalışır.

Görünür illərdir bu vəzifədə çalışan və öz kreslosundan əl çəkə bilməyən  Aftandil Nuriyevi sakinlərin problemi maraqlandırmır. Xalqa xidmət etməli olan Aftandil Nuriyev ona inanıb vəzifə verən şəxslərin etimadını da yerlə  bir edir. Sakinlər isə soyuqdan donmasınlar deyə, qış fəslinin sərt keçməməsi üçün dua edirlər. Dualar həm də Aftandil müəllimin insafa gəlməsi və problemin tez bir zamanda həllinə göstəriş verməsi üçündür. Allah dualarınızı qəbul etsin əziz Sumqayıt sakinləri!

P.S. Yazıda adıçəkilən şəxslərin və aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq!

 


Geri dön