Ana Sayfa > Karusel / Region > Əli Həsənovun baldızının və oğlunun “Jurnalistlərin binası”ında nə işlə məşğul olduqları açıqlandı

Əli Həsənovun baldızının və oğlunun “Jurnalistlərin binası”ında nə işlə məşğul olduqları açıqlandı


17-11-2021, 23:00. Yazar: Admin

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

virtualaz.org-un xəbərinə görə, prosesdə “Portos” MMC-nin sabiq icraçı direktoru təqsirləndirilən Nadir Məmmədovun dindirilməsi davam edib. N.Məmmədov   ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib: “Bizim layihədən kənara çıxmaq səlahiyyətimiz yox idi. Layihə Fövqəladə Hallar Nazirliyinin Qiymətləndirmə İdarəsi tərəfindən təsdiq edilir, bizə gəlir, biz də icra edirdik. Tikinti ərazisi sürüşmə zonasındadır. Bu səbəbdən də binanın dayaqları üçün üçqat artıq torpaq tökmüşdük. Bu isə layihədə nəzərdə tutulmamışdı. Ona görə də tikintiyə ayrılan puldan əlavə üç faiz nəzərə alınmayan xərclər çıxıb”.

Təqsirləndirilən şəxs deyib ki, binaların tikinti normaları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi var: “Biz də bu göstərişə əməl etmişik. Hər kub betona görə 44 manat ziyan etmişik. İkinci binada ziyana getməyimizə baxmayaraq, ən bahalı materiallardan, liftlərdən, oboylardan istifadə etmişik. Bu gün də gedib o evlərə baxa bilərsiz”.

Dövlət ittihamçısının suallarını cavablandıran N.Məmmədov deyib ki, tikinti zamanı bir haldan başqa bütün ödənişlər köçürmə yolu ilə olub. Onun sözlərinə görə, həm mal-materialların alınması, həm fəhlələrə maaşlarının verilməsi köçürmə yolu ilə olub.

“Yalnız bir dəfə ikinci binanın tikintisi zamanı təsisçi 685 min manat pulu nəğdləşdirdi. O zaman dedim ki, belə etməyək. Çünki pulu nəğdləşdirəndə puldan 30 faiz tutulurdu. “Portos” MMC ikinci binanın tikintisində 3,2 milyon ziyana düşüb. Mən orada maaşa işləmirdim. Oğlumu xaricə işləməyə aparacaqdılar. Bu sözə görə işləmişəm”,-N.Məmmədov bildirib.

 

N.Məmmədova sual verilib: “Binanı tikən şirkətin təsisçi kim idi?”. Təqsirləndirilən isə “Əli Həsənovun baldızı Gülər Vəliyeva” deyə cavab verib.

Təqsirləndirilən şəxs “Sizin Vüqar Səfərli ilə qazanc məqsədi ilə əvvəlcədən hər hansı razılaşmanız olubmu? sualına isə maliyyə məsələlərinə Əli Həsənovun oğlu Şamxal Həsənlinin baxdığını deyib: “Bu sualı ona verin. Mənim Vüqar Səfərli ilə qazanc məqsədi ilə əvvəlcədən hər hansı razılaşmam olmayıb. Kimin kimlə əlaqəsi var, hər şeyi Şamxal Həsənli bilir. Bilirsiz biz orda nə olmuşuq? Hambal!” - deyə cavab verib.

 

Daha sonra digər təqsirləndirilən şəxslər - KİVDF-nin tədbirlərinin təşkil olunduğu “Altun” və “Xəmsə” restoranlarının icarədarları Təmkin Xəlilov və Valeh Orucov ifadə veriblər.

Məhkəmə prosesi noyabrın 18-də davam edəcək.

Xatırladaq ki, Baş prokurorluq tərəfindən qaldırılmış cinayət işinə əsasən jurnalistlər üçün Bakının Bibiheybət ərazisində  çoxmənzilli yaşayış binalarının (ikinci və üçüncü binalar)  tikintisi zamanı 16 milyon manatdan çox vəsaitin mənimsənildiyi üzə çıxıb. Bu iş üzrə Vüqar Səfərli və tikintiyə məsul olan digər şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.

 


Geri dön