Ana Sayfa > Karusel / Qarabağ > Xankəndinin adını “Russkoseliye” etmək istəsələr, təəccüblənməyin

Xankəndinin adını “Russkoseliye” etmək istəsələr, təəccüblənməyin


14-11-2021, 14:04. Yazar: Admin
Xankəndinin adını “Russkoseliye” etmək istəsələr, təəccüblənməyin

Bəs Xocalı qırğınında bilavasitə iştirak edən 366-cı alayın da bir hissəsi olduğu bu ordunun Qarabağa girməsinə icazə verəndə nə gözləyirdik ki? O ordunun ki əsgərləri 613 nəfərin - 63 uşaq, 106 qadın, 70 qoca - ölümündə və 487 nəfərin yaralanmasında (o cümlədən 76 uşaq olmaqla) birbaşa iştirakçı və günahkardır. Üstəlik, onlar 150 nəfər itkinin, o cümlədən 68 qadın və 26 uşağın hələ də taleyinin naməlum olmasında iştirak ediblər.

Amma iki gün əvvəl başqa bir şey məlum oldu - yüzlərlə azərbaycanlı uşağın, qadın və qocanın qanına bulaşmış, hər daşı, hər qum dənəsi o qanlı gecənin xatirəsini daşıyan Xocalıda sülhməramlılara abidə ucaldılıb. Artıq Xocalıda tam hərbi ammunisayda, çiynində Kalaşnikov avtomatı, ona gül buketi verən qızı qucaqlayan bir rus əsgərinin abidəsi var.

Tarix amansızdır və bu heykəlin açılışı başqa bir hadisəni xatırlatdı: bolşeviklər də vaxtilə 1918-20-ci il hadisələri şəhidlərinin dəfn olunduğu yerdə - Dağüstü parkda Sergey Kirovun abidəsini ucaltmışdılar.

Bəli, bu sülhməramlı təbii olaraq erməni qız uşağını qucaqlayır. O, azərbaycanlı qadını müdafiə etməzdi, onların qətlinə göz yumurdu. Və onun 1990-cı il yanvarın 20-də 13 yaşlı İlqar İbrahimovu və Larisa Məmmədovanı necə öldürdüyü, 1918-ci ilin iyununda Bakı Sovetinin bolşevik-daşnak qoşunlarının müsəlman əhalisini necə qırğınlara, soyqırımına məruz qoyması məlumdur axı.

Orada bu heykəllə yanaşı “Rusiya Şöhrət Xiyabanı” da salınıb. Rusiya mətbuatının məlumatına görə, “Rusiya Şöhrət Xiyabanı”nda, “Stepanakert” yaxınlığındakı hərbi şəhərciyin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli şəxsiyyətinin: Aleksandr Nevskinin, Denis Davıdovun, Mixail Lermontovun, Qavriil Derjavinin, Aleksandr Puşkinin, Nikolay Karamzinin, Lev Tolstoyun, Anton Çexovun, Vasili Şukşinin və Mixail Şoloxovun büstləri qoyulub.

Bəs rus qoşunlarının Azərbaycana daxil olmasının ildönümünə həsr olunmuş bu abidənin qoyulması nə deməkdir? Yəni, rus əsgəri erməni uşaqlarını “barbar azərbaycanlılardan” qoruyub? Məgər biz dinc erməni şəhərlərini bombaladıq? Məgər Bərdəni, Gəncəni, Tərtəri rus raketləri, “Qrad”larla atəşə tutan ermənilər deyildimi? Bəs Mingəçevir və Bakı istiqamətində raketləri kim atıb? Biz bütün işğal illərində dinc ermənilərin yaşadığı hər hansı əraziyə raket atmışıqmı?

Digər tərəfdən, razılaşdırılmış 5 illik qalma müddəti bitdikdən sonra sülhməramlı rus əsgərinə missiyasını şərəflə yerinə yetirmək şərti ilə onlara minnətdarlıq əlaməti olaraq abidəni biz və ya ermənilər ucaltmalı deyilikmi? Nəsə çox da təvazökar görünmür – özləri özlərinə bir abidə ucaltdılar...

Bu abidənin və Rusiyanın tarixi şəxsiyyətlərinin büstlərinin, üstəlik, Xocalı faciəsi yerində qoyulması Azərbaycanın 11-ci Qızıl Ordu tərəfindən ələ keçirilməsindən düz 100 il sonra yenidən işğalı barədə susqun-diplomatik müşahidəçi qismində qalmağımızın təbii nəticəsidir. Rus misalında deyildiyi kimi, “öz samovarınla qonaq getməzlər” - müvəqqəti məskunlaşdıqları yerlərdə də abidələr qoyulmur.

Həm də kilsələr tikmirlər. İbadət etmək istəyirlərsə, kiçik bir kilsə hücrəsi tikmək və ya otaq ayırmaq kifayətdir. Amma yeni, geniş bir kilsə tikmək və hətta onun “Dağlıq Qarabağ ərazisində Məsihin Mövludu şərəfinə ilk pravoslav kilsəsi” olduğunu vurğulamaq yalnız bir şeyi ifadə edir – deməli, bunun ardınca başqaları da gələcək, çünki onlar əbədi olaraq məskunlaşırlar.

Bütün bunlar, kobudluğa görə bağışlayın, sadəcə olaraq ölkəyə, onun xalqına, rəhbərliyinə hörmətsizlikdir. Və bu hərəkətləri heç bir şəkildə cavabsız qoymaq olmaz. Müvafiq rəsmi strukturlar sülhməramlı missiyanın səlahiyyətlərindən kənar fəaliyyətlərinə qiymət verməli və bütün bu tikililərin dərhal sökülməsini tələb etməlidir. Əks halda, bir gün Xankəndinin adını “Çarskoseliye” və ya “Russkoseliye” olaraq dəyişdirməyə cəhd etsələr, təəccüblənməyəcəyik...

(Ayna.az)


Geri dön