Ana Sayfa > Karusel / Region > “Paşinyan özünün, ailəsinin həyatından çox narahatdır“ - Ermənistanda baş verənlərin pərdəarxası
“Paşinyan özünün, ailəsinin həyatından çox narahatdır“ - Ermənistanda baş verənlərin pərdəarxası12-11-2021, 16:53. Yazar: Admin |
Bəzi siyasi analitiklərin ehtimalına görə, Ermənistanda Robert Koçaryan və Serj Sarkisyanın başlatdığı etiraz aksiyaları məhz bu ölkənin baş naziri Nikol Paşinyanın istəyi ilə təşkil olunur. Məqsəd erməni cəmiyyətinin Azərbaycanla yekun sənədi imzalamaq istəmədiyinə dair görüntü yaratmaqdır. Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov aksiyaları Paşinyanın sifariş verməsi fikri məntiqsiz sayır: “Çünki Nikol Paşinyan növbədənkənar parlament seçkilərində qələbə qazansa da, əslində, erməni seçicisi ona deyil, müharibəyə “yox” dedi. Ermənlər başa düşdülər ki, onların övladları Qarabağda ölməli deyil. Erməni cəmiyyəti anladı ki, 30 ilə yaxın bir müddətdə Qarabağdan olan cinayətkar qruplaşması üzvlərinin maraqlarına xidmət ediblər”. Analitik qeyd edib: “Nikol Paşinyanın özü də çox gözəl başa düşür ki, “Qarabağ klanı”nın üzvləri mövcud olduqca Ermənistan dövlətini istədiyi kimi idarə edə bilməyəcək. Əslində, o, bu klandan qurtulmaq istəyir. Məntiqlə yanaşsaq, bəlkə də onların mövqeyini göstərmək, revanşist və müharibə tərəfdarı olduqlarını sübut etmək üçün əleydarlarına şərait yarada bilər. O ki qaldı Azərbaycana subliminal mesaj vermək istəyinə, bu fikirlə razı deyiləm, çünki “Qarabağ klanı”nın Ermənistan cəmiyyətində reytinqi çox aşağıdır. Onlara müəyyən Rusiya, lobbi və erməni diasporu dəstək verir. Onların sayəsində revanşistlərin siyasi proseslərdə iştirakı uzun müddət davam etməyəcək. Düşünürəm ki, bir müddət sonra onların reytinqi sıfıra enəcək və klan üzvləri siyasətdən getməli olacaqlar. Paşinyanın özü də bunda maraqlıdır. Paşinyan Azərbaycanla yekun sənədin imzalanmasını uzatmağa çalışır. Çünki hələ də özünün, ailəsinin həyatından, özünün və ətrafının təhlükəsizliyindən narahatdır”. X. Bəşirov əlavə edib: “Nikol Paşinyan bilir ki, təkcə Azərbaycan və Rusiya deyil, ermənipərəst siyasət yürüdən Fransa, ABŞ və Avropa dövlətləri də 10 noyabr bəyanatına beynəlxalq hüquqi sənəd kimi baxırlar. Çünki keçmiş Qarabağ münaqişəsindən danışanda xarici dövlət başçıları 10 noyabr və 11 yanvar tarixli bəyanatlara istinad edirlər. Hətta KTMT-nin üzvləri belə maraqlıdırlar ki, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi reallaşdırılsın”. “Keçmiş Qarabağ münaqişəsi Ermənistan üçün “xərçəng şişi” rolunu oynayırdı və Ermənistanın siyasi-iqtisadi blokadadan çıxma imkanı yox idi. Buna heç kimin, hətta forpostu olduğu Rusiyanın belə buna gücü çatmazdı. Paşinyan, artıq anlayır ki, bunun yeganə yolu Azərbaycan və Türkiyənin ortaya qoyduğu şərtlərdən keçir”, - deyə ekspert fikirlərini tamamlayıb.(Yenisabah.az)
Geri dön |