Ana Sayfa > Karusel / Gündəm > 500 milyonluq müəmmalı qənaət... - Yaxud əlilin gözündə “qıl axtaranlar” öz gözlərindəki “tiri” niyə görmürlər?

500 milyonluq müəmmalı qənaət... - Yaxud əlilin gözündə “qıl axtaranlar” öz gözlərindəki “tiri” niyə görmürlər?


12-11-2021, 08:28. Yazar: Admin
500 milyonluq müəmmalı qənaət… – Yaxud əlilin gözündə “qıl axtaranlar” öz gözlərindəki “tiri” niyə görmürlər?print sharing button

“Cari ilin 10 ayında təqribən 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisdə keçirilən iclasda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Xərclərin optimallaşdırılması və əsassız pensiya işlərinin ləğvi üzrə aparılan işlər nəticəsində 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 246 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib”, – nazir vurğulayıb.

Doğrusu, ilk olaraq “xərclərin optimallaşdırılması və əsassız pensiya işlərinin ləğvi üzrə aparılan işlər” nəticəsində 10 aya 500 milyon manatın qənaət edilməsinə dair məlumat bir qədər müəmmalı göründü və texniki səhv təəssüratı bağışladı. Lakin sonradan məlum oldu ki, heç bir səhv filan yoxdur. Bu rəqəm ona görə müəmmalı gəldi ki, ötənilki anoloji göstəricidən iki dəfədən də artıq, 2018-ci ildəki 25 milyon manatdan isə 20 dəfə(!) çoxdur. Sual yaranır ki, indiyə kimi belə böyük miqyasda saxtakarlıq cinayəti hökumətin gözü qarşısında necə baş verib və necə olub ki, indi birdən-birə üzə çıxarılıb? Axı, bu rəqəmlər heyrət doğuracaq qədər yüksəkdir.

Məsələnin bir də hüquqi tərəfi var. 10 ayda 500 milyon kənarlaşma, ayda 50 milyon manat deməkdir. Rəsmi statistikaya görə, 2018-ci ildən bu yana 211 min adamın saxta hesab olunan pensiya və müavinəti ləğv edilib. Bu, 211 min adamın saxta yolla büdcədən vəsait alması, deməli həm də 211 min cinayət faktı deməkdir. Bəs, hanı bu pensiyaları təyin edənlərlə bağlı qaldırılan cinayət işləri və onların nəticələri?

Belə çıxır ki, 100 minlərlə cinayət faktına qarşılıq olaraq “içəridə” tək Səlim Müslümov yatır? Hansı ki, heç ona da qarşı irəli sürülən ittihamlar arasında saxta pensiya və əlillik dərəcələrinin təyinatına görə heç nə yoxdur. Deməli, belə məlum olur ki, ortada böyük, misilsiz cinayətlər var, cinayətkarlar isə qeybə çəkiliblər…

Əlbəttə ki, saxta pensiya və əlillik təyinatının qarşısının alınması təqdirəlayiq və çox müsbət haldır. Ancaq bizim nazirliklər hər zaman “qaş düzəldən yerdə göz çıxarmağa”, “qurunun oduna yaşı da yandırmağa” adət ediblər. Bunun nəticəsidir ki, ƏƏSMN-in fəxrlə “raport verdiyi” 500 milyonluq kəsintidə çoxlu sayda real əlilin, pensiyaçının, gündəlik çörək puluna möhtac olanların əlindən alınmış payı, haqqı var.

Demirik ki, bu 500 milyonun hamısı kasıb, imkansız, doğrudan da əlil olan vətəndaşların kəsilən pensiyaları hesabına formalaşıb. Xeyr. Ancaq müşahidələr və saysız-hesabsız şikayətlər onu deməyə əsas verir ki, bu məbləğin əhəmiyyətli hissəsi bu və ya digər bəhanələrlə, süründürməçiliklə, texniki səbəblər əsas gətirilərək pensiyası kəsilmiş, yaxud bir neçə ayı ödənməmiş vətəndaşların cibinə girmək hesabına təmin olunub.

Doğrudur, son zamanlar ƏƏSMN saxta əlillik təyinatlarının ləğvi istiqamətində ciddi iş aparıb, minlərlə saxta əlillik dərəcəsi alanlar müəyyənləşdirilib. Çox yaxşı! Lakin bu işi görənlər əlilliyə görə müavinətləri aylarla dayandırılan və bu səbəbdən bütün Həkim Ekspertiza Komissiyalarının qarşısındakı növbələrdə dayanan əlil, xəstə vətəndaşlarımızın durumunu qətiyyən nəzərə almayıblar.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və ƏƏSMN daxil müvafiq qurumlar tərəfindən sistematik hazırlıq işləri görülmədən, müraciətləri vaxtında və operativ şəkildə araşdıracaq, qiymətləndirəcək yetərli sayda komissiyalar yaradılmadan əlil müavinətləri ucdantutma “baltalanıb”. Nəticədə minlərlə əlil vətəndaş fiziki və mənəvi əzab çəkməklə yanaşı, özlərinin yeganə gəlir mənbəyi olan əlillik müavinətindən aylarla məhrum ediliblər. Çoxlu sayda vətəndaş var ki, hansısa qanunsuz bəhanələrlə təqaüdü kəsilib, aylardır idarələrdə süründürülür. Gah sistemə nəsə düzgün daxil edilmir, gah bir yerdə adı çıxır, bir yerdə çıxmır, gah da əsassız olaraq imtina qərarı verilir və s. Bəs, bu adamların günahı nədir?

Və necə olur ki, məsələn pandemiya səbəbindən işsizlərin sayı artsa da işsizlik müavinəti alanların sayında ciddi dəyişiklik olmadığı halda, pensiyası kəsilənlər və azaldılanların sayı ilbəil on minlərlə nəfər artır? Bu, nə cür sosial ədalət, nə cür sosial siyasətdir?

Ümumiyyətlə, pandemiyanın, işsizliyin, bahalaşmanın tüğyan etdiyi dönəmdə hökumətlər adətən müxtəlif dəstək təşəbbüsləri, milyardlıq sosial proqramlar, yardım layihələrilə çıxış edirlər. Bizim ƏƏSMN isə bu “vurha-vurda” çoxlarının yeganə dolanışıq mənbəyi olan pensiyaları, sosial ödənişləri ya azaldır, ya insanları süründürməçiliyə, get-gələ düçar edir, aylarla haqlarını vermir, ya da ümumiyyətlə, pensiyalarını ləğv edir.

Əgər qənaət yeganə qazanc yeri pensiya olan əlil, kasıb, imkansız vətəndaşı aylarla küçələrə salıb süründürmək, komissiya adı ilə başına min bir oyun açmaq, pulunu kəsmək, gözünü yolda qoymaq, sonda da 4-5 ayının pensiyasının “dalına keçmək” hesabına əldə edilirsə, yerə girsin belə qənaəti!

Bəlkə qənaəti, oğurluğu, yeyintini başqa istiqamətlərdə də axtarmağa ehtiyac var? Məsələn, tenderlərdə, dövlət satınalmalarında. Elə həmin bu ƏƏSMN-in özünün son dövrlərdə keçirdiyi tenderlərə nəzər salılnsa pis olmaz.

Məsələn, 10 ildir ki, nazirliyin milyonluq elektron xidmət tenderləri eyni şirkətə – “AİSTGROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilir. Son illərdə nazirlik bu istiqamətdə sənəd üzərində 10 milyonlarla manat vəsait xərcləyib. Təkcə cari ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fondunun(DSMF) “AİSTGROUP”-a 1.3 milyon manatlıq elektron xidmət tenderi qazandırdığı məlum oldu. Həmçinin, DSMF ötən il server avadanlıqlarına, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi adı altında “AİSTGROUP” MMC şirkətinə 1 milyon 302 min manat vəsait ödəyib.

Həmin il ƏƏSMN-in “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması ilə bağlı elan etdiyi tender də “AİSTGROUP” MMC-yə verilib – 762. 929 manat. Bu qiymətə elektron xidmət çox baha deyilmi? Bu vəsait az qala həmin valideyn himayəsindən məhrum olmuş uşaqların özlərinə xərclənən pulları da üstələyir.

Ümumiyyətlə, yalnız bir istiqamət üzrə hansısa elektron altsisteminin yaradılmasına 1 milyon manata yaxın vəsait xərclənməsi nə dərəcədə real və şəffaf görünür? Yaxşı olar ki, “kor-kor, gör-gör” əlil olan, yaxud gerçəkdən də pensiyaya, sosial müavinətə ehtiyacı olan vətəndaşı az qala mikroskop altında yoxlayan bu nazirlik elektron xidmət adı altında büdcədən silinən on milyonlarla manat vəsaitin də yoxlamasını aparsın və hesabatını versin. Yeri gəlmişkən, sözügedən “AİSTGROUP” MMC –nin nazirlikdə yüksək vəzifə tutan şəxslərdən birinə yaxın şirkət olduğuna dair də məlumatlar var…

Bir sözlə, qənaət yaxşı və lazımlı şeydir. Ancaq bu iş “nəyin bahasına olursa-olsun” prinsipi ilə aparılmalı deyil. Həmçinin, həmin bu “qənaət edilən” və sonradan büdcədən tenderlər adı ilə silinən vəsaitlərin də kimlərə “yem olduğu” heç kimə sirr deyil.

Odur ki, vedrənin altı aşsüzən kimi deşik-deşikdirsə, yetim-yüsürün boğazından kəsib oraya nə qədər naz-nemət doldurulsa da, bunun “qara camaat”a heç bir xeyri yoxdur…

AzPolitika.info


Geri dön