Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan ordusu Xankəndiyə niyə girmədi?

Azərbaycan ordusu Xankəndiyə niyə girmədi?


11-11-2021, 10:26. Yazar: Admin
Azərbaycan ordusu Xankəndiyə niyə girmədi?

“Azərbaycan 2020-ci ildə 44 gün çəkən müharibədə Ermənistanı və erməni separatçılarını məğlub etdi. Ermənistan ordusu Şuşa şəhəri üzərində nəzarəti itirdikdən sonra Dağlıq Qarabağın "paytaxtı" Xankəndini itirmək təhlükəsi ilə üzləşdi. Bundan başqa, erməni separatçılarının Dağlıq Qarabağdakı silahlı qüvvələri mühasirəyə düşə bilərdi. Buna görə də Ermənistanın baş naziri Nikol Paşinyan müharibəni dayandırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə müraciət etdi”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Şuşanın azad olunması müharibəni bitirdi:

“Rusiya müharibənin ilk günlərindən savaşı dayandırmaq məqsədilə bölgəyə rusiyalı sülhməramlıların yerləşdirilməsini istəyirdi. Azərbaycan Prezidenti İlham Əliyev bunun əleyhinə idi. Ölkə başçısı müharibə günlərində xarici jurnalistlərin sülhməramlılarla bağlı sualına belə cavab vermişdi: “Sülhməramlılar gələcəkdə müzakirə olunmalıdır. Hazırda Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Biz sülhməramlıların harada və necə yerləşdiriləcəyini və onların funksiyalarının nədən ibarət olduğunu bilmirik”. Bu açıqlama veriləndə hələ nə Şuşa işğaldan azad olunmuşdu, nə də Nikol Paşinyan İlham Əliyevin “İrəvan bizə işğal altındakı bölgələri nə zaman boşaldacağı tarixi verəcəyindən sonra müharibəni dayandıracağıq” tələbini qəbul etmişdi.

Sülhməramlılar mövzusu Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 9-da Moskvada görüşündə müzakirə olunmuşdu. XİN rəhbərləri arasında müzakirələr 11 saata yaxın uzanmışdı. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov müzakirə müddətində bir neçə dəfə Bakıya zəng etmişdi. Rəsmi Bakı sülhməramlıların bölgədə yerləşdirilməsinə razılaşmamışdı. Çünki hələ azad olunması vacib olan ərazilər var idi.

Rusiya Prezidenti Vladimir Putin noyabrın 7-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng etdi. Bundan bir gün sonra Türkiyənin xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akar Bakıya gəldilər, İlham Əliyevlə görüşdülər. Nazirlər Putinlə Ərdoğan arasındakı telefon danışığının detalları barədə İlham Əliyevə məlumat verdilər. Ölkə başçısı Putinin təklif etdiyi atəşkəsin mətni ilə tanış oldu. Ancaq atəşkəs bəyanatına qədər Şuşa işğaldan azad edilməli idi. Çünki atəşkəs sazişi Şuşanın işğaldan azad olunmasına qədər imzalansaydı, Şuşa şəhəri erməni separatçılarının nəzarətində qala bilərdi. Buna görə də Azərbaycan Ordusunun xüsusi təyinatlı bölməsi Şuşa uğrunda ağır döyüşlərə başladı. Azərbaycanın xüsusi təyinatlıları ağır silahlar olmadan 3 istiqamətdən Şuşa qalasına dırmaşaraq azərbaycanlılar üçün tarixi və müqəddəs şəhəri azad etdilər. Bundan sonra Ermənistan hərbçiləri ağır vəziyyətə düşdülər. Nikol Paşinyan bundan sonra erməni generallarla görüşdü və ona aydın oldu ki, müharibəni davam etdirə bilməyəcək. Bu vəziyyətdə Paşinyan Rusiyanın hazırladığı bəyanatı qəbul etmək məcburiyyətində qaldı”.

E.Şahinoğlu vurğulayıb ki, Azərbaycan Ordusu həm keçmiş Dağlıq Qarabağ ərazisinin ətrafını azad etdi, həm də Dağlıq Qarabağın içərisinə daxil oldu:

“Müharibə ilə bağlı Azərbaycanda ən çox səslənən suallardan biri budur: “Azərbaycan Ordusu Şuşanı azad edəndən sonra niyə Xankəndiyə daxil olmadı və rəsmi Bakı rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsinə niyə razılaşdı?”

Dövlət başçısı bu ilin avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zaman səslənən sualla bağlı bunları dedi:

- “Müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi. Çünki müharibə davam etsəydi, birincisi, biz daha çox itkilər verəcəkdik. Müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi zəfərə çatdıq”.

- “Mən görürəm, bəzi xarici mətbu orqanlarında yazılır ki, Azərbaycan 7 rayonu azad edib. Bu, həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər Şuşa şəhərini azad edib, bununla bərabər Hadrutu azad edib, bununla bərabər Xocavənd rayonunun 60 faizini azad edib, Suqovuşan qəsəbəsini azad edib. Ona görə biz 7 rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istərsə də Azərbaycan-Ermənistan sərhədində”.

İlham Əliyev bununla haqqında danışılan suala cavab vermiş oldu. Birincisi, Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra Xankəndiyə daxil olsaydı, beynəlxalq birlik Azərbaycanı etnik təmizləmədə ittiham edə bilərdi, ölkəmizə qarşı təzyiqlər artacaqdı. Digər tərəfdən, qış ayları yaxınlaşdığına görə, işğaldakı rayonların ordumuzda itki vermədən danışıqlar yolu ilə azad edilməsi vacib idi və buna nail olundu. Bunun qarşılığında mümkün variant kimi ermənilər yaşayan bölgələrdə rusiyalı hərbçilərin müvəqqəti yerləşdirilməsinə razılıq verildi. İkincisi, Azərbaycan Ordusu yalnız Dağlıq Qarabağın ətrafını – 7 rayonu deyil, Hadrut və Şuşanı azad edib və bu, daha böyük uğurdur. Buna baxmayaraq, Qarabağla bağlı görüləcək işlərimiz var. Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etməsi, yerdə qalan separatçıların tərk-silah olunması, Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olması və Laçın dəhlizinin nəzarətə götürülməsi kimi hədəflərimiz var”.(YeniSabah)


Geri dön