Ana Sayfa > Karusel / Cəmiyyət > Ədliyyə Nazirliyi Biləsuvarın sabiq icra başçısının səhhəti ilə bağlı xəbərlərə aydınlıq gətirib
Ədliyyə Nazirliyi Biləsuvarın sabiq icra başçısının səhhəti ilə bağlı xəbərlərə aydınlıq gətirib10-11-2021, 20:21. Yazar: Admin |
Bəzi kütləvi informasiya vasitələrində vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı Mahir Quliyevin vəkilinə istinadən onun sağlıq durumunun ağır olması ilə bağlı məlumatlar yayılır. Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Qarabaginfo.az-a bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil: “Belə ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı 1958-ci il təvəllüdlü M.Quliyev iki ay əvvəl koronavirusa yoluxub. O, hipertoniya, diabet, qaraciyərin xroniki ağır infeksion xəstəliyi, kəskin ürək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkdiyindən təhlükəli risk qrupuna daxil olduğu üçün koronavirusa qarşı ölkəmizdə ən ixtisaslaşmış tibb ocaqlarından olan Dövlət Gömrük Komitəsinin Hospitalına yerləşdirilib və orada iki ay müddətində, o cümlədən süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunub. Peşəkar həkim heyətinin səyləri nəticəsində həyatı xilas edilərək bir həftə öncə reanimasiyadan çıxarılaraq palataya köçürülüb. Bildirirəm ki, virusdan tam sağalmış M.Quliyevin ümumi reabilitasiya tədbirləri üçün mülki sektorda adi bərpaedici müalicəyə cəlb olunub. Yeri gəlmişkən, koronavirus xəstəliyinə yoluxmuş sabiq icra başçısı Vilyam Hacıyev da Gömrük Hospitalında müalicələrə cəlb edilərək tam sağalmışdır. Maraqlısı odur ki, M.Quliyev tam sağalaraq hospitaldan bu gün çıxdığı halda məhz bu gün səhhətinin ağır olması barədə həqiqətə uyğun olmayan xəbər yayılıb.
Geri dön |