Ana Sayfa > Karusel / Siyasət > Sahibə Qafarova: “Əfv fərman və sərəncamları ilə 9 minə yaxın məhkum azadlığa buraxılıb”
Sahibə Qafarova: “Əfv fərman və sərəncamları ilə 9 minə yaxın məhkum azadlığa buraxılıb”7-11-2021, 12:10. Yazar: Admin |
Sahibə Qafarova
“Vətən müharibəsi və postmünaqişə dövründə Milli Məclis tərəfindən qanunvericilik bazasının zənginləşdirilməsi istiqamətində də müvafiq addımlar atılmışdır. Belə ki, müharibə ilə əlaqədar qanunvericilik bazasının möhkəmləndirilməsi üçün parlamentimiz tərəfindən bir sıra bəyanat, qərar və digər sənədlər qəbul olunmuşdur. Milli Məclisin 2020-ci il 13 noyabr tarixli iclasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət ünvanlanmışdır. Noyabrın 20-də isə Prezident İlham Əliyevin xalqa müraciəti ilk dəfə olaraq parlamentin iclas zalında canlı yayımlanmışdır”. Qarabaginfo.az xəbər verir ki, bu fikirlər Milli Məclisin Sədri Sahibə Qafarovanın rəsmi mətbuata müsahibəsində yer alıb. Milli Məclisin Sədri qeyd edib ki, bu dövrdə qəbul olunmuş sənədlər sırasında hərbi vəziyyətin elan edilməsi və ləğv edilməsi haqqında ölkə Prezidentinin fərmanlarının təsdiq edilməsi barədə, Vətən müharibəsində qələbə münasibəti ilə ölkənin orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında”, “Zəfər Günü”nün iş günü olmayan bayram günü hesab edilməsi, hər il sentyabrın 27-nin şəhidlərin xatirəsini yadetmə günü - Anım Günü kimi qeyd olunması barədə qanun və qərarları göstərmək olar. “Parlamentin 5 noyabr tarixində keçirilən iclasında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunmuş, bu bayram münasibətilə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya parlament adından təbrik məktubları ünvanlanmışdır. Həmçinin Zəfər Günü münasibəti ilə Milli Məclisə bir sıra ölkələrin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından çoxsaylı təbrik məktubu göndərilib və məktublar gəlməkdə davam edir. Digər mühüm bir məsələ möhtərəm Prezident İlham Əliyev tərəfindən Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi barədə təşəbbüs irəli sürülməsi və Milli Məclis tərəfindən müvafiq qərar qəbul olunmasıdır. Qeyd edim ki, hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar edilməsi möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Onun rəhbərliyi altında səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanmış əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına kömək göstərir. 1995-2021-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonra isə möhtərəm Prezident İlham Əliyev tərəfindən 67 əfv fərman və sərəncamı qəbul edilmişdir. Bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılmışdır”, - Sahibə Qafarova qeyd edib. Həmin dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunmuş, bütövlükdə 117 min şəxsə amnistiya qərarı tətbiq olunub. “Beləliklə, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbənin ildönümünü - Zəfər bayramını böyük sevinclə və böyük ümidlərlə qeyd edir. Azərbaycan gələcəyə daha böyük inamla baxır, öz yoluna əmin addımlarla, qətiyyətlə davam edir. Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş və qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim etmişdir. Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatmışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Biz sonsuz qürur hissi ilə yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qaytardıqlarına görə Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə əbədi minnətdarlıq borcumuz var. Odur ki, biz qürurla söyləyirik: Müdrik rəhbərimizə, qəhrəman ordumuza, mətin xalqımıza eşq olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”, - Milli Məclisin Sədri əlavə edib Geri dön |