“Qarabağa dönüş” İctimai Birliyi Zəfər Günü ilə bağlı bəyanat yayıb.
“Qarabağa dönüş” təşkilatından Qarabaginfo.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, xalqımız son 200 ildə baş verən ən əlamətdar tarixi hadisənin sevincini yaşayır. 44 günlük Zəfər bayramımızın 1 ili tamam olur.
Qeyd olunub ki, bu təntənənin qayəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalq və qəhrəman ordumuzun birliyi dayanır: “30 il vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin arzularını reallaşdıran və bunun üçün canından keçən hər bir şəhidimizin xatirəsi bizim üçün əziz və unudulmazdı. Vətən uğrunda sağlamlıqlarını itirən qəhrəman qazilərimizə isə şəfalar diləyir və tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzu edirik.
44 günlük Vətən Müharibəsi bizi dünyaya qalib xalq kimi tanıtdı. Məhz bunun nəticəsi idi ki, bir çox hərbi elmi araşdırma mərkəzləri Azərbaycan ordusunun hərbi taktikalarını təhlil etməklə bu döyüş qaydalarının öz ölkələrində tətbiqinin önəmini vurğulayırlar”.
Bəyanatda vurğulanıb ki, qəhrəman Azərbaycan ordusu 44 günlük savaş meydanında təkcə sınmış qürurumuzu bərpa etmədi, həmçinin biz düşmənin 80 faiz ordusunu darmadağın etdik: “Ermənilərə “dənizdən dənizə böyük Ermənistan” xəyalları ilə yaşamağın puç olduğunu göstərdik. Vətən Müharibəsi zamanı həm də beynəlxalq hüququn prinsiplərini bərpa etdik. 28 il ərzində münaqişə tərəfləri arasında vasitəçilik missiyası həyata keçirməklə konfiliktin “həllinə” çalışan tərəflərin əsil simasını dünyaya göstərdik.
Azərbaycan II Qarabağ müharibəsi ilə dünyaya humanist və məsuliyyətli ölkə olduğunu sübut etdi. Təmas xəttindən uzaqlıqda yerləşən şəhər və rayonlarımızı düşmən uzaq və orta mənzilli raketlərlə atəşə tutdu. Mülki əhalimiz qətlə yetirildi. Ermənistan ağılasığmaz müharibə cinayətlərinə yol verdi. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu öz məqsədinə çatdı.
Azərbaycan son 30 ildə İlk dəfə İnformasiya müharibəsində düşməni aciz duruma saldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünya Ermənistanın etdiyi bütün müharibə cinayətləri haqqında anında xəbər tutdu.
44 günlük Vətən Müharibəsi Azərbaycanı dünyaya həm də ən etibarlı tərəfdaş olaraq tanıtdı. Savaş bizə dost və düşmənimizi göstərdi. Azərbaycan bu gün də dostları ilə birlikdə addımlayır, onların sevincini öz sevinci kədərini öz kədəri bilir.
İndi biz keçmiş məcburi köçkünlər yaxın vaxtlarda öz yurdumuza dönməyə hazırlaşırıq. Biz Qalib Xalq kimi öz torpaqlarımıza geri dönərək keçmiş xoşbəxt həyatımızı bərpa edəcəyik.
Hansı baxış bucağından baxmağımızdan asılı olmayaraq 44 günlük II Qarabağ müharibəsi bizim Zəfər, Şərəf, Qürur tariximizdi. Zəfərimiz bol, Şərəfimiz uca, Qürurumuz əyilməsin. Bayramımız mübarək. Qarabağ Azərbaycandır!”.