Ana Sayfa > Karusel / Dünya > Zəfər Günü Litvada böyük coşqu ilə qeyd edilib

Zəfər Günü Litvada böyük coşqu ilə qeyd edilib


6-11-2021, 17:56. Yazar: Admin

Zəfər Günü Litvada böyük coşqu ilə qeyd edilib

Litvanın paytaxtı Vilnüs şəhərində Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Zəfər Gününün şərəfinə Vilnüsün mərkəzində Ratuşa binasında iki gün ərzində nəhəng Azərbaycan və Litva bayraqları asılıb, xüsusi işıqla işıqlandırılıb.

Əlamətdar günlə bağlı keçirilən tədbirdə Litva Seyminin üzvləri, dövlət qurumlarının nümayəndələri, Litvada akkreditə olunan xarici ölkələrin səfrilikləri, diplomatlar, ictimai və siyasi xadimlər, mədəniyyət və incəsənət ustaları, soydaşlarımız və tələbə gənclərlə yanaşı Azərbaycan Milli Məclisinin deputatları Elnur Allahverdiyev və Azər Kərimov iştirak ediblər.

Tədbirdə qonaq qismində iştirak edən Vətən müharibəsi iştirakçısı mayor Fəxrəddin Ağayev ayaqüstə alqışlanıb.

Tədbiri giriş sözü ilə açan səfir Tamerlan Qarayev bir il əvvəl baş verən hadisələrdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi zəfər yolundan bəhs edib, qalib xalqın nümayəndəsi kimi duyduğu ülvi hisslərdən danışıb. O, Azərbaycanın BMT qətnamələrini yerinə yetirərək öz ərazi bütövlüyünü bərpa etməsini beynəlxalq hüququn və ədalətin tənətənəsi kimi qəbul edildiyini qonaqların diqqətinə çatdırıb.

Azərbaycan səfiri azad olunan torpaqlarımızda geniş vüsətlə aparılan quruculuq işləri, həyata keçirilən nəhəng layihələr barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.

T.Qarayev Azərbaycanın haqq səsinə səs verən, dövlətimizə və xalqımıza dost münasibət bəsləyən əcnəbilərə hər zaman ölkəmiz tərəfindən qiymət verildiyini, Azərbaycanın dostluğa hər zaman sadiq olduğunu xüsusi qeyd edərək, Xocalı qətliamından bəhs edilən “Endless corridor” sənədli filminin əsas qəhrəmanlarından olan litvalı hərbi jurnalist Riçardas Lapaitisin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini söyləyib. Azərbaycan səfiri “Dostluq” ordeninin təntənəli surətdə Riçardas Lapaitisə təqdim edib.

Tədbir sonra konsert proqramı ilə davam edib. Azərbaycan dövlət akademik filarmoniyasının Mahnı və rəqs ansamblının solsitləri Azərbaycanın Əməkdar artistləri Nigar Şahmuradova və Elnur Süleymanov öz füsunkar rəqsləri ilə, müğənni Könül Məmmədli məlahətli səsi, Bəxtiyar Məmmədov tarda və İnci Məmmədova fortepianoda məharətli ifaları ilə bayram əhval-ruhiyyəsində keçən tədbirə xüsusi rəng qatıblar.

Milli geyimlərdə gənclərimiz əllərində Azərbaycan və Litva bayraqları ilə Litva dilində “Qarabağ Azərbaycandır!” şüarı ilə səhnədə incəsənət nümayəndələrini müşaiyət etdiriblər.

Sonra tədbir iştirakçılarına xalqımızın milli yeməklərindən nümunələr, içəcəklər təqdim olunub.

Zəfər Gününə həsr olunan silsilə tədbirlər Litvanın digər yerlərində, o cümlədən Klaypeda və Kaunas şəhərlərində də keçiriləcək.


Geri dön