Ana Sayfa > Karusel / Yazar > Şalvarını batıran general
Şalvarını batıran general6-11-2021, 11:26. Yazar: Admin |
Əvvəllər belə deyirdilər: General çinar kimidir, 100 ildə bir dəfə yetişir. Bu həmin vaxt idi ki, hətta general görməyən adamlar da onun boy-buxununa, əzəmətinə həsəd aparırdılar. Çinar kimi 100 ildə bir dəfə yetişən generallar elə çinar kimi boy-buxunlu, qürurlu olurdular... Səfər Əbiyev müdafiə, Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra Azərbaycanda generalların sayı yağışdan sonra çıxan göbələklərin sayı kimi artmağa başladı. Əksəriyyəti də zəhərli göbələk olub həyatımızı zəhərə döndərdi. İki eşşəyin arpasını bölə bilməyən, əmioğlular, dayıoğlular, bacanaqlar, kirvələr, fərsiz qayınatalar general mundiri geyinib xalqa qənim kəsildilər. Bu debillərin üzündən torpaqlarımız uzun illər işğal altında qaldı, ölkəmiz xarici kəşfiyyatın oylağına çevrildi. Acgöz və tamahkarlığı ilə ad çıxaran, başqasının mülkünə dədəsinin malı kimi sahib çıxan həmin generallardan birinin dünən məhkəməsi idi. Yəqin xəbəriniz var, bu yazının "qəhrəmanı", ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin dünən məhkəmədə ürəyi gedib. Deyilənə görə, bir dəstə adam onu özünə gətirmək üçün yarım saat tər töküb. Mən arif adamam, fikrinizdən keçənləri dərhal "oxudum". Şübhə etmirəm ki, indi hamınızı eyni sual düşündürür: Bu cür "həssas qəlbli" adamın müttəhimlər kürsüsündə nə işi var? Darıxmayın, indi yazıram. Dünən təqsirləndirilən Yasin Məmmədovun onun əleyhinə ifadə verməsinə dözməyərək özündən gedən Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham olunur. Bilirsiniz, özgə əmlakını hədə-qorxu ilə tələb etmək nə deməkdir? Xalq dilində buna "reketlik" deyilir. Yəni onun-bunun başına qapaz vurub var-dövlətini, obyektini əlindən almaq. Şıxəliyev və onun kimi "reket" generallar uzun illər iş adamlarının qorxulu röyasına çevrilib, anadan əmdikləri südü onların burnundan gətirib. İndi də öz burunlarından gəlir... Bunlar zabit şərəfini qorumağı bacarmadıqları kimi reketliyi də bacarmırlar. Sən necə general, yaxud necə reketsən ki, əleyhinə iki kəlmə söz deyilən kimi tirtap olub özündən gedirsən? Bəxtimiz onda gətirdi ki, bu adamların vaxtında müharibə eləmədik. Yoxsa, erməni bir güllə atan kimi şalvarlarını batıracaqdılar. Yaxşı ki, Hikmət Mirzəyev, Kənan Seyidov, Mais Bərxudarov, Tehran Mənsimov kimi cəsur generalların, şərəfli zabitlərin yetişməyini gözlədik... Bəli, general çinar kimidir, 100 ildə bir dəfə yetişir. Hər yoldan ötənə rütbə verib bu adı hörmətdən salmaq olmaz... Seymur VERDİZADƏ Geri dön |