Ana Sayfa > Karusel / Sosial > Zəngilan qaçqınlarının mənzillərinin qapıları sındırılır, evləri əllərindən alınır - Şikayət
Zəngilan qaçqınlarının mənzillərinin qapıları sındırılır, evləri əllərindən alınır - Şikayət4-11-2021, 21:57. Yazar: Admin |
Zəngilan qaçqınlarının məskunlaşdığı Masazır qəsəbəsindəki şəhərcikdə qəribə hadisə yaşanır. Qarabaginfo.az xəbər verir ki, şəhərcik sakinlərinin “Rupor”a verdikləri məlumata görə rayonun Mənzil Kommunal Sahəsinin əməkdaşları polislərlə birgə evdə adam olmayan mənzillərin qapılarını sındıraraq içəri daxil olur və evdəki əşyaları götürərək xüsusi zirzəmilərə yığırlar. Sakinlərin dediyinə görə, həmin mənzillər sahibinin əlindən alınaraq şəhid ailələrinə verilir. Şikayətçilər xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün xaricdə müalicə alan bir şəxsi və hər iki valideynini itirən və bir neçə gündür babasıgildə yaşayan gəncin mənzilinə belə hücumun təşkil olunduğunu vurğulayıblar. Əməkdaşımız bu hadisəyə daha dəqiq aydınlıq gətirmək məqsədi ilə Zəngilan rayon Mənzil Kommunal Sahəsinin rəisi Pərviz Həsənov ilə əlaqə saxlayıb. MİS sədri qapıları sındırılaraq mənzillərə daxil olmağı təbii hal kimi dəyərləndirib: “Bu mənzillər qaçqınlara veriləndə onlarla bağlanan müqavilədə göstərilib ki, əgər iki aydan çox müddətdə həmin mənzildə yaşamasalar onların evləri əllərindən alınacaq. Bizə etdiyiniz müraciətdə haqqında danışdığınız xəstə vətəndaş hazırda yanımızdadır və könüllü şəkildə öz mənzilini evsiz bir ailəyə verməyə hazır olduğunu deyir. Müvəqqəti olaraq babasıgildə yaşayan şəxsin məsələsinə gəldikdə isə ona qarşı anlaşılmazlıq baş verdiyi məlum olub”. “Müqavilədə qaçqın evdə olmadığı təqdirdə onun mənzilinin qapısı sındırmaq da əksini tapıbmı ” sualına MİS sədri cavab verə bilməyəcəyini diqqətə çatdırıb və vurğulayıb ki, bu sualı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyevə ünvanlayaq. İ.Mirzəyevin mobil nömrəsini dəfələrlə zəng etsək də nömrəsi məşğul göstərdi. Problemə vəkil Mehman Muradlının münasibətini öyrəndik. Vəkil deyib ki, qarşılıqlı müqavilə varsa, ona əvvəlcə xitam verilməli və bu prosesdə hər iki tərəf iştirak etməlidir. Qapıların sındırılaraq mənzillərə daxil olma hadisəsinə gəldikdə isə vəkil bunun qanuna zidd olduğunu vurğulayıb: "Müqaviləyə məhkəmənin hökmü ilə xitam verilməlidir. Kimsənin başqasının mülkünə zorakılıqla sahib olmaq hüququ və haqqı yoxdur". Yazını hazırlayarkən şikayətçilər redaksiyamıza yenidən telefon açaraq onu da söylədilər ki, bu qanunsuzluğun başında "Qaçkınkom"un məsul şəxsi Etiqat Məmmədov dayanır. Geri dön |