Ana Sayfa > Karusel / Gündəm > Ağdam paytaxt ola bilərmi?

Ağdam paytaxt ola bilərmi?


4-11-2021, 10:38. Yazar: Admin
Ağdam niyə paytaxt ola bilməz?

Paytaxtın Bakı şəhərindən başqa əraziyə köçürülməsi məsələsi zaman-zaman gündəmə gətirilir, müzakirə mövzusuna çevrilir. Əsas səbəb kimi də Bakıda yaşanan sıxlıq, tıxac problemi göstərilir. Mətbuatda gedən xəbərə görə, bu günlərdə deputat Qüdrət Həsənquliyev paytaxtın Ağdama köçürülməsini təklif edib. Təklifini də belə əsaslandırıb ki, Ağdam şəhəri müasir tələblərə cavab verəcək formada yenidən qurulur.

“Mən belə bir təklif irəli sürürəm ki, paytaxt Ağdama köçürülsün. Ağdam şəhəri müasir üslubda yenidən salınır. “Yaşıl şəhər” kimi Ağdam bütün müasir tələblərə cavab verəcək. Hesab edirəm ki, Ağdamda 150-200 min nəfərlik paytaxt şəhəri salmaq olar. Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. Demək olar ki, bu şəhəri biz yenidən tikəcəyik. Düşünürəm ki, az xərclə bu işi həyata keçirmək olar”, - deyə o bildirib.

Mövzu ilə bağlı AYNA-ya danışan iqtisadçı ekspert Eldəniz Əmirov ümumilikdə paytaxtın köçürülməsi fikri ilə razıdır: “Paytaxtın Bakıdan köçürülməsinin tərəfdarıyam. Çünki bunun çox müsbət tərəfləri olacaq. Birincisi, tıxac probleminə müsbət təsir göstərəcək. Eyni zamanda da Bakı respublikamızın inkişaf mərkəzi kimi formalaşıb və paytaxt köçürüləcəyi halda bu mərkəzin bölgüsü baş tutacaq. İnkişafın regionlar üzrə bölgüsü çox vacibdir. Paytaxtın köçürülməsi nəticəsində seçiləcək yerin, eyni zamanda da onun ətraf ərazilərinin inkişafı baş tutacaq”.

“Məsələn, bu gün paytaxt Bakıdır və ətraf ərazilərin – Abşeronun, Sumqayıtın inkişafında onun payı çox böyükdür. Sumqayıt əhalisinin əksəriyyəti gəlib Bakıda işləyir. Bütün hallarda paytaxt şəhəri təkcə özünün deyil, yaxın ətrafının da inkişafına kömək edir. Respublikada bir şəhərin əsas inkişaf və ümumdaxili məhsulun pay bölgüsündə pik səviyyədə üstünlüyə sahib olması digər regionlar üçün xoşagələn deyil. Ona görə də paytaxtın köçürülməsi fikrinə tərəfdaram”, - deyə ekspert söyləyib.

Paytaxtın Ağdama köçürülməsinə qaldıqda isə, həmsöhbətimiz bu təkliflə razılaşmır: “Doğrudur, biz qələbə çalmışıq, artıq o torpaqlar bizimdir. Lakin bütün hallarda paytaxt seçimində strateji yanaşma var. Bu yanaşmaya görə, ölkənin paytaxtı düşmən ölkələrin sərhədinə yaxın yerləşdirilməz. Bu, böyük starteji səhv olar. Ona görə də paytaxtın işğaldan azad olunmuş ərazilərimiz ətrafında seçilməsinin əleyhinəyəm”.

Əmirov paytaxtın köçürülməsi zamanı “Avstarliya modeli”ndən istifadəni təklif edir: “O zaman Avtarliyanın paytaxtı üçün Melburn və Sidney şəhərləri bir növ mübahisəli şəhərlər idi və bir-biri ilə mübarizə aparırdı. Hökumət iki böyük şəhər – Melburn və Sidney şəhərləri arasında bir şəhər yaratdı və bu, uğurlu da alındı. Məsələyə bizdə də bu modellə yanaşma daha uğurlu alınar”.

Paytaxtın hansı şəhər seçilməsi məsələsində iqtisadçının fikrincə, yeni bir paytaxt şəhərinin salınmasına daha böyük ehtiyac var: “Paytaxt üçün yeni bir şəhərin salınmasının daha çox faydaları olar. Paytaxt şəhəri elə bir regionda seçə bilərik ki, o, öz ətrafında olan rayonların və şəhərlərin inkişafına sürətləndirici bir effekt verə bilər. Digər tərəfdən də nəzərə alaq ki, işğaldan azad etdiyimiz ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” layihəsi qururuq. Başqa sözlə, smart şəhərin qurulmasını köhnə bir şəhərdə icra etmək çox çətindir”.

“Ona görə də biz paytaxt quracağıqsa, bu, smart paytaxt olmalıdır. Smart paytaxtı isə yenidən qurmaq daha rahatdır, nəinki köhnə infrastrukturun, köhnə telekommunikasiya xətlərinin üzərində qurmaq. Ona görə də daha əlverişli mövqe seçərək orada smart paytaxtın salınması daha əlverişli olardı”, - deyə həmsöhbətimiz vurğulayıb.

Ekspert hesab edir ki, hazırda və yaxın beş il üçün paytaxtın köçürülməsi məsələsi gündəm olmamalıdır: “Ona görə ki, hazırda Azərbaycan Respublikasında kifayət qədər xərc mənbələri var. Bu da işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına yönəlib. İşğaldan azad edilmiş ərazilərimizin bərpasına 50 milyardan artıq vəsait tələb olunur. Bununla yanaşı həmin ərazilərin yenidən qurulması fiziki olaraq da bir-iki ilin işi deyil. Maddi vəsaitin olması ilə yanaşı bunun üçün zaman da lazımdır. Məhz orada o işlərin getdiyi zaman burada paytaxtın köçürülməsi məsələsinin gündəmə gətirilməsi tərəfdarı deyiləm. Nə zaman ki işğaldan azad edilmiş ərazilərimiz bərpa olunar, sülh müqaviləsi bağlanar, regionda sabitlik formalaşar, o zaman paytaxtın köçürülməsi məsələsinə baxıla bilər”.


Geri dön