Ana Sayfa > Karusel / Siyasət > Braziliyalı senator: “Gəncə və Ağdama səfər etdim və reallıqların şəxsən şahidi oldum”

Braziliyalı senator: “Gəncə və Ağdama səfər etdim və reallıqların şəxsən şahidi oldum”


2-11-2021, 18:13. Yazar: Admin

Sahibə Qafarova senator Antonio Anastasia ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Braziliya Milli Konqresi Senatının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, senator Antonio Anastasia ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, görüşdə Milli Məclisin sədri bildirib ki, Azərbaycan BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində Braziliya ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Sahibə Qafarova deyib ki, həm Milli Məclisdə, həm də Braziliya Milli Konqresinin Senatında və Deputatlar Palatasında qarşılıqlı parlamentlərarası əlaqələr üzrə işçi qrupların fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımız beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər.

Milli Məclisin sədri söhbət zamanı braziliyalı senatora 44 günlük Vətən müharibəsi haqqında da məlumat verib.

Görüşdə Braziliya Milli Konqresi Senatının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, senator Antonio Anastasia ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin perspektivləri haqqında fikirlərini bölüşüb. Qonaq yüksək səviyyəli səfərlərin münasibətlərin inkişafındakı xüsusi rolunu qeyd edib.

Söhbətdə Azərbaycanla Braziliya arasında əlaqələrin inkişafında parlamentlərin rolu, bu sahədə dostluq qruplarının əhəmiyyəti vurğulanıb. Parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin verə biləcəyi töhfələrdən danışılıb.

Senator Antonio Anastasia Azərbaycana səfəri çərçivəsində Gəncə və Ağdama səfər etdiyini və reallıqların şəxsən şahidi olduğunu diqqətə çatdırıb. Qonaq işğaldan azad edilmiş ərazilərin tezliklə inkişaf etmiş bölgəyə çevriləcəyinə inamını bildirib.

Görüşdə digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova


Geri dön