Ana Sayfa > Karusel / Gündəm > Şahid: "Ata Abdullayev şantaj yolu ilə əldə etdiyi 2400 manatlıq telefonu 1800 manata mağazaya satıb"
Şahid: "Ata Abdullayev şantaj yolu ilə əldə etdiyi 2400 manatlıq telefonu 1800 manata mağazaya satıb"2-11-2021, 12:17. Yazar: Admin |
Bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Qarabaginfo.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda Ata Abdullayevin xalası oğlu Səməd Məmmədov dindirilib. O bildirib ki, Ata Abdullayevin sosial şəbəkə səhifəsini idarə edib: "İxtisasca dizayner və qrafikəm. Ata Abdullayevin videobloger səhifəsində işləmişəm. İşim videoları montaj edib, paylaşmaq olub. Gündəlik saytlardan maraqlı xəbərləri götürüb, səhifədə paylaşmışam. Canlı yayımları mən etməmişəm. Sadəcə, mənə tapşırılan videoları montaj etmişəm. Ata Abdullayevin kimdənsə pul tələb etməyini eşitməmişəm, görməmişəm". Daha sonra prosesdə şahid qismində ifadə verən Namiq Əliyev qeyd edib ki, cinayət işində qeyd olunan telefonu mağazadan alıb: “"28 May” metrostansiyasının yaxınlığında telefon dükanına getdim. Öz telefonumu verdim və "İphone 11 ProMax" telefonu aldım. Öz telefonumu 800 manata satdım, üstündə 1200 manat verdim, təzə telefonu götürdüm. Bu il yay aylarında Dövlət Təhlükəsizliyi Xidmətindən zəng etdilər, dedilər ki, mənim mağazadan aldığım telefon Ata Abdullayevin olub. Mən telefonun hardan alındığını orada dedim. Hazırda telefon məndədir və işlədirəm". Prosesdə telefon satışı ilə məşğul olan Azər Abbasov Ata Abdullayevi tanıdığını bildirib: "Bizim mağazanın yanında yaşayırdı. Münasibətimiz vardı, bizdən telefon alırdı. Həmin "İphone 11 ProMax"ı mənə satıb. Mən də həmin telefonu qonşu dükana Səyyada vermişəm. O da telefonu müştəriyə satdı". İşdə adı keçən Səyyad Əliyev isə prosesdə ifadə verərək qeyd edib ki, telefonu 2000 min manata satıb: "Mənə Dövlət Təhlükəsizliyi Xidmətindən zəng ediblər. Soruşdular ki, telefonu kimdən almısan? Dəftərə baxdım ki, telefonu Azər verib. Azərdən soruşanda bildirdi ki, telefonu Ata Abdullayevdən alıb. Biz də sənədləri DTX-ya təqdim etdik. Telefonu 1800 manata almışdıq". Prosesdə şahid qismində ifadə verən Elgiz Əliyev deyib ki, zərərçəkən Elmar Əliyevlə yaxın dost olub: "Dostlarımız dedi ki, Ata Abdullayev Elmarla bağlı nəsə paylaşır. Mən Elmarla danışdım, dedi ki, Ata onun haqqında videolar hazırlayıb şantaj edir. Məsələnin də Tural Heydərlidən qaynaqlandığını dedi. Mən Turalla Elmarın problemləri olduğunu bilirdim. Tural onu şantaj edirdi. Elmar onunla bağlı Səbail rayon Məhkəməsinə müraciət etmişdi. Hətta Tural Elmara şər atmışdı ki, onu döyüb. Elmara cinayət işi açırdılar. Elmar mənə zəng etdi ki, Elçinin telefon dükanına gedib, telefon götürmək lazımdır. Razılaşdım. Pulu ondan alanda dedi ki, Ata Abdullayev şantaj etdiyi üçün ona telefon verəcək. Elçindən 2400 manata telefonu aldım. Ataya zəng edib, dedim ki, telefon məndədir. Metronun “28 May” stansiyasının yaxınlığında maşında gözləyirdim. Bir nəfər yaxınlaşdı və telefonu götürməyə gəldiyini dedi. Həmin adamı tanımadım, nə də adını bilmədim, telefonu ona verdim. Telefonu verəndən sonra Elmara məlumat verdim". Suallara cavab verən şahid qeyd edib ki, Elmar Ata Abdullayevin şantajlarından qorxduğu üçün telefon alıb: "Elmar dedi ki, telefon alından sonra onun haqqında heç nə yazılmayıb". Ata Abdullayev şahid Elgiz Əliyevdən dostu haqqında videoya baxıb-baxmadığını soruşub. Şahid isə bildirib ki, videoya baxmayıb: "Mənə maraqlı deyildi, çünki söhbətlərin haradan qaynaqlandığını bilirdim. Tural Heydərlini Ata Abdullayev çox yaxşı tanıyır". Ata Abdullayev şahidin çıxışına etiraz edib və onu mahiyyəti üzrə suallara cavab verməsini tələb edib. Prosesdə noyabrın 16-dək fasilə elan edib. Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilərək bərəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb. Geri dön |