Ana Sayfa > Karusel / Siyasət > Putin və Paşinyan anlaşdı: Kremldən Bakıya yeni təklif...
Putin və Paşinyan anlaşdı: Kremldən Bakıya yeni təklif...30-10-2021, 19:34. Yazar: Admin |
“Ermənistanda millətçi ünsür, siyasi dairələr və siyasətçilərin ciddi təzyiqlərinə baxmayaraq, Paşinyan yaxşı başa düşür ki, ölkəsinin nicatı Türkiyə ilə münasibətlərin bölgədəki yeni geosiyasi reallıqlar kontekstində qurulmasından əhəmiyyətli dərəcədə asılıdır. Ermənistan Türkiyə ilə hava və quru sərhədlərini və nəqliyyat xətlərini açmadan Avropaya inteqrasiya və dünyaya çıxmaq məsələlərini həll edə bilməyəcək. Bu, ermənistanlı iş adamlarının da xeyrinədir. Bu halda, ən azı gömrük məsələsi ətrafında danışıqların gedəcəyi istisna deyil”. Qarabaginfo.az politoloq Elşən Manafovun müsahibəsini təqdim edir: - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bölgədəki kommunikasiyaların açılması ilə bağlı verdiyi açıqlamasında “Zəngəzur dəhlizi” ifadəsinə yer verdi. İlk dəfədir ki, Rusiya rəsmi qaydada bu ifadəni işlətdi. Bunu necə başa düşməliyik? - Hesab edirəm ki, bu məsələ Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin Moskva görüşündə müzakirə edilib və müəyyən razılıqlar əldə olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri də bundan xəbər verir. 10 noyabr və 11 yanvar bəyanatları Rusiyanın moderatorluğu ilə əldə edilib. Şübhəsiz ki, Rusiya bu anlaşmaların şərtlərinin yerinə yetirilməsində maraqlıdır. Çünki bu anlaşmaya uyğun olaraq, bölgədəki kommunikasiyaların açılması təkcə Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olması deyil, eyni zamanda, regionda yükdaşımalarının intensivliyini təmin edilməli, regionla bağlı geosiyasi və geoiqtisadi layihələrin realizə olunmasına töhfə verməlidir. Ən əsası isə bölgədə sabitlik və təhlükəsizliyin təmin olunması bölgədəki kommunikasiyaların açılmasından asılıdır. Bu da xarici investorların bölgəyə cəlb olunmasında öz sözünü deyəcək. Bunu Ankara da, Moskva da, Tehran da və regionun digər dövlətlərinin hamısı yaxşı başa düşür. ABŞ-ın isə bölgədə gedən proseslərə fərqli mövqeyinin olduğu göz qabağındadır. Amerika “3+3” formatına fərqli münasibət sərgilədi. ABŞ Rusiyanın bu formatdakı iştirakına bölgə ilə bağlı maraqları prizmasından baxır. Bölgədəki əsas müttəfiqi Gürcüstan vasitəsilə bu platformanın həyata keçməsinə əngəl olmağa çalışır. Amma bu format region dövlətləri arasındakı münasibətləri müasir dövrün tələblərinə uyğun qurulmasını özündə ehtiva edir. Yəni Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə bölgədə yeni geosiyasi reallıqların yaranmasına səbəb olub. Buna da istər region dövlətləri, istərsə də beynəlxalq güclərin münasibəti birmənalı deyil. Fərqli baxışlar və mövqelər bu gün bölgə uğrunda gedən geosiyasi mübarizənin yeni mərhələyə daxil olmasının əsas səbəblərindən biridir. Türkiyə NATO üzvü olmasına baxmayaraq, bölgədə nüfuz dairəsi uğrunda gedən mübarizədə əksər məsələlərdə Rusiya ilə əməkdaşlıq edir. Buna görə də, ilk dəfə olaraq, Rusiya XİN-in verdiyi açıqlamada “Zəngəzur dəhlizi” ifadəsinə yer verildi. - Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı bizi nə gözləyir? Hələlik bir irəliləyiş nəzərə çarpmır. Proses uzanacaqmı, yoxsa bölgədəki son gəlişmələr bu məsələnin tezliklə həllini diktə edir? - Sərhədlərin müəyyənləşdirilməsi Ermənistan və Azərbaycanın məsələsi olsa da, Rusiyanın buna təsir imkanlarının olduğu göz qabağındadır. Bu baxımdan, Prezident Putinin “Sərhədlərin dəqiq xəritəsi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındadır” deməsi, təsadüfi deyil. Maraqlıdır ki, Ermənistan parlamentindənki son müzakirələrdən sonra İrəvan da, sərhədlərin demarkasiyası ilə bağlı məsələlərdə məhz 1920-ci illərin sərhədlərinə istinad etməyin məqsədəuyğunluğunu bildirdi. Ermənistan müxalifətinin bu məsələdə mövqeyi fərqlidir. Erməni müxalifəti Paşinyanı daha çox “vətənə xəyanət”də günahlandırmağa çalışır. Əlbəttə bu, müxalifətin hakimiyyət uğrunda mübarizəsindən irəli gəlir. Paşinyan qərbyönümlü siyasətçi olmasına baxmayaraq, Rusiyanın burada təsir imkanlarının olmasının mahiyyətinə varır. Buna görə də, demarkasiya məsələsinin həllində Rusiyanın təqdim etdiyi layihələrin əleyhinə yox, lehinə gedir. Güman edirəm ki, Azərbaycanın özü də Rusiyanın bununla bağlı təqdim etdiyi layihələr ətrafındakı müzakirələrə hazır olacaq. Amma düşünürəm ki, belə tezliklə sərhədlərin dəqiqləşdirilməsinə nail olmaq mümkün olmayacaq. - Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akar Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair İrəvandan müsbət siqnal aldıqlarını dedilər. Ermənistandan verilən açıqlamada da buna diqqət çəkildi. Bəs bu yöndə nə kimi irəliləyişlər ola bilər? - Ermənistanda millətçi ünsür, siyasi dairələr və siyasətçilərin ciddi təzyiqlərinə baxmayaraq, Paşinyan yaxşı başa düşür ki, ölkəsinin nicatı Türkiyə ilə münasibətlərin bölgədəki yeni geosiyasi reallıqlar kontekstində qurulmasından əhəmiyyətli dərəcədə asılıdır. Ermənistan Türkiyə ilə hava və quru sərhədlərini və nəqliyyat xətlərini açmadan Avropaya inteqrasiya və dünyaya çıxmaq məsələlərini həll edə bilməyəcək. Bu, ermənistanlı iş adamlarının da xeyrinədir. Bu halda, ən azı gömrük məsələsi ətrafında danışıqların gedəcəyi istisna deyil. Ermənistan rəhbərliyi anlayır ki, Türkiyə ilə əlaqələrin bərpası onun maraqlarına cavab verəcək. Amma Ermənistan rəhbərliyində bununla bağlı yekdil fikir yoxdur. Bu baxımdan, Ermənistan prezidentinin Səudiyyə Ərəbistanına olan səfəri də diqqətdən yayınmadı. Məlumdur ki, bəzi ərəb dövlətləri ilə Türkiyə münasibətlərində müəyyən problemlər var. Ərəblər Prezident Ərdoğanın hakimiyyətə gəlməsindən sonra Türkiyənin İslam və ərəb dövlətləri arasında liderliyinin bərpasına yönəldilmiş siyasətini birmənalı qəbul etmədilər. Səudiyyə ilə münasibətlərdəki problemlər də bu baxımdan istisna deyil. Görünür, Ermənistandakı müəyyən siyasi dairələr Türkiyə ilə müəyyən ərəb dövlətləri arasındakı münasibətlərin problemli olmasından istifadə edərək, arada çat yaratmaq və Paşinyana təzyiq göstərmək istəyirlər. Amma bu gün Ermənistan cəmiyyəti və seçicilərinin mütləq əksəriyyəti Paşinyanın siyasətini dəstəkləyir. Bu baxımdan, Ermənistan müxalifətinin sırf siyasi və hüquqi müstəvidə Paşinyana təsir və təzyiq etmək imkanları bir o qədər də güclü deyil. - Ermənistan Prezidenti Armen Sərkisyanın Səudiyyə Ərəbistanına səfərinə diqqət çəkdiniz. Bu məsələni bir qədər ətraflı izah edə bilərdinizmi? - Təbii ki, məlum münaqişəyə görə Ermənistanla diplomatik münasibətlər qurmayan dövlətlərdən biri də Səudiyyə Ərəbistanıdır. Amma Türkiyə Cənubi Qafqazla yanaşı, Yaxın Şərqdə də öz nüfuz dairəsini və fəaliyyətlərini genişləndirir, Səudiyyə Ərəbistanı isə buna göz yummaq istəmir. Bir məqam da var ki, jurnalist Camal Qaşıqçının Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülməsinin Türkiyə iqtidarı tərəfindən açıqlanması Ər-Riyadı o qədər də məmnun etmədi və Ankaranın üstünə getməyə başladı. Bəzi Səudiyyə rəsmilərinin bu cinayətdə adlarının hallandırılması münasibətləri daha da gərginləşdirdi. Görünür, Ermənistanda da bu məsələdən hansısa formada öz xeyirlərinə istifadə edə biləcəklərinə ümid edənlər var.(Teleqraf) Geri dön |