Ana Sayfa > Karusel / Qarabağ > Abad Zəngilanda görüşənədək... - FOTOLAR
Abad Zəngilanda görüşənədək... - FOTOLAR29-10-2021, 17:44. Yazar: Admin |
Bir görüşün bir ömür sürəcək təəssüratı
Prezident İlham Əliyevin müzəffər sərkərdəliyi, Şanlı Ordumuzun misilsiz qəhrəmanlığı və xalqımızın vətənpərvər fədakarlığı olmasaydı, əgər tariximizin möhtəşəm 44 günlük qəhrəmanlıq salnaməsi baş verməsəydi, bu gün – oktyabrın 29-də yenə də "Zəngilanın işğalından 28 il ötdü" yazıb, yurdumuzu kədərlə, nisgillə yad edəcəkdik.. Bu gün yenə TV-lər, radiolar, saytlar Zəngilanın işğal taleyindən bəhs edəcək, dağıdılan kəndlərdən, talan olunan evlərdən, mədəni-mənəvi, dini və tarixi abidlərin məhvindən, Çinar meşəsinin qırılmasından danışacaqdılar... Amma ruhları qarşılarında baş əydiyimiz şəhidlərimizin, Ali Baş Komandanın əmri ilə o torpaqları azad edən igidlərimizin sayəsində bu gün Zəngilanın işğalından artıq 28 il ötmür... Buna baxmayaraq, biz 29 oktyabr tarixini unuda bilmərik, unutmamalıyıq da... Qoy tarix elə tarix kimi qalsın - işğalı və zəfəri, nisgili və sevinci, utancı və qüruru ilə birgə... Bu gün isə məhz şanlı zəfərimizə köklənməliyik... ... Ümid etmək, inanmaq - işin yarıdan çoxunu görmək kimidir. Prezident İlham Əliyevin Cəbrayılın, Hadrutun və Füzulinin işğaldan azad olunmasının ildönümündə o bölgələrə səfəri zamanı düşünürdüm ki, belə bir görüş çox güman, Zəngilanda da olacaq. Və ümid edir, inanırdım ki, o tədbirə mən də qatılacam. 20 oktyabr tarixi yaxınlaşdıqca həyəcanım artırdı. Nəhayət, oktyabrın 18-də rayonumuzun İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov zəng edib xoş müjdəni verdi. Tədbirə dəvət olundum. O gündən ürəyimdə qeyri-adi hisslər baş qaldırdı. Əslində, Zəngilan işğaldan azad olunandan bu vaxtacan orada 4 dəfə olmuşdum, amma nədənsə doğma yurda budəfəki səfər ərəfəsində daha həssas duyğular yaranırdı. 28 ildən sonra Zəngilana 5-ci səfərimdə bizi doğma yurda qovuşduran şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanı ilə görüşəcəkdik. Özünün də dediyi kimi, bizi Zəngilana bu dəfə O özü dəvət edib... Sonra biz Onu dəvət edəcəyik... Nəhayət, pandemiya qaydaları ilə bağlı yoxlamardan uğurla keçib yola düşdük. Belə bir təntənəli görüşün həyəcanı o qədər çox idi ki, gecəni normal yata bilmədim. Elə hey xəyallar qurdum, abad Zəngilanı düşünüb səhərin tez açılmasını gözlədim. Şəhriyar demişkən, "yarını gözləyən aşiqlərtək ulduz saymaq" idi mənimki... Təki səhər tez açılsın, yurdumla yenidən görüşüm... 20 oktyabr günü səhər tezdən Zəngilanda idik. Yol boyu ucu-bucağı görünməyən əkin sahələrinin yanından ötürdük, traktorlar işləyir, hər yerdə iş gedirdi. Zəngilan hələ indi-indi dirçəlir, amma artıq hər qarışında zəhmət, bərəkət qaynayır... Bir dəfə hesablamışdım, düz 25 dəqiqə yol getdim, hələ də əkin sahələrinin sonu görünmürdü. Maşını dayandırıb düşmüşdüm və dəhşətə gələrək özümə sual vermişdim: “İlahi, biz bu qədər torpağı düşmənə necə verdik? Kim verdi? Sonu görünməyən bu torpaqlar qısa müddətdə necə işğal olundu? Bu illər ərzində bu torpaqlar olmadan necə yaşadıq?”. Yenə də bu sualların cavabını düşünə-düşünə düşmənin darmadağın etdiyi Babaylı kəndindən keçdik. Viran olmuş doğma kəndimizdə bir salamat ev də yoxdur... Babaylını keçən kimi Ağalı kəndinə daxil oluruq. Və budur, Prezident İlham Əliyevin təməlini qoyduğu “Ağıllı kənd” layihəsi çərçivəsində işlər sürətlə davam edir. Göz oxşayan təbiət qoynunda müasir evlər tikilir. Həkəri çayının üstündə ermənilər və iranlılar tərəfindən tikilən körpüdən keçib kəndimiz haqqında düşüncələrə dalaraq rayona doğru irəliləyirik. Bir azdan Prezident gələcəkdi... Hava yağmurludur deyə narahatıq ki, birdən yağış şiddətlənər, tədbirimiz, Ali Baş Komandanla görüşümüz yaxşı alınmaz. Amma insan övladı təbiətlə hesablaşmalı olduğu kimi, biz də bir qədər sonra nələrin baş verəcəyini bilmirdik... Tədbir məkanına çatdıq. Zəngilanın dağüstü parkına baxdıq, hər yer dağılıb. Gənclərdən biri əli ilə uçuq evi göstərib dedi ki, “bura babamın evi idi, “Zapı”nı həmişə o yanda saxlayırdı...” Xanəndə Almaz Orucova kədər içində əli ilə dərəni göstərib “bizim ev ordaydi, sola dönən kimi bizim ev idi. Amma indi dağılıb”, - söyləyirdi. Rayon işğaldan azad olunanda əsgərlərimizin Prezidentə məruzə edərək “Zəngilan işğaldan azaddır” sözlərini dediyi binanı görürük. Bu bina işğaldan əvvəl prokurorluğun binası olub, indi orada fəhlələr yaşayır. 27 il isə ermənilər yaşayıb... Hava küləksiz olsa da, birdən güclü yağış başladı. Az sonra xəbər gəldi ki, Prezident tədbir yerinə gəlir. Sanki möcüzə baş verdi. Heç 20 dəqiqə keçmədi ki, yağış dayandı, yarıbuludlu, yarıgünəşli xoş bir hava açıldı. Doğma torpağın yağmura qarışmış qoxusunu ciyərlərimizə çəkib gəzişirdik ki, bir də gördük, Prezident İlham Əliyevin idarə etdiyi avtomobil yanımızda dayandı. Hamımız bir yerə toplaşdıq, cənab Prezident və xanımı Mehriban Əliyeva bizə yaxınlaşdı. Əslində, tədbir təşkilatçıları başqa sxem qurmuşdu və mən sol küncdə qalmalı idim. Lakin qismət elə gətirdi ki, Prezidentin maşını mən tərəfdə dayandı və Zəngilan rayonunda Zəngilan ictimaiyyəti ilə görüşdə İlham Əliyevlə görüşən ilk zəngilanlı mən oldum. Prezident bütün tədbir iştirakçıları ilə bir-bir görüşdü, hal-əhval tutdu. Onsuz da əvvəldən heç kimə heç nə deyilməmiş, kiməsə istiqamət verilməmiş, nəsə planlaşdırılmamışdı. Sadəcə bildirilmişdi ki, səmimi bir görüş olacaq. Amma bu qədərini də gözləmirdik. Ölkə rəhbəri o qədər səmimiyyət göstərdi ki, sanki illərdir hamımızı tanıyır. Əslində, hər çıxışa verdiyi reaksiya ilə sübut etdi ki, bəli, bizi tanıyır. Zəngilanın hər kəndini, tarixini, təbiətini, təbii sərvətlərini o qədər mükəmməl bilir ki, bir zəngilanlı kimi bunları Prezidentdən eşitmək bizə zövq verdi. Elə gözəl bir mənzərə yaranmışdı ki... Sanki evimizə qonaq gəlib, kişilər ayrılıb bir kənarda söhbətləşir, qadınlar o biri tərəfdə öz aralarında nəsə danışırlar. Mehriban Əliyeva görüşdə iştirak edən xanımlarla kənara çəkilmiş, el-obadan söhbət edirdilər. Onlarla bir-bir şəxsən tanış olurdu. O qədər səmimi davranırdı ki, bəlkə də hansısa deputatın, nazirin xanımı insanlarla bu cür davranmağı özünə sığışdırmazdı. Hər kəslə səmimi fotolar çəkdirir, əllərindən tutur, qol-qola dayanıb maraqla dinləyir, suallar verirdi. Bizsə cənab Prezidentlə kənarda dayanıb səmimi söhbət edirdik. Şəhid kapitan Surxay Noçuyevin atası Əbdül kişi danışanda dedi ki, “oğlum müharibənin sonuncu günü Şuşada qəhrəmancasına şəhid olub”. Prezidentin bütün üz cizgiləri dəyişdi... Duruxdu... Kövrəldi... Şəhid atasının əlini iki əllə sıxıb onu qucaqladı və bütün şəhid ailələrinə təşəkkür etdi, söz verdi ki, onlar heç vaxt diqqətdən kənar qalmayacaqlar... Tale elə gətirdi ki, mən də həyatımda ikinci dəfə Prezident İlham Əliyevlə ünsiyyət qura bildim. Əslində, 2007-ci ildən Prezident müxbiri kimi Prezident Adminstrasiyasında akkreditə olunmuşam və bir çox rəsmi görüşlərdə, səfərlərdə iştirak etmişəm. Amma ünsiyyət qurmamışam. Birinci dəfə Jurnalistlər şəhərciyində ölkə rəhbəri ilə danışa bildim, bu dəfə isə Zəngilanda ünsiyyətimiz alındı. Qısaca olaraq məni rahatladan bir məsələni qeyd etdim. Həqiqətən də, son 20 ildə hər il Zəngilanın işğal günü – 29 oktyabr tarixi yaxınlaşanda çox sarsıntı keçirirdim. Prezidentə təşəkkür etdim ki, 26 ildən sonra, 27-ci ilin tamamına 9 gün qalmış zəngilanlıları bu zillətdən xilas etdi. Xilaskar demişkən, düz 28 il əvvəl, ermənilər Cəbrayılı işğal etdikdən sonra Zəngilan mühasirəyə düşdü. Ermənilər bizi də Xocalıdakı qətliamda olduğu kimi qırmaq istəyirdilər. Amma Ümummilli Lider Heydər Əliyev bizi xilas edərək Arazı keçib sağ qalmağımıza imkan yaratdı. Üstündən 26 il 356 gün keçdikdən sonra o dahi şəxsiyyətin oğlu, layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilanı düşmən caynağından xilas etdi... Xilaskarın Xilaskar oğlu! Bunları qeyd edəndən sonra Prezidentin cəsarətli siyasəti nəticəsində açılacaq Zəngəzur dəhlizindən danışdım. Nəqliyyat sahəsi ilə az-çox maraqlandığım üçün bilirəm ki, dünyanın super dövlətləri kiçik bir nəqliyyat dəhlizi uğrunda bir-birləri ilə mübarizə aparırlar. Bu gün İlham Əliyevin həyata keçirdiyi Zəngəzur dəhlizi layihəsi təkcə Zəngilanı yox, bütün Azərbaycanı dünyaya qovuşduran nəqliyyat dəhlizi, böyük logistik qovşaq olacaq. Bu layihənin önəmini çoxları aylar, illər sonra dərk edəcək. Amma belə nəhəng layihələrə yalnız nəhəng adamlar imza ata və onu reallaşdıra bilər... Prezident İlham Əliyevlə söhbət əsnasında Mehriban xanım da qadınlarla birlikdə yaxınlaşdı və Ali Baş Komandan təklif etdi ki, gəlin, birlikdə gəzintiyə çıxaq. Təsəvvür edin, yağışdan sonra palçıq içində olan yollarla təxminən 1 kilometr gəzdik. Bir prezidentin bu qədər səmimi, bu qədər sadə olduğunu heç vaxt ağılma gətirməzdim. İlham Əliyev gəzinti zamanı gələcəklə bağlı, Zəngilanın sabahı haqqında o qədər əminliklə danışdı, o qədər əzmkar davrandı ki, şəxsən mən indiyədək azca tərəddüdlü olduğum bütün sualların cavabını tapdım. Görüş müddətində ölkə rəhbəri bizimlə siyas prosesləri də müzakirə etdi, gördüyü və görəcəyi işləri izah etdi, sosial məsələlərə toxundu, dini abidələrin bərpasından bəhs etdi. Bu anda Mehriban xanım da söz verdi ki, Zəngilan məscidi təmir olunacaq, eyni zamanda, erməni vandalizminin izi də tarix üçün qorunub saxlanılacaq. Rayonun Baş Planı isə sakinlərlər birlikdə müzakirə edildikdən sonra qəbul ediləcək... Zəngilanın havasından, təbiətindən, gələcək inkişafından, insanların geri qayıdışından da söhbət açdıq. Cənab Prezident bizi əmin etdi ki, burada çox gözəl şərait yaradılacaq. O qədər gözəl şərait ki, “Bakıda qalacam” deyənlər də geri qayıtmağa can atacaq. İlham Əliyevlə görüşdə bir daha əmin oldum ki, qüdrətli sərkərdəmiz 44 günlük Vətən Müharibəsində gecə-gündüz bütün gücü ilə döyüşüb. Cəbhədə, döyüş meydanında ordu Komandanı kimi... Siyasət cəngində Prezident kimi... Beynəlxalq platformada mahir diplomat kimi... Hamısında da zəfər qazanıb, müzəffər olub! Elə özü də o tarixi anları xatırladı: “Elə bilirsiz, döyüş ancaq gündüzlər gedirdi? Xeyr! Biz gecə də döyüşürdük. O qədər təzyiqlər var idi ki, biz onlardan qorxmadıq, çəkinmədik və yolumuzdan dönmədik”. Vaxt tapıb Prezidentə məlumat verdim ki, 1980-ci illərdə Zəngilanın keçmiş rəhbərliyi səhlənkarlıq edərək rayonumuzun Mehri-Qafan zonasına yaxın hissəsində xeyli torpağı şifahi razılıq əsasında ermənilərə otlaq, örüş yeri adıyla veriblər. İndi isə ermənilər həmin torpaqları “erməni torpağı” kimi təqdim edir. İlham Əliyev dedi ki, hər şeydən xəbəri var, belə səhvlər, xoşagəlməz hallar o vaxt çox olub. Amma Prezident əminliklə dedi ki, Azərbaycana məxsus bir qarış torpaq belə, düşmənin əlində qalmayacaq. Səmimi və sadə davranışı ilə hər kəsin çöhrəsində təbəssüm yaratmağı bacaran dövlət başçısı ilə çox söhbətlər etdik. Sonda isə dedim ki, bütün zəngilanlılar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı ABAD ZƏNGİLANDA tezliklə qarşılamağı arzu edir. Razılaşdıq. Biz də vətəndaş olaraq ölkə rəhbərimizə dəstək olmalıyıq ki, başladıqları işi uğurla başa çatdırsınlar. Biz hər zaman yumruq kimi bir olmalıyıq... Azərbaycanın xoşbəxt gələcəyi “Dəmir yumruq”dadır... *** Vaxtilə Paşinyanın arvadı Anna Akopyan deyirdi ki, Mehriban Əliyeva muğam dinləmək istəyirsə, biz ona belə bir imkan yaradarıq, amma başqa fikirdə olsa, muğam dinləmək istədiyi yerlərin sayı çox ola bilər. Anna bu sözlərlə ərinin "yeni torpaqlar uğrunda yeni müharibə" sərsəm ideyasını xatırladır, yeni ərazilər işğal edəcəklərinin mesajını verirdi. Tarix isə sübut elədi ki, uğur boş-boş danışanların yox, əməli işlə məşğul olanlarındır... Birinci xanım Mehriban Əliyeva Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda muğam dinlədi və hələ muğam dinləyəcəyi yerlərin sayı çoxdur... Abad Zəngilanda görüşənədək, cənab Prezident İlham Əliyev, dəyərli Mehriban xanım Əliyeva!..
Elməddin MURADLI
Geri dön |