Ana Sayfa > Karusel / Sosial > “İcra başçısı iki oğlu şəhid olan ananın qapısına gəlmədi“ - Narazılıq
“İcra başçısı iki oğlu şəhid olan ananın qapısına gəlmədi“ - Narazılıq29-10-2021, 17:14. Yazar: Admin |
Bir neçə gün öncə 44 günlük müharibədə yeganə övladını itirən Vüsalə Məmmədovanın dərman içərək intihara cəhd etməsi müzakirələrə səbəb oldu. İddialara görə, şəhid anasının intihar etməsinə səbəb yaşadığı evin kirayə haqqını ödəyə bilməməsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun onun müraciətlərinə cavab verməməsidir. Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış fitness məşqçisi, xeyriyyəçi Kamil Zeynallı bəzi icra başçılarının şəhid ailəsinin problemlərini dinlədiyini desə də, bəzilərinin məsələyə laqeyd yanaşdığını bildirib: “Mən bəzi məmurların gördüyü işləri gözardı edə bilmərəm, onların adını çəkmək istəyirəm. Bəzi rayonların - Suraxanı, Nərimanov, Xətai, Xəzər rayonlarının icra başçıları, Sumqayıtın icra hakimiyyəti daima şəhid ailələrinin içindədirlər, mən özüm bunun şahidi olmuşam. Neçə dəfə Suraxanıda şəhid ailələsinin evinə getmişəm. Görmüşəm ki, başçı evdən çıxır. Suraxanının icra başçısı Əziz müəllim şəhid ailəsinə öz ailəsi kimi qayğı göstərir, onların halına yanır. Sabunçuda da eyni mənzərənin şahidi olmuşam. Adlarını çəkdiyim rayonlarda icra başçıları evlərinə gedib şəhidin ata-anası ilə söhbət edirlər, onların problemlərini dinləyirlər. Tədbirlərdə, mövludlarda iştirak edirlər. And olsun Allaha, bunu öz gözlərimlə görmüşəm. Amma bəzi böyük şəhərlərin icra başçıları haqda eyni sözü demək olmaz. Məsələn, Mingəçevir, Gəncə və başqa şəhərlər var ki, hərəsində 15-20 dəfə tədbirlərdə olmuşam və orada bir dəfə də olsun icra başçılarını görməmişəm. Müharibədə iki oğlunu itirmiş Sevinc ana, Nəhayət ana var, onların övladlarının adına inşa olunmuş bulaq-komplükslərin açılışı oldu, mövludlar oldu, mən heç birində icra başçısını görmədim. İcra başçısı iki oğlu şəhid olan ananın qapısına gəlmədi. Mingəçevirin icra başçısını heç bir tədbirdə aktiv iştirak edən görməmişəm. Bəlkə dəfn mərasimlərində iştirak ediblər, amma ondan sonra heç yerdə görməmişəm. Bunu qoyaq qırağa, özləri bilərslər, istər iştirak etsinlər, istərsə də etməsinlər. Onsuz da xalq hər zaman şəhid ailələrinin yanındadır”. Kamil Zeynallının sözlərinə görə, şəhid ailələrinə biganə yanaşan məmurlar hörmətsizlik edir: “Bu gün hər bir məmurun borcudur ki, şəhid ailələrinin yanında olsunlar, onların problemlərini dinləsinlər, həll etsinlər. Çünki Cənab Prezident özü tapşırıq verib ki, şəhid ailələrinin problemləri həll edilsin. Əgər bu gün hansısa icra başçısı bunu etmirsə, ilk öncə dövlət başçısına hörmətsizlik edir. Onun sözündən çıxmış, saymazlıq etmiş sayılırlar. Əgər Gəncənin icra başçısı şəhid anasını qəbul edib dinləməyibsə, o anadan öncə ölkə başçısına qarşı hörmətsizlik edib, çünki bu tapşırıqdır və olunmalıdır. Prezidentin tapşırığını belə icra etməyən başçılara başqa nə demək olar?! Ölkənin birinci xanımı Mehriban Əliyeva bu gün şəhid ailələri ilə maraqlanırsa, onların hər problemini həll edirsə, siz niyə dinləmirsiniz? Bu gün icra başçısı şəhid anasını dinləmirsə, hətta onu intihar həddinə çatdırırsa, daha mənim ona sözüm yoxdur”. Geri dön |