Ana Sayfa > Karusel / Gündəm > Bəzi yollarda piyada zolaqlarının işıqlandırılması vacibdir!

Bəzi yollarda piyada zolaqlarının işıqlandırılması vacibdir!


30-11-2018, 13:42. Yazar: Admin

Piyada zolağı ilə bağlı — MÜHÜM DƏYİŞİKLİK

Belə bir deyim var: "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı". Bu məsəl daha Azərbaycan üçün keçərli deyil desək, yanılmarıq. Çünki, ölkəmiz elə gəzmək üçün də yaxşıdır. Həqiqətən də doqquz iqlim qurşaqlı, gözəl təbiətli Vətənimizdə həyata keçirilən geniş abadlıq-quruculuq işləri, regionların yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, paytaxt Bakının və digər şəhərlərin beynəlxalq miqyaslı mühüm tədbirlərə ev sahibliyi etməsi, turizm potensialının gücləndirilməsi ölkəmizi xarici qonaqlar üçün cazibədar etmişdir. Təəccüblü deyildir ki, bizə təşrif buyuran müsafirlər təəssüratlarını bölüşürkən, təkcə xalqımızın qonaqpərvərliyini deyil, Azərbaycanın şəhər və qəsəbələrinin füsunkarlığını da xüsusi vurğulayırlar. Danılmaz gerçəkdir ki, bir çox müstəvilərdə Azərbaycan hətta dünyanın qabaqcıl ölkələrinə də nümunə hesab edilir.

Ancaq respublikamızda güzəran nə qədər firavan olsa da, insanlarımız müxtəlif səbəblərdən xarici ölkələrə müəyyən müddətə səfər etməli olurlar. Kimi qonaq gedir, kimi işgüzar səfər edir, kimi də başqa səbəblə əlaqədar respublikamızın hüdudlarını tərk edir. Bu yazını qələmə almaqda məqsədim odur ki, xarici ölkələrdə səfərdə olan həmvətənlərimiz müşahidə etdikləri kreativ yenilikləri qeydə alsınlar və görüb-götürdüklərinin ölkəmizə qayıdandan sonra burada da tətbiq olunması üçün təklif irəli sürsünlər. O doğrudur ki, Azərbaycanda elə qabaqcıl təşəbbüslər həyata keçirilib ki, dünyanın başqa ölkələrində hələ indi tətbiq olunur. Amma yenə də müşahidəli göz axtarsa, bizdə də tətbiqi məqsədəuyğun sayılacaq yeniliklər tapa bilər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə tərəqqiyönlü işlər görülür və görülməkdədir. İnkişafı göz oxşayan sahələrdən biri də əlbəttə ki, ölkəmizin yol-nəqliyyat infrasrtukturudur. Hava, su, dəmiryol və avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, müasir standartlara uyğunlaşdırılması ilə yanaşı, yollarda təhlükəsizliyin təmin olunmasına nəzarət sistemi də səlis işləyir. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi cənab Ramiz Zeynalov rəhbərliyi altında avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmini sahəsində çoxsaylı və davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlərə DYP əməkdaşlarının stasionar və digər post və marşrutlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki vasitələrin tətbiqi ilə yollarda hərəkətin təhlükəsizliyinin təmininə nəzarət etməsi, yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə təxirəsalınmaz tədbirləri həyata keçirmək; xüsusi təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, bu cür nəqliyyat vasitələrini, habelə avtomobil karvanlarını müəyyən edilmiş qaydada müşayiət etmək; yol hərəkəti iştirakçılarına onların hüquqlarının təmin olunmasında yardım etmək, qanunvericilikdə nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin istismarını qadağan etmək və sair aiddir. O sırada əlbəttə ki, yol nişanlarının və yerüstü piyada keçidi zolaqlarının çəkilməsi, daha mürəkkəb keçidlərin inşası üçün təkliflərin verilməsi də vardır.

Yaşayış məntəqələrinin içərisindən keçən beynəlxalq və yerli əhəmiyyətli avtomobil yollarında yol üzərindən pilləkənli və yeraltı piyada keçidləri inşa etmək həmişə sərfəli olmur. Statistika isə göstərir ki, zolaqlı piyada keçidləri heç də həmişə piyadaların xəsarət alması və ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin olmayacağına zəmanət vermir. Çünki, hava tutqun və yağmurlu olanda sürücülərin məsafədən keçidləri görməsi çətinləşir. Havanın tez qaraldığı qış mövsümündə bu məsələ bir az da aktuallaşır.

Azərbaycanda ilk işıqlandırılan piyada keçidi zolağı 2014-cü ildə paytaxtın Murtuza Muxtarov küçəsi ilə Nigar Rəfibəyli küçəsinin kəsişməsində, Baş Prokurorluğun qarşısında quraşdırılıb. Bu piyada zolağının digərlərindən fərqi onda idi ki, özündə işıqforun rənglərini əks etdirən qırmızı və yaşıl işıqlarla təhciz olunmuşdu. Yaşıl rəngli işıq piyada zolağının üzərində quraşdırılıb. Qırmızı rəngli işıq isə sürücülərin avtomobilləri dayandırıb, piyadaya yol vermək üçün “stop xətt” funksiyasını daşıyır. Eyni zamanda keçidin yanında yol nişanları da var ki, bu da piyada zolağına ayrı bir gözəllik qatır. Həminmaraqlı ideyanın Bakıda reallaşdırılmasının təşəbbüsçüləri olan səlahiyyət sahibləri yəqin ki, xaricdə həmin təcrübənin mühüm əhəmiyyətli dövlət obyektlərinin (məsələn, Baş Prokurorluğun inzibati binası kimi) həndəvərində uğurla tətbiq olunduğunu görüb-götürüblər və bizim paytaxtımızda dahəyata keçirilməsinə nail olublar. Təki elə bütün vəzifəli şəxslərimizin xarici ölkələrə işgüzar səfər edəndə ətrafa baxan gözləri öz şəxsi maraqlarına yarayacaq yenilikləri deyil, ictimai və dövlət maraqlarına xidmət edəcək qabaqcıl nailiyyətləri görəydi.    

Lakin çox təəssüflər olsun ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı bu yaxşı təşəbbüs sonradan geniş intişar tapmadı. Hərçənd, vacib deyil ki, piyada keçidləri böyük məsrəflər tələb edən çılçıraqlarla əhatə olunsun. Yetər ki, piyadaların üzərinə işıq düşsün. Çünki, sürücülərin bərbəzəkli işarələri deyil, məhz piyadaları aydın görməsi kifayətdir.

Bu sətirlərin müəllifinə bir çox xarici ölkələrə - qonşu Gürcüstana, Türkiyəyə, Ukraynaya, Rusiyaya səfər etmək nəsib olub. O qədər də böyük məsrəf tələb etməyən işıqlı piyada keçidlərini Rusiya paytaxtının Belozersk, Bratislavsk, Klara Setkin və bir çox başqa küçələrində, Kaluqa şossesində, İzmaylovo şossesində və Moskvaətrafı digər şəhərlərə, ələlxüsus da Yaroslavl, Kostroma istiqamətinə aparan trassların üstündə görmüşəm. Həmin keçidlərdə işığın assimmetrik yayılması üsulundan istifadə olunmuşdur ki, bu da piyadanın sürücü tərəfindən görünməsinin yüksək şaquli səviyyəsini təmin edir. Piyada keçidlərinin üzərindəki işıqlar digər adi yol işıqları ilə kontrast təşkil etməklə qəza hadisələrinin qarşısını xeyli alır.

Hazırda hərəkət sürətinin yüksək olduğu Bakı - Sumqayıt yolundakı piyada keçidlərinin, ələlxüsus da Masazır qəsəbəsindən Duzlu Gölə tərəf gedən yolda yaşayış məntəqəsinin içindən keçən avtomobil yolunun üstündəki piyada keçidlərinin mütləq işıqlandırılmasına çox ciddi ehtiyac vardır. İkinci qeyd olunan yol nahiyəsində ümumiyyətlə, işıq dirəkləri azdır. Yolboyu irəlilədikcə, yalnız avtomobilin öz işıqları şərait barədə dürüst təsəvvür yaranmasına demək olar kifayət etmir. O üzdən qəza vəziyyəti yaranır. Məqsədəuyğun olar ki, BDYP məhz belə yol nahiyələrini müəyyənləşdirib onların üzərindəki piyada keçidlərinin işıqlandırılmasını təmin etsin. Bu, həm hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edər, həm də yol polisinə alqış qazandırar. 

Rauf Adiloğlu


Geri dön