Ana Sayfa > Karusel / İqtisadiyyat > Telefon və avtomobillərin qiyməti bahalaşacaq

Telefon və avtomobillərin qiyməti bahalaşacaq


29-10-2021, 11:08. Yazar: Admin

Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsum artırılır. Bununla bağlı “Dövlət rüsumu haqqında”qanuna dəyişiklik ediləcək.

Dəyişikliyə görə, Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləği artırılacaq. Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar 27 iyul 2018-ci ildə verilib.

Qərara əsasən, “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi, haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” (1 saylı əlavə),”Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” (2 saylı əlavə) təsdiq edilib.

Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilib:

2000 kubsantimetrədək, mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat, 3000 kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat, 4000 kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat, 5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat, 5000 kubsantimetrdən çox olduqda 1500 manat.

Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

İstehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0, istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8, istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3 manat müəyən edilib.

Mobil cihazlara gəlincə, qərara görə, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunurdu.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilirdi.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat.

Qeyd edək ki, həmin qəraradək bazar qiymətindən asılı olmayaraq mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu alınırdı.

Rüsmların nə qədər artırılacağı barədə məlumat verilməyib, habelə qanuna dəyişikliyin müzakirəyə çıxarılacağı tarix də bəlli deyil. Amma bu dəyişikliyi 2021-ci ilin əvvəlindən vüsət götürən bahalaşmanın davamı saymaq olar.

Qarabaginfo.az xəbər verir ki, iqtisadçı ekspert Nazim Bəydəmirli “Pressklub.az”a bildirib ki, dövlət xidmətlərinin maya dəyərinin neçəyə başa gəlməsinə baxmayaraq, kifayət qədər fərqli tariflər müəyyən olunub. “Bunlar o anlama gəlir dövlət vətəndaşla heç kommersiya təşkilatları kimi də davranmır. Dövlət qurumları təbii inhisarçılıq yaradaraq, o xidmətləri əllərində saxlayaraq daha çox vəsaitlər əldə edib onu səmərəsiz xərcləməklə məşğuldurlar”,-deyə iqtisadçı vurğulayıb.

N. Bəydəmirlinin sözlərinə görə, normal ölkələrdə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq daha çox xidmətlər özəl şirkətlərə verilir: “Məsələn, qonşu Ruisiyada avtomobillərin texniki baxışı özəl qurumlara verilib. Azərbaycan kimi avtomobil və telefon istehsal etməyən ölkədə bu xidmətlərin qiymətini qaldırmaq hansı anlama gəlir? Bununla nə daxili istehsalı stimullaşdırmaq, nə də sivil informasiya cəmiyyəti qurmaq olar. Vətəndaşların vergiləri hesabına saxlanılan dövlət qurumları verdikləri xidmətləri onların maya dəyərinə uyğunlaşdırmalıdırlar”.

Ekspert xatırladır ki, 2009-cu ildə ölkə başçsının bu barədə fərmanı olub: “Fərmanda bildirilirdi ki, kommunal xidmətlər də daxil olmaqla onların maya dəyəri müəyyən edilsin və ondan 30 faiz yuxarı olmamaq şərti ilə qiymətlər qoyulsun. Amma biz nəyi müşahidə edirik? Kommunal xidmətləri bahalaşdırmaqla, idxal rüsumlarını yüksəltməklə hökumət ölkədə süni qiymət artımı yaradır. Bu da əhalinin daha da yoxsullaşmasına səbəb olur. Eyni zamanda yeni monopoliyalar yaradır, təbii inhisarçılığı daha da inkişaf etdirir. Bu, bazar iqtisadiyyatı prinsiplərinə, kommersiya fəaliyyətinə ziddir. Bunlar heç vergi də ödəmirlər, belə xidmət rəhbərlərinin mənimsəmələri, oliqarx həyat tərzləri jurnalist araşdırmalarının mövzusudur”.

Nazim Bəydəmirli vurğulayır ki, sosial dövlətdə, sivil dünyada belə deyil: “Məsələn, 2 manat dəyəri olan pasporta görə 40 manat, daha tez almaq üçün 150 manat qiymət qoyulub. Bu cür yanaşma doğru deyil. Hesab edirəm ki, telefonların elektron qeydiyyatının bahalaşdırılması yeni, müasir texnoloji avadanlıqlara insanların əlçatımlılığını, bununla da istehlakçının hüquqlarını məhdudlaşdırır. Milli Məclis normal bir parlament olsaydı, belə dəyişikləri ciddi şəkildə sorğulayardı və ona getməzdi”.


Geri dön