Ana Sayfa > Karusel / Region > İrəvan Qarabağa “ordu” üçün gizli pul göndərir - DETALLAR

İrəvan Qarabağa “ordu” üçün gizli pul göndərir - DETALLAR


28-10-2021, 21:58. Yazar: Admin
İrəvan Qarabağa “ordu” üçün gizli pul göndərir - DETALLAR

Ermənistan Nazirlər Kabineti Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının məsuliyyət zonasındakı erməni əhali üçün 27 milyon dollar ayırıb.

Maliyyə naziri Tiqran Xaçatryan bu məbləğin noyabr üçün olduğunu, Qarabağdakı ermənilərin hansı ehtiyaclarına xərclənəcəyini açıqlayıb və elə məhz onun açıqlaması da ciddi şəkildə düşünmək üçün əsas verir.

Xaçatryanın sözlərinə görə:

1. 6,4 milyon dollar əmək haqlarının ödənilməsinə gedəcək.

Ermənistanda orta aylıq əmək haqqı 380 dollardır (646 manat). Əgər bu vəsait yalnız əmək haqlarına gedirsə, onda belə çıxır ki, Qarabağda təxminən 16 min 842 nəfər əmək haqqı alır.

Qarabağda isə ən son məlumata görə cəmi 19800 nəfər əhali var. Bu əhalinin hamısının əmək haqqı almadığı hər kəsə bəllidir. Ailə olaraq təxminən 5 min götürülərsə və hamısına əmək haqqı verilərsə, yenə 16,8 min etmir.

2. 2,4 milyon dollar pensiyaya ayrılır.

Ermənistanda orta aylıq pensiyanın məbləği 90 dollardır. Bu məbləği pensiya alanlar arasında bölsək, 26 min 700-ə yaxın pensiyaçı deməkdir.

Qarabağda məskunlaşdırılan əhalinin ümumi sayının 19800 olduğunu bir daha xatırlatsaq, burda ciddi təzad göz önündədir.

3. 2,7 milyon dollar əhalinin işıq və qaz istifadəsinin ehtiyacları üçün ayrılıb.

Ermənistanda işıq tarifləri fərqlidir, aztəminatlı, gecə-gündüz fərqləri var. Yəni əhali üçün gündüz işıq 9,5 sent, gecə 7,4 sent (təxminən), aztəminatlılar üçün gündüz 62 sent, gecə 41 sentdir (Ermənistanda AES fəaliyyət göstərdiyi üçün elektrik enerjisi daha ucuz başa gəlir).

Qarabağda hər kəsin aztəminatlı kateqoriyasına aid edildiyini nəzərə alsaq, ən yüksək halda əhali üçün 1 kVT elektrik enerjisinin dəyəri 55 sent edir.

Bu hesabla bir ailənin elektrik sərfiyyatı (insafsızlıq edib, 400 kVT israf etsələr) maksimum 20 dollar ola bilər. Qarabağda təxminən 5 min ailə olduğunu nəzərə alsaq, işıq pulunu dövlət tam ödəsə belə, bu, 100 min dollar edir.

Qaz tarifi: Ermənistanda əhaliyə satılan qazın bir kub/metri 26 sent, (139), aztəminatlılara satılan qaz 21 sentdir. Ortalama 25 sentdən götürsək və qış olduğunu nəzərə alsaq, bir ailənin qaz sərfiyyatı 30 dolları keçmir və bu da maksimum 150 min dollar edir.

Demək, işıq+qaz məsrəfi Qarabağda yaşayan əhali üçün 250 min dollar civarındadır.

Zəruri olaraq qeyd edək ki, bu vəsaitin yalnız əhaliyə ayırıldığı bildirilir. Demək, sosial obyektləri, küçələrin işıqlandırılmasını bura aid edə bilmərik.

250 min dollar kifayətdir ki, Qarabağdakı əhalinin bir aylıq kommunal xərclərini Ermənistan qarşılasın. Bəs, onda niyə 2,7 milyon dollar ayrılıb?

4. 700 min dollar uşaq bağçalarına, 490 min dollar kənd icmalarına dotasiya üçün nəzərdə tutulub. Bu da edir 1 milyon 190 min.

6,4 milyon (əmək haqqı)+2,4 milyon (pensiya)+2,7 milyon (qaz və elektrik)+1,190 milyon (bağça və icmalara yardım) = 12 milyon 690 min.

Amma ayrılıb 27 milyon dollar! Bəs, bu vəsaitin gerisinin hara xərclənəcəyi niyə açıqlanmır?

Ermənistan əslində bu vəsaiti hara ayırıb?

Ayrılan vəsaitlərin təyinatı üzrə bölgüsündə həddən artıq şişirtmələr var. Bu vəsaitin yeyinti üçün nəzərdə tutulduğunu təxmin etmək mümkün deyil – çünki vəsaitin xərclənməsinə nəzarət mexanizmi var.

Bəs, necə olur ki, “nəzarətçilər” – “Hayastan” və “Şərəf Duruyam” blokları bunu normal qarşılayırlar?

Daha bir vacib nüans:

Əhalisi 350 mindən çox olan Naxçıvanın büdcəsi cəmi 294 milyon dollardır.

Nikol Paşinyan isə bəyan etdi ki, 2021-ci il üçün Qarabağdakı ermənilərə 240 milyon dollar ayrılıb, 2022-ci ildə isə bu rəqəm 288 milyon dollar olacaq.

19.800 nəfər əhali üçün bu qədər məbləğin ayrılması realdırmı?

Hətta separatçıların başçısı Araik Artyunyan Qarabağdakı ermənilərin sayının 30 minə düşdüyünü təəssüflə bildirmişdi. Arutyunyanın rəqəmi ilə götürsək belə, bu məbləğin həddən artıq böyük olduğunu görə bilərik.

Belə məlum olur ki, işıq-qaz, əmək haqqı, pensiya, “və sair” kimi göstərdikləri məbləğ əslində Qarabağa yerləşdirdikləri və hələ də geri çəkmədikləri qanunsuz hərbi birləşmələrin saxlanılmasına, onların texniki təchizatına, o cümlədən gündəlik xərclərinə gedir.

Ermənistan bu gün elan etdiyi rəqəmlərlə Qarabağda hərbi birliklər saxladığını etiraf etmiş olur. Sadəcə, bu vəsaitin “əhaliyə ayrıldığını” deməklə, məqsədini gizlətməyə çalışır.

N.Paşinyanın gələn il Qarabağdakı erməni “əhalisinə” ayrılacaq məbləğin daha 44 milyon artacağını və 288 milyona çatdırılacağını deməsi isə Ermənistanın Azərbaycan ərazisində qanunsuz hərbi birləşmələr saxlamağa davam edəcəyi anlamına gəlir.(Axar.az)


Geri dön