Ana Sayfa > Karusel / Sosial > Goranboyda Vətən müharibəsi zamanı dağılan ev təmir olunub

Goranboyda Vətən müharibəsi zamanı dağılan ev təmir olunub


28-10-2021, 18:16. Yazar: Admin

Goranboyda Vətən müharibəsi zamanı dağılan ev təmir olunub

Goranboyda Vətən müharibəsi dövründə dağılmış evlərdə təmir-bərpa işləri aparılır.

Qarabaginfo.az-ın Qərb Mərkəzinin məlumatına görə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları artilleriya qurğularından və ballistik raketlər kompleksindən atəşə tutaraq dinc əhalini və mülki obyektləri hədəf aldı. Erməni silahlı dəstələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorlar nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişib, yüzlərlə fərdi yaşayış evləri, sosial, iaşə və xidmət obyektlərinə ciddi ziyan dəyib.

Erməni terrorçularının atdığı raketlərdən biri Goranboyun Tap Qaraqoyunlu kənd sakini Fuad İsayevə məxsus fərdi yaşayış evinə düşüb.

F.İsayev bildirib ki, raket düşən zaman xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib: "Vətən müharibəsi zamanı ermənilərin atdığı mərmilərdən biri bizim evə düşdü. Şükürlər olsun ki, mərmi düşən zaman xəsarət alan olmadı. Müharibənin qızğın döyüşləri zamanı düşmən raketlərlə, top mərmiləri ilə kəndimizi atəşə tuturdu. Həmin vaxt bizim də evimizin aynəbəndi, dam örtüyü və həyətdəki hovuz dağılmışdı".

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib. İstifadəyə verilən evlərdən biri də R.Abbasovaya məxsus fərdi yaşayış evidir.

O, evinin yenidən bərpa edilərək istifadəsinə verildiyi üçün əməyi olanlara təşəkkür edib: "İlk olaraq, Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ailəmizin adından təşəkkür edirəm, sağ olsunlar. Sağ olsunlar dövlətimizin sayəsində hazırda evimiz təmir olunub, bütün ziyanlar aradan qaldırılıb. Evimizdə təmir işlərinin aparılması ilə yanaşı dövlət tərəfindən 1000 manat da maddi yardım da edildi bizə. Prezidentindən, dövlətimizdən çox razıyıq. İni bu evdə 5 nəfər rahat şəkildə yaşayır."

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.(Report)


Geri dön