Ana Sayfa > Karusel / Gündəm > DİN: Polis bölməsində qazilərə fiziki güc tədbiq olunmayıb

DİN: Polis bölməsində qazilərə fiziki güc tədbiq olunmayıb


28-10-2021, 16:27. Yazar: Admin

Daxili İşlər Nazirliyi

 

“Vətən Müharibəsi iştirakçısı olan bir qrup şəxs Ziya Bünyadov prospektinin kənarında yerləşən “Azərenerji” ASC-yə məxsus yüksək gərginlikli hava xəttinin mühafizə zonasında yerləşən əraziyə daxil olaraq orada qanunsuz tikinti işləri aparmağa cəhd ediblər. Polis əməkdaşları tərəfindən onların bu hərəkətinin qarşısı alınıb və profilaktik söhbət aparılaraq ərazidən uzaqlaşdırılıblar”.

Bunu Qarabaginfo.az-a sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

E. Zahidov bildirib ki, həmin şəxslər bu xəbərdarlığa etiraz əlaməti olaraq nəqliyyatın sıx hərəkətdə olduğu Ziya Bünyadov prospektini bağlamağa da cəhd göstəriblər. Onların bu cəhdinin də qarşısı polis əməkdaşları tərəfindən alınıb. Onun sözlərinə görə, qeyd olunanlarla əlaqədar bu gün həmin şəxslərlə profilaktiki söhbət aparılması və araşdırılma məqsədilə Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə dəvət olunublar: "Onlar Polis Bölməsində qazi adına yaraşmayan, Vətən Müharibəsi iştirakçısı kimi müqəddəs ada xələl gətirən hərəkətlər edərək əsassız səs-küy yaratmış, yüksəkdən danışaraq ətrafdakı insanların diqqətlərini özlərinə çəkməyə çalışmışlar. Onlar guya Polis Bölməsində döyüldüklərini, fiziki təzyiqlərə məruz qaldıqlarını bildirməklə qazi adına xələl gətiriblər. Halbuki onlara Polis Bölməsində nəinki fiziki güc, hətta yüksək səs tonu ilə də danışılmayıb. Qazilərimiz xalqımızın dəyərli övladlarıdır. Onları qorumaq, qayğılarına qalmaq hər birimizin borcudur. Bununla belə hər bir kəs, o cümlədən, hamımızın fəxri olan qazilər bilməlidirlər ki, üzləşdikləri hər hansısa bir problemlə əlaqədar yol bağlamaq, nəqliyyatın hərəkətinə mane olmaq və bununla da vətəndaşlarımızın rahatlığını pozmaq yolverilməzdir. Problemin həllinin yeganə yolu yalnız aidiyyəti dövlət qurumlarına müraciət etməkdir.

Bir daha torpaqlarımızı işğaldan azad edərək düşmən üzərində böyük qələbə qazanmış qəhrəman övladlarımızı müqəddəs qazi adını hər zaman uca tutmağa, üzləşdikləri hər hansı problemlə əlaqədar təmkinli olmağa çağırırıq və inanırıq ki, onların hər bir hərəkəti, davranışı vətəndaşlarımız üçün nümunə olacaq".


Geri dön