Ana Sayfa > Karusel / Cəmiyyət > “Virusun bu qədər yayılmasına səbəb məktəblər və toylardır” - infeksionist
“Virusun bu qədər yayılmasına səbəb məktəblər və toylardır” - infeksionist26-10-2021, 08:16. Yazar: Admin |
Həkimdən xəbərdarlıq: “AY.4.2. uşaqlar arasında yayılmağa başlayıb”Azərbaycanda epidemioloji vəziyyət yenə də neqativə doğru dəyişməkdədir. Xüsusilə də son günlər ölüm saylarının artması narahatlıq doğurub. Yazını hazırladığımız zaman bəlli olan statistikaya görə, son sutkada koronavirus (COVİD-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 517 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 232 nəfər müalicə olunaraq sağalıb, 6 915 nəfər vəfat edib. 25 655 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, bu günə qədər isə ümumilikdə 5 117 481 test icra olunub. Bəs görəsən, bu artım nə ilə bağlıdır? Bununla belə, ekspertlər artıq 5-ci dalğanın başladığnı deyirlər. O da iddia olunur ki, bu növbəti dalğanın başlamasına səbəb ölkəmizdə AY.4.2 variantının yayılmasıdır. Görəsən, iddialar doğrudurmu? Məktəblərdə isə koronavirus sürətlə yayılmaqda davam edir. Azərbaycanda koronavirus səbəbindən 20-dək məktəb distant təhsilə keçib. Nəzərə Salaq ki, indiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVİD-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib. Bu arada, Moskvada 10 günlük qapanma elan edilib. Rusiyanın paytaxtı Moskvada qeyri-iş günləri oktyabrın 28-dən noyabrın 7-dək davam edəcək. Müvafiq qərar pandemiya ilə bağlı vəziyyətin pisləşməsinə görə qəbul edilib. Paytaxtın meri Sergey Sobyanin deyib: "Koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar olaraq Rusiya prezidenti Vladimir Putin qeyri-iş günləri ilə bağlı qərar qəbul edib. Moskvada da vəziyyət pis ssenari üzrə inkişaf etməkdədir. Önümüzdəki günlərdə biz virusa yoluxmada pik həddə çatacağıq. Ona görə də 28 oktyabr-7 noyabr tarixlərində Moskvada qeyri-iş günləri elan edilir", - Sobyanin vurğulayıb. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus ilin sonuna qədər dünya ictimaiyyətinin ən azı 40 faizinin peyvəndlənməsini təmin etməyə çağırış edib: “Mənə tez-tez pandemiyanın nə vaxt bitəcəyi sualı verilir. Mənim cavabım budur ki, pandemiya dünya onu dayandırmağa qərar verəndə sona çatacaq. Öz əlimizdədir. Lakin dünya bu vasitələrdən yaxşı istifadə etməyib. Hər həftə 50 minə yaxın insan ölür, bunlar yalnız haqqında məlumat verilən ölümlərdir”. Gebreyesus həmçinin bütün “G20" ölkələrini beynəlxalq COVAX və AVAT (Afrika Peyvəndalma İşçi Qrupu) mexanizmlərinin dərman tədarükünü prioritetləşdirməyə çağırıb: “G20 ölkələri dərhal öhdəliklərini yerinə yetirməli və dozaları paylaşmalıdırlar. İstehsalçılar COVAX və AVAT ilə müqavilələrini prioritet verməli və təcili şəkildə yerinə yetirməli, həmçinin nəyin hara göndərilməsində daha şəffaf olmalıdır. Bunu etsək, pandemiyaya son qoya bilərik və qlobal sağalmanı sürətləndirə bilərik". Mərdan Əliyev İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a son günlərin epidemioloji vəziyyəti barədə bunları deyib: “Artıq yeni bir dalğa başlayıb. Payız-qış fəslində artmasını gözləyirik. Üzü yaya doğru azalacaq. Bu da təbiidir, çünki pandemiya tam azalmayıb. Hələ davam edir. Yayda müəyyən faktorların təsirindən həm fəsillə əlaqədar, həm də vaksinasiya ilə bağlı olaraq azalmalar oldu. Burada həm də karantinin də öz rolu var idi. Sonradan üzü payıza doğru karantin yumşaldılmaları, toyların açılması, sonra da məktəblərin açılması infeksiyanın yayılmasına güclü təsir göstərdi. Yoluxmanın artması üçün əlverişli şərait oldu. Fikrimcə, məktəblər açılmamalı idi. Çünki yeni ”Delta" ştammı AY.4.2.uşaqlar arasında daha sürətlə yayılır. Bundan əlavə, uşaqlarda tək koronavirus deyil, başqa viruslar da yayılıb. Biz təcrübədə də rast gəlirik, uşaq xəstələnir, üstündən 10 gün sonra yenidən başqa bir virusa yoluxur. Bu da o deməkdir ki, bunlar eyni virus deyil. Hazırda viruslar qarışıb. Düzdür, uşaqlar xəstəliyi ağır keçirmir. Kiçiklərdə koronavirusun A,C,E reseptorları var, bunlar uşaqlarda tam inkişafa çatmağına görə, xəstəliyi böyüklərdəki kimi ağır şəkildə keçirmirlər". İnfeksionist ÜST rəsmisinin fikirlərinə də münasibət bildirib: “Yadınıza gəlirsə, pandemiya yeni başlayanda dünya buna hazır deyildi. Pandemiya dünyada qəfil yayıldı və bir çox ölkələrdə, hətta Amerika Birləşmiş Ştatlarında da maska, dərman çatışmazlığı müşahidə edildi. Bizdə də yadınıza gəlirsə, bunlar oldu. Amma istehsal prosesi sürətləndirildi, hazırda həm dərman vasitələri, həm də qoruyucu vasitələrin çatışmazlığı müşahidə edilmir. Amma bundan düzgün istifadə etmək vacibdir. İnsanlar fərdi şəkildə bundan düzgün istifadə etməlidirlər. Artıq son günlər arxayınlaşma görürük. Bu da onunla əlaqədardır ki, virus artıq yeni deyil, insanlar psixoloji olaraq buna öyrəşiblər. Buna görə maskalardan düzgün istifadə etmirlər. Yaxud da qapalı yerlərdə bəzən məsuliyyətsizlik olur. Bu da yenə də yoluxma sayını artırır. Toylar artıq başlayıb, toylarda maskalardan istifadə etmək mümkün deyil, sosial məsafəni qorumaq mümkün deyil, insanların bir-biri ilə öpüşməsi toylarda artıq bir ənənədir. Bundan da qaçmaq olmur. Bu da virusun toylarda yayılmasına səbəb olur”.
Bu arada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlərə münasibət bildirib: “COVİD-19 xəstəliyinə yoluxmuş və ”İmmunitet" sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər. “Azərbaycan Respublikasında ”COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Avqust ayından etibarən ölkədə “buster” dozanın da vurulmasına başlanılıb. “Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır. Məlumat üçün qeyd edək ki, yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər. Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt, yəni ki, 2 ay ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilər", - məlumatda qeyd edilib.(Musavat.com) Geri dön |