Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana edəcəyi qısamüddətli işgüzar səfərin proqramı açıqlanıb. Türkiyə prezidenti administrasiyasının bu barədə az əvvəl yaydığı rəsmi məlumatda deyilir:
-Prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti, hörmətli İlham Əliyevin dəvəti ilə 26 oktyabr 2021-ci il tarixində Azərbaycana bir günlük işgüzar səfər edəcək.
Hörmətli Prezidentimiz Azərbaycan Prezidenti hörmətli Əliyevlə birlikdə Vətən müharibəsi nəticəsində işğaldan azad edilən Füzulidə qısa müddət ərzində tamamlanan Beynəlxalq Hava Limanının açılışı ilə bölgədə yeni avtomobil yolunun və Zəngilanda Türkiyənin də iştirakı ilə inşa ediləcək Ağıllı Aqrokompleksin təməl atma mərasimlərində də iştirak edəcəklər.
Səfər sırasında aparılacaq müzakirələrdə Türkiyə-Azərbaycan münasibətləri bütün yönləri ilə nəzərdən keçiriləcək, iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı aktual regional və beynəlxalq hadisələr haqqında da fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
virtualaz.org