Gələn ilin aprelində Macarıstanda növbəti parlament seçkiləri keçiriləcək.
Ölkənin indiki baş nazir Viktor Orban qalib gəlsə (şanslar yaxşıdır) dördüncü dəfə hökuməti formalaşdıracaq.
Bu arada seçki ərəfəsində əleyhdarları Orbana qarşı bütün mübarizə üsullarını işə salıblar.
Ramil Səfərov olayı da yenidən gündəmə gəlib.
Müxalif yönlü szabadeuropa.hu saytı (10. 08. 2021) baş naziri ittiham edir ki, Azərbaycan səfiri Vilayət Quliyevlə əl-ələ verib “baltalı qatili” vətəninə ekstradisiya etdiyi bəs deyilmiş kimi, səlahiyyət müddəti başa çatan səfirə yüksək macar ordeni də əta edib. Daha doğrusu, ölkə prezidenti qarşısında belə bir təltiflə bağlı məsələ qaldırıb və hətta xahişdə bulunub.
Qarabaqinfo.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Azərbaycanın Macarıstandakı keçmiş səfiri Vilayət Quliyev qısaca olaraq bildirib:
“Deyəsən, Macarıstanda da paxıllarım varmış... Amma təbii ki, əsas hədəf xalqımızın dostu cənab Viktor Orbandır”.
Vətəndaş İttifaqı Partiyasının (FİDES) qurucularından biri olan Viktor Orban ilk dəfə 1998-ci ildə Macarıstanın baş naziri seçilib.
2010-cu ilin aprelində onun partiyası ikinci dəfə seçkiləri udub və Orban yenidən baş nazir kürsüsündə əyləşib.
2014-cü ildə Viktor Orbanın partiyası növbəti dəfə qələbə çalıb və o, 3-cü dəfə baş nazir seçilib.
Viktor Orban Azərbaycana dost siyasi xadimlərdəndir. 2012-ci ildə Macarıstanda erməni hərbçinin qətlinə görə ömürlük həbs cəzası çəkən azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasından sonra Viktor Orban tənqidlərə tuş gəlmişdi. O zaman öz ölkəsində və bəzi Avropa dövlətlərində bu olayla bağlı tənqid dalğası Viktor Orbanın reputasiyasına müəyyən qədər zərbə də vurmuşdu.
Viktor Orbanın siyasəti sahəsində Macarıstan və Azərbaycan arasında münasibətlər indi çox yüksək səviyyədədir.
Quliyev 2010-cu ildən 23 iyul 2021-ci il tarixinə kimi Azərbaycan Respublikasının Macarıstandakı səfiri olub.