Ana Sayfa > Karusel / Region > “Ermənilər 1920-ci il xəritələrini ortaya atıblar. Bu, real deyil” – Fərid Şəfiyev 

“Ermənilər 1920-ci il xəritələrini ortaya atıblar. Bu, real deyil” – Fərid Şəfiyev 


23-10-2021, 12:05. Yazar: Admin

“Ermənilər 1920-ci il xəritələrini ortaya atıblar. Bu, real deyil” – Fərid Şəfiyev 

Noyabrın 9-da Moskvada Azərbaycanla Ermənistan arasında 2 yeni sənədin imzalanacağı gözlənilir. Yenisabah.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bir sıra ekspertlər isə bunu sülh müqaviləsi kimi dəyərləndirirlər. Ehtimallara görə, yekun sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaq, sərhədlərlə bağlı mübahisə, Sovet xəritələrinə əsasən öz həllini tapacaq. Erməni mətbuatının iddiasına görə, delimitasiya və demarkasiya işləri, 1920-ci ilin xəritələrinə əsasən aparılacaq. 

Qeyd edək ki, əgər bu məsələ həqiqətə uyğundursa, onda Ermənistan tərəfi Qərbi Zəngəzurla yanaşı, Göyçə gölünün şərq sahillərindəki torpaqları və Tavuş bölgəsini Azərbaycana təhvil verməlidir. Xatırladaq ki, 1920-ci ilin sonlarında həmin ərazilər, Sovet hakimiyyətinin təkidi ilə Azərbaycan SSR-dən alınaraq, Ermənistan SSR-in tərkibinə daxil edilməsi bağlı qərar imzalanmışdı.

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan bundan öncə də açıqlayıb  ki, Ermənistanla sülh müqaviləsi imzalamaqda maraqlıdır və biz bu təklifləri etmişik:

“Qeyd edim ki, bu istiqamətdə müəyyən bir irəliləyiş var, amma sülh sazişi məhz 9 noyabrda imzalanacaq, yoxsa başqa bir tarixdə, bu haqda heç bir şey deyə bilmərəm.

O ki qaldı kommunikasiyaların açılması, bununla bağlı cari ilin 11 yanvarında sənəd imzalanıb. Bundan irəli gələn də bir sıra məsələlər var.

Təəssüflər olsun ki, bir ara – seçkilər ərəfəsində ermənilər faktiki olaraq bundan imtina etmişdilər. İndi isə bu məsələyə qayıdıblar. Ermənistanın Baş naziri Nikol Paşinyan, MDB dövlətlərinin virtual sammitində də təsdiqləmişdi ki, bu istiqamətdə işləməyə hazırdır”.

Fərid Şəfiyev erməni mətbuatında dərc olunan, sərhədlərin 1920-ci il xəritələrinə əsasən təyin edilməsi məsələsinə də toxunub:

“Xəritələrin 1920-ci il aid olacağı məsələsi haqqında isə deyə bilərəm ki, bu həqiqətə uyğun deyil. Bir sıra xəritələr var, amma onlar daha çox 60-70-ci illərin, əsasən də 1975-ci ilin xəritələri əsasında aparıla bilər. Amma hansı xəritələr əsas götürüləcək, hələ ki, bu məsələ üzərində danışıqlar gedir.

Mən şəxsən 1920-ci ilin xəritələri əsasında delimitasiya və demarkasiya işlərinin aparılacağı prosesinə inanmıram. Ona görə ki, Ermənistanda çox xəbərlər yayılır. Burada söhbət ondan gedir ki, Nikol Paşinyanın mövqeyi ilə razılaşmayan radikallar, əsasən də Ermənistan cəmiyyətində yer alan siyasi partiyalar, revanşistlər var və ona qarşı müəyyən bir fəaliyyət aparırlar. Hesab edirəm ki, onlar Paşinyana qarşı bu məlumatı, yəni 1920-ci il xəritələri məsələsini atıblar ortaya. Biz də bilirik ki, bu real bir şey deyil”.


Geri dön