“Qarabağda yaşayan ermənilər arasında ümidsizlik gün-gündən artır. Hətta separatçı düşüncəyə sahib insanlar belə bu gün Ermənistanın onlara yardım etməyəcəyini yaxşı bilir. Buna görə də, Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər gec-tez Azərbaycan qanunlarına tabe olacaq”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, bildirib ki, 44 günlük müharibə Ermənistanın təkcə hərbi baxımdan yox, həm də iqtisadi anlamda geriləməsini sürətləndirib:
“Bu, istər işsizliyin, inflyasiyanın və yoxsulluq həddinin yüksəlməsində, istərsə də xaricə miqrasiya etmək istəyən ermənilərin sayının dəfələrlə artmasında özünü göstərir. Müharibədən sonra əhalinin ölkədən çıxma statistikası əvvəlki illərlə müqayisədə 2 dəfə artıb. Ölkəni tərk edən əhalinin 80 faizdən çoxu isə geri qayıtmayıb. Eyni tendensiya Azərbaycan ərazilərində yaşayan ermənilər üçün də keçərlidir.
Bu gün Qarabağda qalan ermənilərin əksəriyyətinin isə gedəcək bir yeri yoxdur. Onlar da anlayır ki, rəsmi İrəvan onları qorumaq iqtidarında deyil. Bu gün erməniləri övladlarının gələcəyi və öz müqədaratları maraqlandırır. Yəni onlar üçün Azərbaycan qanunları ilə, yoxsa Ermənistan qanunları ilə yaşamağın elə də fərqi yoxdur. Düzgün təbliğat, sosial proqram və ermənilərlə işləyəcək savadlı kadrların fəaliyyəti onların inamını qazanmağa kifayət edəcək”
Politoloq düşünür ki, Xankəndi və ətraf ərazilər Azərbaycan yuridistiksiyasına müharibəsiz keçəcək:
“44 günlük müharibə geridə qaldı. Yaralarımız, itkilərimiz təzə olsa da, prinsip etibarilə Qarabağda qalan ermənilər Azərbaycan üçün real təhlükə mənbəyi deyil. Vaxtaşırı gərginlik artsa da, bu, genişmiqyaslı əməliyyatlar üçün əsas deyil. Əgər regionda sülhün bərqərar olmasını istəyiriksə Qarabağ erməniləri ilə işləyəcək ortaq bir komissiya qurulmalıdır”.