Ana Sayfa > Karusel / Siyasət > Bakıda "Rebuild Karabakh" sərgisi işə başlayıb - FOTO
Bakıda "Rebuild Karabakh" sərgisi işə başlayıb - FOTO20-10-2021, 10:54. Yazar: Admin |
Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" – Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi işə başlayıb. Oktyabrın 22-dək davam edəcək bu sərgi ilə yanaşı eyni tarixlərdə 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "BakuBuild 2021" və 13-cü Beynəlxalq "İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu" "Aquatherm Baku 2021" sərgisini özündə birləşdirən ənənəvi Xəzər İnşaat Həftəsi də keçirilir. Qarabaginfo.az xəbər verir ki, üç gün ərzində sərgiyə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər. Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci "Rebuild Karabakh" sərgisində iştirak edir. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatası dəstəyi ilə təşkil edilir. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər var. Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir. Sərgidə "yaşıl enerji", "ağıllı kənd" layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alır. İstehsalçılar, distributorlar, konsaltinq şirkətləri və inşaat sektorunda xidmət göstərən şirkətlər də daxil olmaqla Azərbaycan şirkətləri sərgi iştirakçılarının 40%-ni təşkil edir. Bu il Belarus, İran, Çexiya, BƏƏ, Türkiyədən 5 milli pavilyon, habelə Rusiya Federasiyasından 8 regional qrup, Bryansk, Lipetsk, Novosibirsk, Rostov, Yaroslavl, Stavropol, Tatarıstan, Çuvaşiya regional qrupları da iştirak edir. Sərgi geniş çeşiddə yenilikçi tikinti materiallarını təqdim edir, bunlara daxildir: dam örtüyü və izolyasiya, interyer, bitirmə materialları, dizayn, boyalar, laklar və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasadlar, qranit və mərmər, keramika, qapı və pəncərələr, işıqlandırma və elektrik məhsulları , tikinti texnikası və s. İştirakçılar sərginin peşəkar ziyarətçilərinə tikinti sənayesinin ən son yeniliklərini və nailiyyətlərini əyani şəkildə nümayiş etdirəcək və sərgiyə gələnlər birbaşa sərgidə təqdim olunan məhsulları sınaqdan keçirə biləcəklər. "Rebuild Karabakh" sərgisinin proqramına “Azərbaycanda yaradılmış biznes mühiti və investisiya imkanları”; “İşğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı. Qarabağda həyata keçirilməsi təklif olunan layihələr, “Made in Karabakh” əmtəə nişanına dair təqdimatlar”, “Qarabağın enerji potensialı – azad olunmuş bölgələrdə “yaşıl energetika”nın inkişaf imkanları, regionun müharibə sonrası bərpası”; “Rəqəmsal iqtisadiyyat” mövzusunda təqdimatlar. Dördüncü Sənaye İnqilabı üzrə Azərbaycanda yeniliklər” mövzularda təqdimatlar daxildir. İşgüzar proqramın əsas hadisələrdən biri sərgilərdə yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma - ikitərəfli görüşlər (B2B) olacaq. Bu görüşlər 20-21 oktyabr tarixlərində sərgi iştirakçıları, yerli istehsalçılar və distributorlar arasında keçiriləcək.(Apa) Geri dön |