18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması günü – xalqımızın tarixində mühüm, qürurverici bayramdır.
30 il öncə baş vermiş bu əlamətdar hadisənin bünövrəsi 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin elan olunması ilə qoyulsa da, çox təəssüf ki, böyük fədakarlıqla yaradılan müstəqil, dünyəvi və demokratik respublikamızın ömrü cəmi 23 ay çəkdi. Və xalqımızın acı taleyinə qara hərflərlə 28 aprel 2020-ci il rus işğalı yazıldı. Amma 71 il sonra bərpa olunan müstəqilliyimiz xalqımızın qəlbində azadlıq atəşinin sönmədiyini XX əsrdə ikinci dəfə sübut etdi.
Sovet imperiyasının sonuncu rəhbəri Mixail Qorbaçovun erməni lobbisindən rüşvət alaraq Azərbaycan xalqına qarşı məkrli addım atması, Qarabağı əlimizdən qoparıb ermənilərə bağışlamaq cəhdi onun özünə və başçılıq etdiyi quruluşa çox baha başa gəldi. Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun bəzi üzvlərinin Azərbaycanla bağlı “yatmış aslanı oyatmaq olmaz” xəbərdarlığına məhəl qoymayan M.Qorbaçov və onun quldur dəstəsinin, ermənilərin Rusiya, ABŞ, Fransa və digər ölkələrdəki havadarlarının 1987-ci ilin sonlarından başladıqları bütün iyrənc oyunlar öz başlarında çatladı. Ölkəmizdə milli azadlıq və demokratik hərəkatın yaranması və geniş vüsət alması, bu prosesə Heydər Əliyev kimi dahi siyasətçi və görkəmli dövlət xadiminin qoşulması Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi və SSRİ-nin dağılması ilə sonuclandı.
1989-cu il 23 sentyabr tarixində Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya Qanununun qəbul edilməsi SSRİ-nin tarixində görünməmiş hadisə idi. Qorbaçovun konstitisiyaya zidd, ədalətsiz və haqsız ermənipərəst siyasətinə suveren hüquqlarının müdafiəsinə qalxmaqla cavab verən xalqımız SSRİ-yə daxil olan bütün respublikaları qabaqladı. Məhz bu mübariz ruhuna görə dünyada “İlin xalqı” adına layiq görüldü.
Bu mübarizəyə Qorbaçovun ölkəmizdə olan nökərlərinin, bütün ruspərəst, farspərəst və digər …pərəstlərin əngəl olmasına rəğmən azadlıqsevər xalqımız geri çəkilmədi. Cəllad Qorbaçov 20 Yanvar və digər qanlı cinayətlər törətməklə xalqımızın müstəqillik arzusunun qarşısını ala bilmədi.
O zaman Moskvada yaşayan görkəmli dövlət xadimi Heydər Əliyevin yanvarın 21-də ailə üzvləri, o cümlədən indiki Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə respublikamızın Rusiyadakı daimi nümayəndəliyinə gəlməsi, yerli və xarici jurnalistlərin qarşısında ən kəskin ifadələrlə Qorbaçovu ittiham etməsi, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etməsi ağır günlərini keçirən mübariz xalqımıza böyük dəstək oldu. Milli azadlıq mücadiləsində bizi yalnız qoymayan Heydər Əliyev kimi siyasətçinin olması mühüm amilə çevrildi. Heydər Əliyev əvvəlcə Moskvadan, sonra isə Naxçıvandan dövlət müstəqilliyinə aparan bütün proseslərə əvəzsiz xidmətlər göstərdi.
1990-cı ildə Vətənə qayıdaraq Naxçıvandan deputat seçilən Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetində hər bir çıxışı, SSRİ-nin saxlanması üzrə referendumun keçirilməsinin əleyhinə səs verməsi dövlət müstəqilliyimizin bərpa edilməsi gününü daha da yaxınlaşdırdı. Ali Sovetin 30 avqust 1991-ci il taixli növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə, 16 oktyabr 1991-ci ildə isə Konstitusiya Aktı qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulandı.
Həmin hadisələrin iştirakçısı və ya şahidi olmaq çox böyük şərəf idi. 1991-ci il oktyabrın 16-da Milli Məclisin qarşısında “Azərbaycanın müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktı”nın qəbul olunması xəbərini alanda və cəmi iki gün sonra – oktyabrın 18-də milli azadlıq hərəkatının rəmzinə çevrilmiş Azadlıq meydanında bu tarixi hadisəni bayram edəndə də bizdən xoşbəxti yox idi. Bu, xalqımızın 1988-ci ildən başlanan mücadiləsinin labüd nəticəsi, əli xalqımızın qanına batmış cinayətkar Qorbaçova və sovet imperiyasına verilən cavab idi. Həmin gün məmləkətimizin azadlığını arzulayan maarifpərvər ziyalılarımızın, Cümhuriyyət qurucularımızın, ermənilərin terrorunun, soyqırımının, 20 Yanvar faciəsinin qurbanı olmuş bütün Vətən övladlarının ruhları şad oldu.
Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov kimi Kreml nökərlərinin, ruspərəstlərin, ermənipərəstlərin, farspərəstlərin və digər düşmənlərimizin bütün cəhdlərinə baxmayaraq, xalqımız oktyabrda qalibiyyət qazandı. Məhz 18 oktyabrda müstəqilliyimizin möhkəmlənməsinə aparacaq bütün zəfərlərin əsası qoyuldu.
Doğrudur, bu yol rahat və hamar olmadı. Qorbaçov və sovet rejimi tarixin zibil qutusuna göndərilsə də, mənfur düşmənlərimiz və əlaltıları xalqımıza qarşı məkrli addımlarını davam etdirdilər. Bizi qarşıda Xocalı soyqırımı, etnik təmizləmə, təcavüzkar, terror siyasəti və torpaqlarımızın işğal olunması gözləyirdi. Erməni faşistləri və havadarları heysiyətimizlə oynadılar, namusumuza, şərəfimizə çirkli əllərini uzatdılar. Əzəli Qarabağ torpaqlarımız 30 ilə yaxın düşmən tapdağında qaldı. Azərbaycanın igid, mərd, hünərli oğul və qızları torpaqlarımız uğrunda canlarından keçdilər. Amma xalqımız düşmən qarşısında əyilmədi və sınmadı. Öncə Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir və güclü ordusunu quraraq Vətənimizə sahib çıxdı. Dövlət müstəqilliyimizin bərpa olunmasının 30-cü ildönümü qarşısında Azərbaycan Silahlı Qüvvələri erməni qəsbkarlarını darmadağın edərək, ağır məğlubiyyətə uğratdılar. Azərbaycan torpaqlarının 44 gün ərzində erməni işğalından azad edilməsi ilə haqq və ədalət zəfər çaldı. Minlərlə şəhidimizin qanı ilə suvarılmış Qarabağımızın işğaldan azad olunması müstəqilliyimizin bərpa olunması gününə bəxş edilən misilsiz hədiyyədir.
Əziz Vətənimiz, müstəqilliyinin bərpa olunmasının 30-cu ildönümü mübarək! Sənin yolunda canından keçmiş qəhrəman övladlarımızın hər birini rəhmətlə və ehtiramla yad edir, qarşılarında baş əyirik!
Xatirə SADİQ,