Ana Sayfa > Karusel / Dünya > Çernobıl faciəsi zamanı AES-ə rəhbərlik etmiş Viktor Bryuxanov vəfat edib

Çernobıl faciəsi zamanı AES-ə rəhbərlik etmiş Viktor Bryuxanov vəfat edib


13-10-2021, 23:01. Yazar: Admin

Viktor Bryuxanov

 

1986-cı ildə baş vermiş faciə zamanı Çernobıl Atom Elektrik Stansiyasına (AES) rəhbərlik edən Viktor Bryuxanov 84 yaşında vəfat edib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çernobıl AES-in mətbuat xidməti məlumat yayıb.

“Bu gün ömrünün 85-ci ilində Çernobıl AES-in ilk direktoru Viktor Bryuxanov dünyasını dəyişib. Müəssisənin işçiləri və rəhbərliyi onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə mətbuat xidmətinin “Facebook” səhifəsində qeyd olunub.

V.Bryuxanov 1970-ci ildə Çernobıl AES-də vəzifəyə təyin edilib. O, əvvəlcə stansiyanın inşasına, daha sonra isə 1986-cı ilin aprelinə qədər stansiyaya rəhbərlik edib. Çernobıl AES-də baş vermiş partlayışdan sonra o, vəzifədən kənarlaşdırılıb. 1988-ci ilin iyulunda V.Bryuxanov Ukrayna SSR Cinayət Məcəlləsinin “Partlayış təhlükəli sənaye və müəssisələrdə təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə 10 il müddətinə həbs cəzasına məhkum edilib. Beş il sonra V.Bryuxanov vaxtından əvvəl azad edilib.

Xatırladaq ki, Çernobıl AES-də faciə 26 aprel 1986-cı ildə baş verib, stansiyanın dördüncü enerji bloku partlayıb. Nəticədə Ukraynanın 12 vilayətində 50 min kv/km ərazi çirklənib. Belarusda radiasiya çirklənməsinin ümumi sahəsi təxminən 46,5 min kv/km olub. Bundan başqa, təxminən 60 min kv/km əraziyə malik Rusiyanın 19 bölgəsi də radioaktiv çirklənmədən əziyyət çəkib.(Apa)


Geri dön