Ana Sayfa > Karusel / Gündəm > Lerikdə torpaq sürüşdü: Beş evin uçqun təhlükəsi yarandı
Lerikdə torpaq sürüşdü: Beş evin uçqun təhlükəsi yarandı12-10-2021, 14:52. Yazar: Admin |
Lerik rayonunda bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Report”a Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov məlumat verib. Onun sözlərinə görə, buna səbəb son iyirmi gündə aramsız yağan yağışlardır: “Lerik-Lənkəran yolunda bir neçə istiqamətdə mütəmadi olaraq sürüşmələr baş verir. 45, 46, 49, 50, 52-ci km-də torpaq sürüşmələri və çökmələr var. 52 saylı Yol İstismar İdarəsi tərəfindən yolun işlək vəziyyətdə qalması daimi nəzarətdə saxlanılır. Digər Piran-Veri-Qələbin avtomobil yolu sürüşmələr nəticəsində yararsız hala düşüb. Sürüşmələr son bir həftə ərzində 5 kəndi əhatə edən Əliabad-Lərmərüd-Babazığon avtomobil yolunda hazırda daha aktiv şəkildədir. Bu ərazidə yaşayan 2000 nəfərə yaxın sakinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sakinlər məcburiyyətdən qonşu Masallı rayonuna keçməklə hərəkət edirlər”. H.Məlikov bildirib ki, intensiv yağıntılar səbəbindən təsərrüfatlara da xeyli ziyan dəyib: “Osiodərə inzibati ərazi dairəsinə daxil olan Şivlə kəndində vətəndaşlara məxsus pay torpaqlar sürüşmə səbəbindən yararsız hala düşüb. Veri-Əliabad ərazisində mövcud sürüşmə aktivliyi yenidən artıb. Nəticədə 5-ə yaxın yaşayış evinin hər an uçma təhlükəsi var. Vətəndaşlara evlərini tərk etmələrinin vacibliyi barədə məlumatlar vermişik. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri də baxış keçiriblər. Hələlik hər hansı yenilik yoxdur”. İcra başçısının müavini bu gün səhər saatlarında Lerik-Qosmalian-Kəlvəz yolunda baş verən böyük uçqunun fəsadlarının səhər saat 11:00 radələrində qismən aradan qaldırıldığını və yolda hərəkətin bərpa olunduğunu da vurğulayıb. Geri dön |