Son günlər karantin rejimin yumşaldılması, təhsil müəssisələrinin açılması ilə əlaqədar olaraq paytaxtda ciddi sıxlıq müşahidə olunur. Bununla yanaşı mövsümi problemlər də artıq gündəmdədir. Zaman-zaman paytaxtın köçürülməsi gündəmə gəlsə də, müzakirələr nəticəsiz qalır. Bəs görəsən, yaxın illər ərzində paytaxtın köçürülməsi nə dərəcədə realdır?
Qarabaginfo.az xəbər verir ki,mövzu ilə bağlı redaktor.az-ın sualını cavablandıran Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, paytaxtdakı müəyyən qurumlar regionlara köçürülə bilər:
“Son illər Bakıda tıxaclar çoxalıb. Artıq əyani təhsil də bərpa olunub. Tələbələrin Bakıya axışması öz təsirini göstərir. Bu mənada müxtəlif nazirliklərin, dövlət qurumlarının regionlara köçürülməsi problemin həllinə kömək edə bilər. Elə nazirliklər var ki, birbaşa regionlarla əlaqədardır. Onların köçürülməsi müsbət haldır. Şəhərin mərkəzində yerləşən ali təhsil ocaqlarını şəhərdən kənarda təhsil mərkəzi yaratmaqla köçürmək olar. Digər tərəfdən, Bakı şəhəri Azərbaycanın paytaxtıdır. Bu bir tarixdir. Paytaxtı dəyişməklə bu tarixi silmək düzgün olmazdı. Amma Bakı şəhərində yerləşən müəyyən nazilrik və idarələri Gəncəyə, Sumqayıta köçürmək mümkündür".
Millət vəkili bildirib ki, paytaxtın tam köçürülməsi çox ciddi məsələdir: "Ola bilsin ki, bu məsəldə Qazaxıstan təcrübəsindən istifadə edilsin. Məsələn, Türkiyədə də İstanbul ən böyük əhalisi olan şəhərdir, paytaxt isə Ankaradır. Bu kimi variantlardan istifadə edilə bilər. Paytaxtın dəyişdirilməsini isə məqbul hesab etmirəm".