Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Moskva Qarabağla bağlı yeni sənəd hazırlığında
Moskva Qarabağla bağlı yeni sənəd hazırlığında11-10-2021, 11:31. Yazar: Admin |
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında oktyabrın 12-də keçiriləcək görüşdən əvvəl erməni müdafiə nazirinin də Moskvaya səfəri diqqət çəkir. Ümumilikdə indi Qarabağla əlaqəli (Ermənistan-Azərbaycan danışıqları da Qarabağ danışıqlarının əsas hissəsidir, o səbəbdən bunu elə ümumi olaraq “Qarabağ danışıqları” adlandırmaq daha məntiqlidir) dörd paytaxtda fəallıq var. Bunlardan birincisi ənənəvi olaraq Moskvadır. Brüssel (Avropa İttifaqı) sülh danışıqlarında fəal rol almaq üçün Bakı və İrəvanın razılığını alıb. BMT sessiyasında iştirak edən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü həmsədrlərin araçılığı ilə keçirilsə də, bu təmasları Vaşinqton öz aktivinə yaza bilər. Nəhayət, Qarabağ danışıqlarında daha bir vasitəçi Tiflisdir. Gürcüstan bütün fəallıqlarına baxmayaraq, bu məsələdə “ən zəif bənddir”. Gürcüstanın Qarabağ danışıqlarından əlavə, Ankara ilə İrəvan arasında da vasitəçi olduğu sirr deyil. Bu baxımdan Tiflis hər iki missiyanı üzərinə götürməklə, reallıqları sanki bir qədər nəzərdən qaçırmış kimi görünür. Gürcüstanın hazırkı hökumət başçısının həm Paşinyanla, həm Prezident Əliyevlə yaxşı münasibətləri var. Gürcüstanın regionda dayanaqlı sülh üçün etdiyi cəhdlər əlbəttə ki, alqışlanmalıdır. Amma reallıq budur ki, Gürcüstan on illiklərlə qulağının dibində olan bu münaqişədə heç vaxt fəal vasitəçi rolunu üstlənməyib. Gürcüstanın yeni “oyunçu” kimi indiki fəallığının səbəbləri haqda da bir neçə versiya deyilir. Bunların sırasında kommunikasiya xətlərinin açılacağı təqdirdə Gürcüstanın regional rolunun azala biləcəyi haqda versiya da var. Gürcüstan bu səbəbdən kommunikasiya və enerji xabından, regionda “geosiyasi ildırımötürənə” çevrilmək şansını sınamaq istəyə bilər. Bu işdə həm Vaşinqtonun, həm Avropa Birliyinin dəstəyini ala biləcəyi şübhə doğurmur. Amma unutmamaq lazımdır ki, Gürcüstanın Rusiya ilə həll edilməyən bir çox ciddi problemləri qalmaqdadır. Qarabağ məsələsində aparıcı rol alan Rusiya Gürcüstanı bu prosesdə təşəbbüsü ələ almasına çətin ki, razılaşa. Çünki Moskva onun da fərqindədir ki, Avropa İttifaqı və ABŞ Tiflis vasitəsilə Rusiyanın regionda təsirlərini də azaltmaq istəyir, üstəlik, sürüşkən mövqeli Ermənistanı müxtəlif şirnikləndirici vasitələrlə Moskvaya qarşı da qoya bilər. O səbəbdən Gürcüstanın Qarabağla deyil, Ankara-İrəvan vasitəçiliyi uğurlu alına bilər. Moskva da buna qarşı deyil, çünki Ankara-İrəvan danışıqlarında uğur, iki ölkə arasında münasibətlərin normallaşması, sərhədlərin, kommunikasiyaların açılması Rusiyaya da sərfəlidir. Avropa İttifaqının və ABŞ-ın roluna gəlincə, bu vasitəçilikdən də uzaqgedən nəticələr-sərhədlərin müəyyənləşməsinin tez zamanda bitməsini, Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edəcəyini- gözləməyə dəyməz. Beləliklə, vəziyyət yenə əvvəlki kimidir: Qarabağ məsələsində liderlik, moderatorluq statusunu Moskva kimsəyə güzəştə getmir. Azərbaycan ictimai rəyinin Kremlə münasibətinin ziqzaqvari olduğunu nəzərə almaqla, qeyd etmək lazımdır ki, bəlkə də Rusiyanın aparıcı rolunun qalması bizim üçün daha yaxşıdır. Bu, həmin Avropa, ATƏT-dir ki, 29 il bizim zamanımızı boşuna aldılar, Azərbaycanı isə öz torpaqlarını güzəştə getməyə məcbur edirdilər. Bunu son olaraq Prezident Əliyev 2016-cı il aprel döyüşlərindən sonra Vyana görüşünü yada salaraq bir daha təsdiqlədi. ABŞ-ın isə Qarabağ probleminin həllində rolu olmadı, bizə müharibədə də dəstək vermədilər. Müharibədən sonrakı rollarına gəlincə də, ABŞ-ın Ermənistandakı erməniyanlı səfiri hər ağzını açanda Vaşinqtonun mövqeyini ortaya qoyur. Rusiyanın moderatorluğu bizə həm də ona görə sərfəlidir ki, Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətləri çox yaxşıdır, Moskva ilə istənilən problemi danışıb həll etmək mümkündür. Hansısa yolunu azmış əsiri və ya diversantı, eləcə də mina xəritəsini almaq həmsədrlərin, Avropa İttifaqının aktivinə yazıla bilər, amma Ermənistan-Azərbaycan arasında həll ediləsi daha ciddi məsələlər var ki, bunu Rusiya olmadan etmək faktiki mümkünsüzdür. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı İranın nə hoqqa çıxardığı göz qabağındadır. Tehrana bu məsələdə təsir edə biləcək, Zəngəzur dəhlizinin açılmasının İran üçün heç bir təhlükəsi ola bilməyəcəyinə qarantiya verəcək yeganə dövlət də Rusiyadır. Həm erməni müdafiə nazirinin, həm Paşinyanın Moskva səfəri belə deməyə əsas verir ki, Rusiya vasitəçiliyə həvəslənənənlərə mesaj vermək üçün hazırlıq içərisindədir. Böyük ehtimalla Rusiya Moskvada(Soçi də ola bilər) imzalanacaq yeni bir sənədin razılaşdırılması mərhələsindədir. Zəngəzur dəhlizi ilə bağlı məsələ artıq regional qarşıdurma səviyyəsinə çatıb, İranın hərbi təlimlərinə cavab olaraq Azərbaycan və Türkiyə Naxçıvanda təlimlər keçirir. Digər maraqlı dövlətlər də(İsrail, ABŞ, Türkiyə və sairə) bu qarşıdurmada tərəfə çevrilə bilər. O səbəbdən, Rusiya regionda “əsas skripka” rolunu oynamağa başlamalıdır. Ehtimal etmək olar ki, Paşinyandan sonra Azərbaycan Prezidenti də Moskvaya dəvət edilsin. Mümkündür ki, sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizi ilə bağlı məsələni əhatə edəcək sənəd 10 noyabr razılaşmasının bir illiyi ərəfəsində imzalansın. Ermənistanın hazırkı rəhbərliyi də yaxşı anlayır ki, yeni razılaşma, bəlkə də Zəngəzur dəhlizi ilə bağlı konkret vaxtın müəyyənləşməsini və sülh müqaviləsinə hazırlıq mərhələsinin başlamasını müxtəlif bəhanələrlə ləngitmək İrəvanın ziyanına işləyir. Ona görə Paşinyan Moskvadan razı qayıdacaq və gözlənilən sənədin anonsunu tezliklə onun öz dilindən də eşidə bilərik... /Musavat.com
Geri dön |