Ana Sayfa > Karusel / Gündəm > Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi təsis edilir

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi təsis edilir


4-10-2021, 16:36. Yazar: Admin

Sabiq xarici işlər naziri XİN-dəki həbslər barədə: "ciddi şəkildə məlumat sızması mövcuddur" - BBC News Azərbaycanca

Oktyabr 4-5-də virtual formatda Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclası keçirilir.

Bu barədə Qarabaginfo.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tədbirdə Hərəkata üzv dövlətlərin gənclər təşkilatlarını təmsil edən 100-dən çox gənc iştirak edir. İclasın açılışında xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Nazir çıxışında Qoşulmama Hərəkatının 60 illik yubileyini qeyd etdiyimiz bu əlamətdar ildə Azərbaycanın Hərəkata sədrliyinin təşəbbüsü ilə Gənclər Şəbəkəsinin təsis edilməsinin tarixi bir hadisə olduğunu və QH üzv dövlətləri tərəfindən Şəbəkənin fəaliyyətindən böyük gözləntilərin olduğunu qeyd edib.

Şəbəkənin təsis edilməsinin hələ Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü zamanı Hərəkata üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən qərara alındığını bildirən nazir, Şəbəkə vasitəsilə Hərəkata üzv dövlətlərin gənclərinin öz davamlı inkişaflarının təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə necə həll edilə biləcəyi barədə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklərini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər əsasında COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində Hərəkata üzv dövlətlərin nümunəvi həmrəylik nümayiş etdirdiyini bildirən xarici işlər naziri, Gənclər Şəbəkəsinin fəaliyyətinin bu həmrəyliyə əlavə töhfə verəcəyini vurğulayıb.

Çıxışının sonunda oktyabr 11-12-də Belqrad şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 60-cı ildönümünə həsr olunmuş yüksək səviyyəli yubiley tədbirindən bəhs edən Ceyhun Bayramov, həmin tədbirdə iştirak edəcək Hərəkata üzv dövlətlərin yüksək səviyyəli hökumət rəsmilərinə təqdim olunması üçün Gənclər Şəbəkəsinin üzvlərini Hərəkatın gələcəyinə dair tövsiyələr hazırlamağa dəvət edib.

Gənclər Şəbəkəsinin təsis iclası 2 gün davam edəcək və iclas müddətində iştirakçı gənclər Şəbəkənin gələcək idarəçiliyi və həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi apararaq müvafiq qərarlar qəbul edəcəklər.

Qeyd edək ki, bu il 60-cı ildönümü qeyd edən Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məhz Azərbaycanın Hərəkata sədrlik etdiyi dövrə təsadüf etməsi üzv dövlətlər tərəfindən ölkəmizin bu mötəbər quruma ən böyük tarixi töhfələrindən biri hesab olunur. Şəbəkəyə rəhbərliyi Azərbaycan Respublikasının Qoşulmama Hərəkatını sədrliyi başa çatana qədər Azərbaycan nümayəndəsi edəcəkdir.


Geri dön