Ana Sayfa > Karusel / Siyasət / Region > “Başqalarına arxalananlara sillə dəyəcək” deyən Xamenei Azərbaycanı təhdid edir?

“Başqalarına arxalananlara sillə dəyəcək” deyən Xamenei Azərbaycanı təhdid edir?


3-10-2021, 19:31. Yazar: Admin
“Başqalarına arxalananlara sillə dəyəcək” deyən Xamenei Azərbaycanı təhdid edir?

Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində İranın son günlər Azərbaycana qarşı dostluq və qonşuluq münasibətinə zidd olan mövqeyini tənqid etdikdən sonra, İranın həm hökumət üzvləri, həm də hərbi elitası Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verir və Azərbaycana qarşı təhdid və təzyiq siyasətini artırmağa çalışırlarHətta, İranın Ali dini lideri Seyid Əli Xamenei də bu xoşagəlməz “trend”ə qoşulub və çıxışında təhdid dilindən istifadə edib. Xamenei deyib ki, regional ordular təhlükəsizliyini qorumalı və xarici orduların regionda iştirakına imkan verməməlidir: “Başqa dövlətlər minlərlə kilometr uzaqdan gəlib, öz xalqları ilə əlaqəsiz məsələlərə hərbi iştirakla qarışmamalıdır. Bir ölkə öz təhlükəsizliyini və sabitliyini qüdrətli ordusu ilə təmin edə bilirsə, bu, böyük iftixardır. Başqalarına arxalanıb öz təhlükəsizliyini təmin edə biləcəyini güman edənlər isə bilsinlər ki, tezliklə bunun silləsi onlara dəyəcək”.

“İranın şimal-qərbində son baş verənlərlə bağlı, ölkəmiz və silahlı qüvvələrimiz ağıllı davranır. Bütün məsələlərdə yanaşmamız, güclü olmaqla yanaşı rasional olmaqdır. Öz qardaşlarına quyu qazanlar əvvəlcə özləri quyuya düşərlər”-deyə, Xamenei çıxışında vurğulayıb.

İranın istər daxili, istərsə də xarici siyasətini onsuz da Xameneinin müəyyən etdiyini nəzərə alsaq, həmçinin Xameninin məhz İranda hərbi liseyin açılışında belə bir açıqlama verməsi, son günlər iki ölkə arasında artan böhrana İranın əslində, hansı prizmadan yanaşdığını əyani şəkildə sübut edir.

Çünki bundan əvvəl dəfələrlə İran hökumətinə yaxın yarı-rəsmi media orqanlarında Azərbaycan-Türkiyə-Pakistan təlimlərinin provokativ addım kimi təqdim edilməsi, təlimlərdə iştirak edən Türkiyə və Azərbaycanın İsraillə yaxınlığı, Pakistandakı Amerikançı tendensiyaların İran üçün narahatlıq yaratdığının bildirilməsi və məhz bu yanaşmaların ardından Ali dini lider Xameneinin xarici qoşunların iştirakını provokativ addım adlandırması, İranın hansı məzhəbə xidmət etdiyini, dostluqdan danışıb, lakin ən yüksək səviyyədə Azərbaycana qarşı təhdid dilində danışması bu ölkənin əslində, “hansı qibləyə namaz qıldığını” və nə qədər qeyri-səmimi olduğunu bir daha nümayiş etdirir.

Diqqət çəkən məqamlardan biri isə, Əli Xameneinin çıxış və tvittlərinin İsraildən daha çox Türkiyəyə yönəlməsidir. Çünki İran rəsmiləri, media orqanları, hökumət qurumları, ekspertləri və rəsmi estabileşmentləri sionist sözündən mütləq şəkildə istifadə edir və guya İranın əslində, əsas probleminin İsrail olduğunu önə çəkirdilər. Lakin bu dəfə İranın ən ali şəxsinin regiondakı xarici qüvvələrdən danışarkən sionist sözündən daha çox, Azərbaycana qarşı istiqamətlənən “başqasına güvənərək təhlükəsizliyini təmin etməyi düşünənlər şillə ilə qarşılaşacaqlar” təhdidi yəqin ki, İsraildən daha çox Türkiyə və Pakistana ünvanlanıb. Belə görünür ki, anti-İsrail hay-küylərinə baxmayaraq, İranı narahat edən əsas məsələ dəyişən regional və geosiyasi reallıqlar fonunda hərbi və siyasi konfiqurasiyalardır. Amma İran unutmasın ki, qorxmaqla başqalarına yox, özünə ziyan verə bilər. Məgər, rəsmi Tehran bilmir ki, qorxan gözə çöp düşər?

 


Geri dön