Ana Sayfa > Karusel / Yazar > Biz axı, nəyin davasını edirik? İçimdəki iki adam…

Biz axı, nəyin davasını edirik? İçimdəki iki adam…


3-10-2021, 09:03. Yazar: Admin

Biz axı, nəyin davasını edirik? İçimdəki iki adam… Mənim içimdə iki adam var. Hər zaman belə olub. Həmişə içimdəki lokal adam qlobal adamla üz-üzə dayanıb. Hələ heç biri qalib gəlməyib. Əslində, onlar savaşmır, mübarizə etmir, qol güləşdirmirlər. Onlar sadəcə bir birlərinə Sokratsayağı suallar və cavablar verirlər.

Amma illərdir bu sual və cavablar bitmir. Bütün enerjimi, zamanımı və gücümü əldən salırlar. Heç birinə haqq vermək cəsarətim yoxdur. Son qərar verə bilmirəm və yol ayrıcındayam...

Qarabağ savaşı bir il əvvəl oldu və bitdi. O savaşı düşünəndə gözümün önünə təbii ki, birinci olaraq o qürurverici günlər gəlir. Bizim millət olaraq bir-birimizə kilidləndiyimiz günlər... 

Nə gizlədim, bütün bu kilidlənmələr, bizim hamımıza vətənpərvərlik, yoxdan var olmağın nişanəsini yaradan Hikmət babanın obrazında gözümün önündə canlanır. Sanki Hikmət baba millətin, dövlətin necə var olmasının düsturunu sadə və hamının başa düşəcəyi bir formada bizim hamımıza izah etdi. Yol göstərdi. Bizim üçün yaşıl işıq yandırdı ki, bir toplum, bir ümmət və bir dövlətin fərdləri necə davranmalıdır. 

Bu ruh onda hardandır, necə yaranıb bilmirəm. Amma bizim çoxumuz müəllimlərimizdən, bizi böyüdənlərdən belə bir tərbiyə almamışıq, almışıqsa da qavraya bilməmişik. Hikmət Baba bir örnək idi. Hamımıza nümunə oldu ki, əsl vətəndaş oğru, rüşvətxor, dövlət büdcəsini talayan məmurlara rəğmən, cırıq qaloşuna rəğmən, ac qalmağına rəğmən, vətənin dar günündə son var-yoxunu əsirgəmədən, əlindən gələnin ən yaxşısını etməlidir. Şou olmadan, sakitcə, öz vətəndaş borcunu yerinə yetirməyin bir nümuməsi oldu.

Qarabağ illərcə bizim qan axan bir yaramız idi. Bizim başımızı aşağı edən mövzuydu. Elə bir mövzu idi ki, biz sadəcə dilimizin gödək olduğunu düşünürdük. Demə, hər bir enişin bir yüksəlişi var imiş. 

Biz bir il əvvəl yüksəldik. Özü də elə yüksəldik ki, məinki ermənilər, hətta bütün dünya belə bir ildir bu reinkarinasiyamızdan şoka düşüb. Sanki onların qarşısında 30 il əvvəlki Azərbaycan deyil, 900 əvvəlki Səlcuqlar, 500 əvvəlki Səfəvilər və yaxud 100 il əvvəlki Qafqaz İslam Ordusu zühur edib. Biz, biz olduğumuzu göstərə bildik. 

Bu gün başımız dikdir. Adi vətəndaşdan tutmuş dövlətin rəhbərliyində olan hər bir şəxsə kimi. Bizim özümüzün kiməsə ehtiyacımız yox idi. Ən böyük ehtiyacımız özümüzü özümüzə sübut etməyimiz idi. Özümüzün özgüvənimizin geri qayıtması idi. 

Biz - mən, sən və o tarix üçün, dövlətçilik üçün, xalqın və millətin var olması üçün çox xırda bir müşahidəçilərik. Sadəcə müşahidəçiləriyik. Tək–tək halda. Amma bir yumruq olanda tarixin axarını dəyişə bilirik. Bu, hər zaman belə olub. Bir il əvvəlki birliyimiz də bunu göstərdi.

Bunlar mənim içimdəki lokal insanın düşüncələridir. Bizi əslində var edən düşüncələr bəlkə də budur. Bəlkə də bizi motivasiya edən, həyata bağlayan bu məhdud coğrafi təfəkkürümüzdür. Bu yaxşıdırmı, pisdirmi, bilmirəm...

İçimdəki ikinci adam isə bu qədər özgüvənli deyil. O bir az deyil, ümumiyyətlə, çox qlobal düşünür. Onun üçün ay, il məfhumu yoxdur. Yer kürəsi ilə bağlı təsəvvürləri ölkələrə, sərhədlərə bölünmür. O, 4.5 milyard il yaşı olan dünyamızı düşünür. İctimai, iqtisadi formasiyaları göz önünə gətirir. 

Orta hesabla 1.3-1.4 kq çəkisi olan beynim Böyük Partlamadan bu günə qədər olan tarixi fikirləşir. Bu müddət ərzində var və yox olmuş mənim kimi milyardlarla insanları yada salır. Kralları, hökmdarları, dini, siyasi liderləri, böyük orduları, xışla yer şumlayan əcdadları, sümükləri cürümüş olan saysız-hesabsız insan türündən olanları ağlıma gətirirəm. Və düşünürəm: Axı biz nəyin davasını edirik?!

Bizim detalları ilə bildiyimiz keçmiş ən yaxşı halda son min ildir. Amma təkcə bu son min ildə təkcə bu coğrafiyada deyil, bütün dünyada sərhədlər bəlkə də elə min dəfə dəyişib. Nəinki fərqli millətlər və xalqlar bir-birinin qanını töküb, elə eyni millət və xalqlar da bir-birinin qanını az tökməyib. 

Gözünüzün önünə yer kürəsini bir qədər uzaqdan gətirin. Qlobusu qarşınızda fırladın. Görün, nə qədər dövlətlər bir-bir ilə müharibə aparır, nə qədər tayfalar bir-birinin qanına susayıb, bu gün yer kürəmiz bu az insan üçün nə qədər dar gəlir. Bir bunu düşünün. 

Biz niyə bu dünyada 60-80 il ömrümüzü adam kimi yaşaya bilmirik? Niyə hər zaman ancaq bizimlə eyni hüquqlarla dünyaya gələn insanların öldürülməsi, məhv olunması üçün ən müxtəlif, müasir, qarşısıalınmaz silahların yaradırlması üçün düşünürük, ixtiralar edirik? Bu dünya bizim evimizdirsə, biz bu evin sakinlərini öldürmək üçün niyə bəzən gecəmizi gündüzümüzə qatırıq? Niyə axı? Axı biz necə canlıyıq? 

Yuxarıda qeyd etdiyim kimi 4.5 milyadlıq tarixi olan bir yer kürəsində nəyisə dəyişmək üçün nə edə bilərik ki? Çox demirəm, bəlkə də 30, 40, 50 və yaxud 100 il sonra dünyanın qlobal xəritəsi tamam fərqli olacaq. 100 il bundan əvvəl belə deyildimi?

Nəsə, bu sualları mənə içimdəki o biri adam deyir. Və mən bu suallar qarşısında susuram. Çünki haqlı suallardır. 

Amma 1.4 kiloqramlıq beyin hüceyrələrimdəki bu düşüncələr mənə rahatlıq vermir. Hansı haqlıdır, bilmirəm. Suallar qarşısındayam. Bəzən qanımla, canımla və ruhumla birinci adam oluram: Lokal adam. 

Bəzən isə onun əksiyəm. 

Elnur Məmmədli


Geri dön