Ana Sayfa > Karusel / Gündəm > Azad edilmiş ərazilərdə sahibkarlıq işi bağlı 791 müraciət olub

Azad edilmiş ərazilərdə sahibkarlıq işi bağlı 791 müraciət olub


2-10-2021, 15:24. Yazar: Admin

 

Azad edilmiş ərazilərdə sahibkarlıq işi bağlı 791 müraciət olub

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə əlaqədar yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “İqtisadi Məsələlər” üzrə Işçi Qrupunun növbəti iclası keçirilin.

Qarabaginfo.az xəbər verir ki, videoformatda keçirilən iclasda “İqtisadi Məsələlər üzrə” İşçi Qrupunda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin müəyyən edilməsi istiqamətində AMEA-nın İqtisadiyyat İnstitutu və “Boston Consulting Group” məsləhətçi şirkəti ilə birgə müvafiq işlər aparılır. Hazırlanmış Strateji təhlil sənədi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə zəruri infrastrukturun yaradılması, iqtisadi canlanmanın formalaşdırılması, iqtisadi artım prioritetlərinin, xüsusilə əhalinin bölgəyə qayıdışı ilə bağlı onların məşğulluq imkanlarının şirkət tərəfindən hazırlanmış tarazlıq modeli əsasında proqnozlaşdırılması istiqamətində tədqiqatlar aparılır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan ilkin inventarlaşmanın bütün məlumatları Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilib. Belə ki, 14618 daşınmaz əmlakın (11685 ədəd tikili və 2933 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb.

Hazırda 20 dövlət qurumunun və təşkilatının Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə qoşulması təmin edilib, onlara sistemdə işləməklə bağlı təlimlər keçirilib, artıq 15 qurum tərəfindən məlumatların sistemə daxil edilməsinə başlanılıb.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 791 müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi məlumat verib ki, işğaldan azad edilmiş ərazilərdə 14347 ha sahədə şumlama işləri aparılıb. Həmin ərazilərdə əsasən taxıl əkini planlaşdırılır. Laçın yaylaqlarına qaldırılmış 16 arıçı sahibkara məxsus 531 arı ailəsi, Kəlbəcər rayonu üzrə 53 arıçıya məxsus 2937 arı ailəsi də qışlaqlara köçürülüb. Həmçinin cari ildə Füzuli rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir. Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib.

Dövlət Turizm Agentliyinin nümayəndəsi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə mehmanxana təsərrüfatı və turizm fəaliyyətlərinin təşkili sahəsində 11 investisiya layihəsinin ilkin qiymətləndirməsi aparılıb.

Hadrut qəsəbəsinin sosial-iqtisadi inkişafının turizm aspektindən qiymətləndirməsi ilə bağlı hesabat hazırlanıb, turizm potensialının qiymətləndirilməsi istiqamətində Kəlbəcər rayonuna səfər təşkil olunub və səfər çərçivəsində Kəlbəcərin turizm potensialı ilə bağlı ilkin qiymətləndirmə həyata keçirilib.

Təqdim olunan hesabatlar İşçi Qrupunun üzvləri tərəfindən geniş müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.


Geri dön