Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Prezidenti: "Biz Türkiyə və Rusiyanın rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk"

Azərbaycan Prezidenti: "Biz Türkiyə və Rusiyanın rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk"


2-10-2021, 14:18. Yazar: Admin

Azərbaycan Prezidenti: "Biz Türkiyə və Rusiyanın rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk"

Müharibə zamanı Türkiyə lap başlanğıcdan bizə dəstək verdi. İndi isə, müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar. Bildiyiniz kimi, Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Beləliklə, artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır.

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində regionda yaranmış yeni reallıqlardan danışarkən söyləyib.

Azərbaycan ilə Ermənistan arasında güclər balansının hələ xeyli müddət əvvəl dəyişdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Biz öz potensialımızı, Ermənistanın potensialını bilirdik. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi”.

Prezident İlham Əliyev deyib ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın və Ermənistanın iki qonşusu kimi sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar: “Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir”.


Geri dön