2019-cu ildə İsrailin Yardım və İnkişaf Agentliyi ilə ABŞ-ın USAİD təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən beynəlxalq səviyyədə əməkdaşlığa dair razılığa gəlinib.
Qarabaginfo.az-nın xəbərinə görə, bu barədə Qubada səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Diplomatın sözlərinə görə, İsrail və ABŞ Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində - müsəlman dünyasında ən böyük yəhudi icmasının yaşadığı regionda da əməkdaşlıq edəcək.
Səfir qeyd edib ki, USAİD-lə birgə Qırmızı qəsəbədə yerləşən bir bina təmir ediləcək və ora Yəhudi Mədəniyyəti və İrsi Mərkəzinə çevriləcək: “Bu mərkəzi ziyarət edən hər kəs həqiqi yəhudi həyatı ilə tanış ola biləcək. Bu, bu ölkədəki yəhudilər və müsəlmanlar arasında tolerantlığı göstərmək üçün vacibdir”.