Ana Sayfa > Karusel / Qarabağ > Başlıbel faciəsi: Ermənilər onu işgəncə ilə öldürdülər
Başlıbel faciəsi: Ermənilər onu işgəncə ilə öldürdülər28-09-2021, 08:21. Yazar: Admin |
Regional İnsan Hüquqları və Media Mərkəzinin rəhbəri, Başlıbel sakini Xalid Kazımovun Axar.az-a müsahibəsi - Xalid bəy, Başlıbel kəndinin tarixi və işğala qədərki dövr haqqında məlumat verməyinizi istərdik... - Qədim yurd yerlərimizdən olan Başlıbel Kəlbəcər rayonunun çox qədim tarixə malik kəndlərindəndir. Kənd Dəlidağın ətəyində və iki çayın qovuşduğu yerdə salınıb. Kəndin ərazisi 7659 hektardır. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər Azərbaycan türkləri olub. Təəssüf ki, 1993-cü ilədək kəndimizin tarixi haqqında əsaslı tədqiqatlar, araşdırmalar aparılmayıb. Ancaq kənd ağsaqqallarının sözlərinə görə, Başlıbelin hazırki sakinlərinin babaları bu əraziyə XVII əsrdə məskunlaşıblar. Hətta kənd qəbiristanlığında 1660-cı ildə vəfat edən şəxsin məzarı 1993-cü ilədək qalırdı. Lakin kənddə göstərilən tarixdən də xeyli əvvəl yaşayışın olduğu haqqında müxtəlif tarixi mənbələrdə məlumatlar var. Bu sahədə geniş şəkildə və uzun müddətli bir araşdırmaya ehtiyac var. Keçən əsrin 80-ci illərində kənddə sakinlər üçün yeni evlər tikildiyi zaman 3-4 metr dərinliyində qəbirlər və gildən hazırlanan xüsusi qabların içərisində qədim insan skeletləri üzə çıxıb. Bundan başqa qəbirlərdə bəzək əşyaları, sikkələr də olub. Bu tarixi eksponatlar Kəlbəcər Diyarşünaslıq Muzeyinə təhvil verilib, lakin muzey düşmən tərəfindən qarət edilib. Kənddə 1790 nəfər insan yaşayıb. Kəndimizin sakinləri son anadək düşmənə qarşı müqavimət göstərib və 5 il mühasirə şəraitində yaşayıb. 1992-ci ilin yanvar ayından etibarən isə bütün Kəlbəcər rayonu və kəndimiz üçün vəziyyət daha da ağırlaşmağa başladı. Belə ki, rayonumuza 1 il 3 ay müddətində elektrik enerjisi verilmədi. Kənd sakinləri Kəlbəcərin müdafiəsi üçün qəhrəmanlıq göstərərək vuruşdular, 9 sakin döyüşlərdə şəhid olub, 4 nəfər isə sağlamlığını itirib. Kənd sakinlərindən itkin düşən 2 nəfərdən isə bugünədək heç bir məlumat yoxdur. Eyni zamanda kənd işğal olunanadək burada 323 fərdi yaşayış olub, 380 nəfər şagirdlik orta məktəb, bir uşaq bağçası, bir xəstəxana, 6 mağaza, 1 hamam, 1 çörək sexi, 1 klub, 1 mədəniyyət evi və 2 kitabxana fəaliyyət göstərib. Kənddə 25 yük avtomobili, 2 UAZ markalı avtomobil, 2 sərnişin avtobusu və digər texnikalar qalıb, sakinlərin bütün əmlakı, 4500 iribuynuzlu, 12 min xırdabuynuzlu heyvan, 100 minədək ev quşu, 700 arı ailəsi düşmən tərəfindən ələ keçirilib. - Başlıbeldə işğal günü nələr yaşandı? - Kəlbəcər işğal edildikdən sonra Başlıbel kəndi artıq mühasirədə idi. Bizim kəndimizdən Murovdağ istiqamətinə gedən yalnız bir avtomobil yolu var idi, o da “Tunel” deyilən ərazidən keçirdi. Martın 31-də Tunelin bağlandığı xəbəri gəldi, artıq aprelin 1-də kəndimizin sakinlərinin bir hissəsi kəndin ərazisini tərk edərək Tunel istiqamətində hərəkət etməyə başladı. Lakin yolun bağlı olduğunu gördükdən sonra kəndə qayıtdılar və dağ yolu ilə Murova tərəf yola düşdülər. Yaşlılar və kəndi tərk etmək istəməyənlər orada qaldılar. Bu şəxslər Kəlbəcərin işğal edildiyinə inana bilmədilər, lakin aprelin 5-də rayonun işğalı ilə bağlı rəsmi xəbər radioda verildikdən sonra kənddə qalan 62 nəfər dağlarda mağaralarda gizləndi. Laçında mühasirəyə düşən 4 nəfərlik ailə və 9 nəfər hərbçi də kəndimizə pənah gətirmişdi və onlar da həmin 62 nəfərə daxil idi. Onlar aprel ayının 18-dək orada gizlənə biliblər. 18 apreldə ermənilər mağaraların olduğu yerləri aşkar etdilər. Mağara ələ keçirilərkən 12 sakin ermənilər tərəfindən qətlə yetirilib. Qətlə yetirilənlərdən biri Laçın rayonundan gələn Əhliman kişi olub. Faciə zamanı qətlə yetirilənlərin biri də Zərdab rayonundan olan əsgər Vüqar Abdullayevdir. Vüqar Abdullayev mülki insanların qorunmasında böyük qəhrəmanlıq göstərib. Başlıbel kəndində öldürülənlər arasında ən yaşlı sakin yaşı 90-ı keçmiş Ələsgər kişi, azyaşlı sakin isə 6 yaşı olan Zövqiyyə Əhmədovadır. Bir də erməni terrorçularının əsir götürdüyü sakinlərimiz arasında hələ bir yaşı tamam olmamış körpə də olub. Bu il 3 sentyabrda qətlə yetirilən Başlıbel sakinlərinin nəşləri olduqları yerdən çıxarıldı, aparılan ekspertizadan sonra şəxsiyyətləri müəyyən edilərək yenidən əvvəlki yerlərindən dəfn olundular. Həmin ərazidən girov götürülənlərin sayı isə 14 nəfərdir. 14 nəfərdən bəziləri həmin ərazinin relyefindən istifadə edərək qaça bildilər. Erməni terrorçuları girovlardan biri olan İkinci Dünya Müharibəsi iştirakçısı Hüseyn kişini Başlıbel kəndinin mərkəzində “Klub” deyilən ərazidə diri-diri yandırıblar. Ermənilərin vəhşiliyini göstərən digər bir hadisəni də sizinlə paylaşmaq istəyirəm. Aprelin 5-də ermənilər kəndimizə daxil olarkən kənddə olan Qənaət Ağamirova işgəncə verərək onu güllələdilər. Qənaət Ağamirov həm də ruhi xəstə idi. 30 nəfər kənd sakini isə 110 gündən çox düşmən mühasirəsində qaldıqdan sonra Daşkəsən ərazisinə keçə bildilər. Başlıbel sakinləri yalnız kənd ərazisində qətlə yetirilməyib. Kəndi tərk edib Murovdağ istiqamətində hərəkət edən, lakin ora çata bilməyən bəzi sakinlər də erməni əsgərləri tərəfindən qətlə yetirilib. - Başlıbel faciəsinin ictimaiyyətə və dünyaya tanıdılması istiqamətində hansı işlər görülüb? - Hələ ötən əsrin 90-cı illərində Başlıbel faciəsi haqqında kitab və məqalələr yazılıb. Biz Regional İnsan Hüquqları və Media Mərkəzi olaraq ilk dəfə 2013-cü ildə şahidlərin dedikləri əsasında “Başlıbel Faciəsi. Erməni vəhşilikləri şahidlərin dili ilə” kitabını çap etdik. Bu kitabda göstərilən faktlar əsasında müvafiq istintaq hərəkətlərinin başladılması məqsədilə Baş Prokurorluğa müraciət olunub. Bayaq da qeyd etdiyim kimi sentyabrın 3-dən artıq Başlıbel faciəsi ilə bağlı kəndin ərazisində araşdırmalar aparılır. - Bəzən guya erməni qəbiristanlıqlarının, kilsələrin dağıdılması haqqında həqiqətə uyğun olmayan yalanlarla dolu sənədlər yayılır və ölkəmizə qarşı ikili standartlar tətbiq olunur. Bu haqda nə deyə bilərsiniz? - Azərbaycan belə ədalətsiz münasibətlə ilk dəfə qarşılaşmır. Həqiqəti bilmək və görmək istəyənlər əgər istəklərində səmimidirlərsə, gəlsinlər bizim kəndin qəbiristanlığa baxsınlar. Həqiqət ortadadır. İnanıram ki, faktlar üzərində ciddi işləmək və onları beynəlxalq məhkəmələrə göndərmək yolu ilə zaman keçdikcə qələbə qazanacıq.
Geri dön |