Ana Sayfa > Karusel / Siyasət > Dövlətə aid 3 maliyyə qurumu İnvestisiya Holdinqinin idarəetməsinə verilib

Dövlətə aid 3 maliyyə qurumu İnvestisiya Holdinqinin idarəetməsinə verilib


22-09-2021, 16:17. Yazar: Admin

 

Dövlətə aid 3 maliyyə qurumu İnvestisiya Holdinqinin idarəetməsinə verilib
İlham Əliyev

Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 7 avqust 2009-cu il tarixli və “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, fərmanda deyilir:

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə prezidentinin 5 noyabr 2020-ci il tarixli fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan ABB Holdinqin idarəetməsinə verilsin.

2. Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından iştiraketmə hüququ aşağıdakılara həvalə edilsin:

2.1. Prezidentə:

2.1.1. Bankın satılması, yenidən təşkili və ləğvi;

2.2. Prezidentlə razılaşdırmaqla, Holdinqə:

2.2.1. Bankın Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzifəyə seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.2.2. Bankın icra orqanının rəhbərinin vəzifəyə seçilməsi, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.2.3. müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

2.2.4. Bankın nizamnamə kapitalının artırılması və azaldılması barədə qərar qəbul edilməsi, səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi;

2.2.5. Bankın kənar auditorun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyə etdiyi illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul edilməsi;

2.2.6. Bankın nizamnaməsinin təsdiq edilməsi və onun dəyişdirilməsi;

2.2.7. Bankın törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və fəaliyyətlərinə xitam verilməsi, başqa bankın satın alınması barədə qərarlar qəbul edilməsi;

2.2.8. bu Fərmanın 2.1-ci və 3.2-ci bəndləri nəzərə alınmaqla, Mülki Məcəllə, “Banklar haqqında” qanun və Bankın nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətinə aid edilmiş digər məsələlərin həll edilməsi.

3. Müəyyən edilsin ki:

3.1. Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

3.2. Bankın Müşahidə Şurasının “Banklar haqqında” qanunun 24.1.2 – 24.1.6-cı, 24.1.7-ci (icra orqanının üzvlərinin, o cümlədən onun rəhbər müavinlərinin vəzifəyə seçilməsinə münasibətdə) və 25-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri vardır.

4. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Holdinq bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Bundan başqa, dövlət başçısı "Azər-Türk Bank” ASC-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə prezidentinin 5 noyabr 2020-ci il tarixli fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Azər-Türk Bank” ASC və "Azərsığorta", Holdinqin idarəetməsinə verilsin.

2. Holdinq:

2.1. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank”ın və "Azərsığorta"nın hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə prezidentə məlumat versin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra, onun nəticəsindən asılı olaraq, Azərbaycan Mərkəzi Bankı ilə birlikdə “Azər-Türk Bank”ın və "Azərsığorta"nın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Müəyyən edilsin ki, bu Sərəncamın 2.1-ci və 2.2-ci bəndləri icra olunanadək “Azər-Türk Bank”ın və "Azərsığorta"nın idarəetmə orqanları fəaliyyətini davam etdirsinlər.

4. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Geri dön