Ana Sayfa > Karusel / Siyasət > Türk general: Kimsə Bakıya barmaq silkələyə bilməz - Video
Türk general: Kimsə Bakıya barmaq silkələyə bilməz - Video22-09-2021, 14:51. Yazar: Admin |
Qarabağ zəfərinin 1-ci ili ərəfəsində olduğumuz bu günlərdə bölgədə yenidən bir hərəkətlənmə yaşanır. Azərbaycan və Türkiyənin güclənməsini istəməyən ünsürlərin, 10 noyabr bəyannaməsinə ayaq dirəyənlərin, eyni zamanda beynəlxalq aktorların və onların əlaltılarının vəziyyəti gərginləşdirmək yolu ilə hansısa mənfəətləri əldə etmək istədikləri müşahidə olunur. Qarabaginfo.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib. Generalın sözlərinə görə, Azərbaycanın Qafqazda regional bir güc kimi son dövrlərdə atdığı addımlar və Türkiyə-Azərbaycan birgə hərbi təlimləri bir çox qüvvələri narahat edib: “Hərbi güc milli gücün ən önəmli tərkib hissələrindən biridir. Eyni zamanda hərbi güc dövlətin siyasi gücünün nümayişidir. Son bir ayda Azərbaycan dövlətinin regional güc olaraq söz sahibi olması və yeni yaranan geosiyasi reallıq baxımından atdığı addımlar, ilk dəfə işğaldan azad edilən Qarabağ torpağında Türkiyə və Azərbaycanın birgə hərbi təlimi, ilk dəfə Azərbaycan, Pakistan və Türkiyənin Azərbaycanda beynəlxalq hərbi təlim keçirməsi, ilk dəfə Xəzər dənizində Türkiyə və Azərbaycanın təlim keçirməsi, Konya və Geliboluda keçirilən hərbi təlimlərdən sonra İstanbulda gerçəkləşdirən “Texnofest” çərçivəsində ölkələrimizin qırıcı təyyarələrinin Bosfor boğazı üzərində birgə uçuşu və digər fəaliyyətlər başda İran olmaqla, müəyyən dövlətləri qıcıqlandırır. Lakin əvvəllər də qeyd etdiyim kimi, Türkiyə və Azərbaycanın qardaşlıq münasibətləri hansısa üçüncü bir dövlətə qarşı yönəlməyib”. Yücel Karauz heç bir gücün və ya ölkənin Azərbaycanı təhdid edə bilməyəciyini qeyd edib: “İran baş verən son hadisələr fonunda öncə Ərdəbilin baş axundu vasitəsilə Azərbaycana siyasi bir mesaj vermək ehtiyacı hiss etdi və sərhədə yaxın ərazilərdə hərbi təlimlər keçirməyə başladı. Amma kimsə Azərbaycana barmaq sallaya, onu təhdid edə və istiqamət göstərə bilməz”. General bölgədə sülhün və sabitliyin bərqərar edilməsinin yeganə yolunun Altılıq Platforma çərçivəsində əməkdaşlıq olduğunu qeyd edib: “İkinci Qarabağ müharibəsi zamanı və sonra kritik və həssas məsələlərin, mərhələlərin bizi gözlədiyini qeyd etmişdik. Türkiyə və Azərbaycanın bu bölgədə müstəqilliklərini, qardaşlıq münasibətlərini qorumaq və inkişaf etmək üçün bir olmaqdan başqa yolu yoxdur. Bölgədə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülhün və sabitliyin təmin olunması üçün öncədən də Türkiyə və Azərbaycanın təklif etdiyi Altılıq Platforma və “qazan-qazandır” prinsipi çərçivəsində əməkdaşlıq mühiti formalaşdırılmalıdır. Bununla bərabər bölgədən kənarda olan aktorların buraya müdaxiləsi əngəllənməlidir”.
Geri dön |