Ana Sayfa > Karusel / Dünya > Lavrovla Şoyqu deputat mandatlarından imtina edəcək
Lavrovla Şoyqu deputat mandatlarından imtina edəcək20-09-2021, 13:07. Yazar: Admin |
Rusiyanın xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu öz deputat mandatlarından imtina edəcəklər. Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “İnterfaks” yayıb. Bildirilir ki, nazirlər təmsil etdikləri “Vahid Rusiya” partiyasının parlament seçkilərində qalib gəlməsindən sonra güman ki Dövlət Dumasında deputat mandatlarından imtina edəcəklər. Həmçinin mənbələrin məlumatına görə, “Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko da Dövlət Dumasına getməyəcək və deputat mandatını yalnızca uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova saxlayacaq. Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 90,3 %-inin hesablanmasına əsasən, “Vahid Rusiya” partiyası səslərin 49,65 %-ni toplayaraq hələ ki seçkilərə liderlik edir. Qeyd edək ki, Rusiyanın hakim “Vahid Rusiya” partiyasının iyun ayında keçirilən XX Qurultayında Dövlət Dumasına seçkilərdə federal siyahıya liderlərin beşliyi və namizədlərin siyahısı təsdiqlənib. Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə federal siyahıya müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova daxil edilmişdi.
Geri dön |