Ana Sayfa > Karusel / Region > “Paşinyanı həbsdən Putin xilas edib“
“Paşinyanı həbsdən Putin xilas edib“17-09-2021, 14:00. Yazar: Admin |
Qarabaginfo.az politoloq Zaur Məmmədovun “Yeni Sabah”-a müsahibəsini təqdim edir: - Zaur bəy, Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentdəki çıxışları zamanı Ermənistanın Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi əlaqələr qurmağa hazır olduğunu bildirir. Buna baxmayaraq, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, Milli Məclisin sədri Alen Simonyan hər dəfəsində “status” məsələlərindən dəm vururlar. Bu ikibaşlı açıqlamarın məqsədi nədir? - Ermənistan XİN Paşinyan hakimiyyətə gələndən dərhal sonra dövlət institutları içərisində hər zaman daha sərt bəyanatlar verən bir qrup kimi tanınııb. Bu gün də baxsaq görərik ki, Azərbaycan və Türkiyə ilə bağlı ən yumşaq fikirlər hakim partiyanı təmsil edən parlamentdəki deputatlar tərəfindən verilir, amma öz növbəsində hakim partiyanı təmsil edən XİN rəhbəri, hansı ki, vaxtiylə parlamentin spikeri olanda statusla bağlı çıxışlar etmirdi və yaxud da etdiyi çıxışlar sərt ritorikadan uzaq idi. Bu gün isə Ararat Mirzoyan sərt ritorikalarla çıxış edərək hər dəfəsində “status” məsələsini gündəmə gətirir. Görünən odur ki, bunun vasitəsiylə Ermənistan hakimiyyəti və Paşinyanın özü Azərbaycana qarşı ikili çıxışlar edir və ikibaşlı bəyanatlar verir. Bunu ona görə edirlər ki, daxili auaditoriya onu başa düşsün, eyni zamanda da Azərbaycanla münasibətlər bundan daha betər formada korlanma qistiqamətində getməsin. - Sülh müqaviləsi imzalanacağı təqdirdə, bu müqavilədə hansı vacib müddəalar əksini tapacaq? - Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mütləqdir. Çünki nə qədər tez sülh müqaviləsi imzalanarsa, o qədər də tez regionda gərginliyin azalmasının şahidi ola bilərik. Lakin məsələ burasındadır ki, sülh müqaviləsində nələr nəzərdə tutulacaq və bu müqavilədə Ermənistanın Qarabağla əlaqəli olan məsələsi həll ediləcək mi? Digər cümlələrin və ifadələrin də olması çox vacib amillərdən biridir. - Bu müqavilənin imzalanması indiki halda mümkündürmü? Rəsmi Bakı buna necə baxır? - Təbii ki, indiki halda hər iki ölkə arasında hərtərəfli sülh və münasibətlərin bərqərar olunmasını gözləmək olmaz. Çünki Ermənistanın havadarları Paşinyana nisbətən daha destruktiv mövqe ortaya qoyurlar və faktiki olaraq həm sərhəddə, həm də Qarabağın dağlıq hissəsində erməni hərbi birləşmələri vasitəsiylə və yaxud da öz digər təsir mexanizmlərindən istifadə edərək, Azərbaycanın siyasi hakimiyyətinə təzyiq etmək və Azərbaycandan müəyyən istəklərini qopartmaq üçün siyasi manevrlər edirlər. Təbii ki, İran və Rusiyadakı bəzi qüvvələr imkan verməzlər ki, indiki vəziyyətdə Ermənistan və Azərbaycan arasında münasibətlər bərqərar olsun. - Ermənistanla aparılan dialoqlarda Rusiyanı kənarlaşdırmaq və ikili görüşlər keçirmək mümkündür? - Ümumiyyətlə, Ermənistanla olan dialoqlar, fikrimcə, üçüncü tərəfin iştirakı olmadan daha effektiv olar. Son zamanlar mediada yayılan məlumatlarda deyilir ki, Azərbaycan və Rusiya yeni sənəd üzərində işləməkdədirlər və bu sənəddə çox vacib məsələlər öz əksini tapa bilər. Bu məsələlərdən biri də sərhədlərin delimitasiya və demarkasiyasıdır. Mən əminliklə deyə bilərəm ki, hər şey bizim xeyrimizədir və biz lazım olan yüksəkliklərdə artıq dayanmışıq. Bununla da Ermənistanı vadar etdik ki, tez bir zamanda demarkasiya və delimitasiyaya getsin.” - Azərbaycanın Ermənistana qarşı olan hərbi-siyasi pressinqi nə ilə nəticələnə bilər? - Azərbaycan hərbçilərinin son aylardakı fəallığı ilə yanaşı, Azərbaycanın Ermənistana həm hərbi, həm də siyasi pressinqi olmasaydı bu gün Nikol Paşinyan sərhədlərin təyin edilməsi məsələsində vaxt uzatmaqla məşğul ola bilərdi. Bu məsələlərdə bir qədər digər yollara əl ata bilərdilər, amma göründüyü kimi həm Gorus-Qafan yolunda Azərbaycanın artıq polis postunun olması, həm də Zod istiqamətində hərbçilərimizin yerləşməsi, təbii olaraq danışıqlarda da rəsmi Bakının mövqelərini daha güclü edən amillərdən biridir. - Ararat Mirzoyan, hakim partiyanın ən gənc kadrlarındna biridir. Onun Paşinyanın adamı olmasına baxmayaraq, baş nazirin siyasi ritorikasına zidd danışması Mirzoyanın artıq “beşinci kolon” və yaxud “Qarabağ klanı”-nın üzvü olmasıyla əlaqəli ola bilər? - Ararat Mirzoyanın Rusiyaya bağlı olması və “beşinci kolon”-a xidmət etməsi inandırıcı görünmür. Mirzoyan Paşinyanın təmsilçiləri içərisində ən qatı Rusiya əleyhdarıdır. O, Soros təşkilatlarıyla daim əlaqədə olan şəxsdir. Onlara Sorosun uşaqları deyirlər. Mirzoyanın 2018-2019-cu illərdə anti-Rusiya mitinqlərində də fəal şəkildə iştirak etməsi, həmin o mitinqlərə insanları və gəncləri cəlb etməsiylə bağlı məlumatlar da mövcuddur. Hətta o mitinqlərdə Ararat Mirzoyanın əlində anti-Putin şəkilləri də yer almışdı. Paşinyanın başqa, Mirzoyanın isə başqa açıqlamalar verməsi sadəcə olaraq Ermənistanın daxili auditoriyaya oynamasıdır. Eyni zamanda XİN vasitəsiylə guya ki, Azərbaycana müəyyən təsir mexanizmlərindən istifadə etməsiylə bağlıdır ki, Ermənistanın guya siyasi manevr imkanları var və s. - Paşinyan gah anti-Rusiya mövqeyindən çıxışları edir, gah da Azərbaycanla danışıqlarda Rusiyanın və ATƏT-in Minsk Qrupunun iştirakının vacibliyini vurğulayır. Buna səbəb nədir? - Bu məsələlərə o qədər də ciddi yanaşmaq lazım deyil. Ümumi götürdükdə Ermənistanda xarici və daxili siyasət kursu Paşinyanın özü və Ermənistana diktə edən qüvvələr, ən çox da Rusiya tərəfindən həyata keçirilir. İndi Nikol Paşinyanın əsas vəzifəsi müəyyən bir müddətdən sonra Ermənistanı Rusiyanın caynağından çıxartmaqdır. Bu gün o Rusiyanın bütün istəklərini yerinə yetirir. Çünki Ermənistanın, ən əsas da Paşinyanın başqa çıxış yolu yoxdur. Nə qədər paradoksal səslənsə də Rusiya prezidenti Vladimir Putin, Nikol Paşinyanı 44 günlük müharibədən sonra daxildəki həbsdən və müxalifətin hakimiyyətə gəlməsindən xilas etdi. Buna görə də Ermənistanın baş nazirinin Rusiya müəyyən bir borcu var və o borcu yerinə yetirəcək. Paşinyanın nə qədər müddətdən sonra o borcdan çıxacağı isə aydın deyil. Hər halda o öz geosiyasi manevr siyasətini həyata keçirəcəkdir. Paşinyanın Türkiyə və Azərbaycanla əlaqələrlə, Şurnuxu ilə bağlı dedikləri də onun göstəricisidir ki, digər siyasətçilərə baxarkən Paşinyan artıq bir qədər hadisələri digər erməni siyasi xadimlərinə nisbətən daha ayıq və stabil başa düşə bilir. Rafi Müslümov Geri dön |